Fövqəlnazir, Fəttah Heydərov və qəbələli qızın arzuları…

Deputat olaraq ondan bir umacağımız olmasa da, verdiyi həyat dərslərinə görə ağsaqqala çox borclandıq

Source:

Fövqəlnazirin Qəbələ sahibkarlığına son vaxtlar “uzaqlaşdırıldı”, “rayonu təhvil aldılar” kimi fatihə verənlərlə barəbər, onun yenilməzliyinə inananlar da az deyil. Başqa sözlə, Kamaləddin Heydərovun gəlişindən bəxti gətirənlər və gətirməyənlər var ki, sözügedən duruma hər tərəf öz mənfəətindən yanaşır. Ya ondan, ya bundan olmadığımıza görə dartışılan şəxsin süqutunda və yaxıd qayıdışında xüsusi marağımız yoxdur. Necə ki, bir loxma çörəyini bütlərdən və miflərdən uzaq daşdan çıxardan minlərlə qəbələlidən onun xəbəri yoxdur.

Son günlər Qəbələdə “telefonla danışırmış”, “stadionda görünüb”, “otelləri gəzirmiş” və sairə kimi xəbərlər gəzməsəydi, mövzuya toxunmayacaqdım. İndi ki, heydərovlarla bağlı məsələlər həllini tapıb, qoy mən də işimə başlayım. Lovğalıq olmasın, adamlar bölgənin hakimi-mütləqi olduğu bütün zamanlarda onların daimi “araşdırmaçısı” olmuşam. Bununla belə, vurulduqları ehtimal edilən dövrdə “ilham mənbəyim” olan heydərovların varlığını unutmağa çalışdım. Yəni, hakim zümrənin şəxsi intriqalarına züy tutmaq bizim kitabımızda yazılmayıb.

***

Fəttah Heydərov 1995-ci ilin parlament seçkilərinə Qəbələdən mandat alanda təqribən mənim və oğlunun indiki yaşımızdaydı. İndi mən də, deputatın nazir oğlu da öz səbəblərimizdən qocalmışıq. Artıq səksəni yola salmış deputat Heydərov isə maşallah, cavan və gümrah qalıb. Əlbəttə, dəfələrlə eyni oyunun baş rolunda olmaq istedad və bacarıqdan savayı həm də sağlamlıq tələb edir. Bu dəfələrin hərəsində yüz minlik əhalinin bircə layiqli nəfərini prosesə yaxın buraxmamaq var, inad edəni inadına əzdirmək var və ən əsası özünü qəbələlilərin ciddi-ciddi seçilmiş elçisi kimi göstərmək var. Belə ağır prosesi yola vermək üçün sərvət, səlahiyyət qədər stressdən və həyəcandan uzaq olmaq şərtdir ki, adam uzun illərdir buna ən uyğun müalicəvi yerdə – Milli Məclisdə istirahət edir. Ona da, bizə də yaraşanı budur, davamlı olsun.

Deputat olaraq ondan bir umacağımız olmasa da, verdiyi həyat dərslərinə görə ağsaqqala çox borclandıq. Mən məsələn, gəncliyimdə parlament seçkiləri zamanı gömrük nazirinin atası, Naxçıvanın Mədəniyyət naziri ilə eyni dairədən namizədliyimi verməyimin xəcalətindən indiyədək qurtula bilmirəm. Özüm cəhənnəm, mövcud hakimiyyətin ilk parlament seçkilərindən bəri Qəbələdən mandat almaqda davam edən Fəttah Heydərov o biabırçılığı unutmayıb. Çünki o uzaq illərdə olmayan ağlımla ayıb-ayıb seçki kampaniyası aparmışam. İki nazirin qarşısına bir sınıq qələmlə çıxaraq bərabər hüquqdan, sağlam rəqabətdən, vətəndaş haqlarından-zaddan dəm vurmuşam. O nə sərsəmlikmiş, ilahi? İllər keçdikcə dənsizliyimə görə utandığımdan yerin dibinə girmək istəyirəm.

Xatırlanması belə zor olan qələtlərimin əcrini nə qədər çəksəm, azdır. Kaş ki, düçar olduğum qəzadan sağ çıxmayaydım deməklə ölmək olmur. Əməllərimin müqabilində heç olmasa özümü bir qəşəng döyərdim, ona da gücüm qalmayıb. Yenə sağ olsunlar, oğlu görməzdən gəlsə də, atası mərhəmət edib həyatımı kabusa döndərməklə vicdanımı rahatladır. Müdrük ağsaqqalımızın cəza terapiyası sayəsində artıq neçə illərin ağrı-acısını hiss etmirəm. Əlimdən aldıqları yeganə varım-yoxum olan bir ovuc torpağımı da unutmuşam. Məhkum olunduğum qeyri-insani şəraitdə özümü fövqəlnazirin beşulduz otellərindəki kimi hiss etməyə başlamışam. Hətta arada “rəqqasələr gəlsin!” deməyim gəlir. Ömür-gün o qədər yoluna düşüb ki, hərdən YAP-a keçmək barədə düşünürəm.

Hər şey üçün sağ olun, möhtərəm ağsaqqal! Övladınız yaşda birinə göstərdiyiniz anlayışın əvəzini artıqlaması ilə alacağınıza adım kimi əminəm. Adım Nazlıdır, unutmamısız yəqin…

P.s. İstisnalar maraqlı olur deyə bu kiçik epizodu yazıram. O gün ümumi dostlarımızdan biri dərdləndi ki, hər şey bir yana, barı o cür istiqanlı Tofiqi məmur etməyəydilər…

Qəbələ üsul-idarəçiliyinin ana xətti olaraq yaxınlarını mühüm postlara yerləşdirən heydərovlar, o cümlədən çox yaxın qohumları Tofiq İbrahimovu bazarkomluqdan vergi idarəsinə, ordan da Qəbələyə başçı təyin etdirdilər. Həmin təyinatla bağlı o zaman özünün də, qəbələlilərin lətifəsinə çevrilmiş bir yazı yazmışdım: “Bazarkom Tofiqə vergi verildi”. Qəbələnin yenidən yığılmasında iştirak edəndən sonra adamı Lənkərana göndərdilər. Oradan sonra təyinat Ağdaşa dəyişildi və hələ davam edən başçılıq turunun harada, nə zaman bitəcəyi məlum deyil. Bütün hallarda ona bu gərgin prosesi geridə qoyub öz təbii azadlığına qovuşmasını arzulayırıq. Tanıyanlar bilir, Tofiq İbrahimov başçı olası adam deyildi. Allah qurtarsın.

Ana səhifəMənim FikrimcəFövqəlnazir, Fəttah Heydərov və qəbələli qızın arzuları…