Fövqəldövlətin süqutu

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

SSRİ-nin dağılmasına səbəb olan üç təzahür

2021-ci ilin dekabrında SSRİ-nin süqutunun 30 ili tamam olur. Həyatımın 45 ilini bu dövlətdə yaşamışam. Nə vaxtsa sovet vətəndaşı olmağımla fəxr etmişəm, nə vaxtsa bundan utanmışam, lakin bəşəriyyət tarixində nadir təcrübə olan “Yer üzündə ədalətli cəmiyyət quruculuğu” layihəsinin iştirakçısı kimi bu dövlətin süqutunu alim bitərəfliyi ilə təhlil və təsvir etməyə çalışmışam.

SSRİ süqutu artıq ehtiras doğurmayan adi tarixi hadisə kimi qavranılır. Lakin yenə soruşanlar var ki, “niyə belə oldu?”

Dəfələrlə yazmışam ki, dəniz suyunun şor olduğunu bilmək üçün bir vedrə və hətta bir stəkan dəniz suyunu içməyə ehtiyac yoxdur. Çeçələ barmağının ucunu dəniz suyuna batırıb dilinizə toxundursanız bilərsiniz ki, dəniz suyu şordur, insanın içməyinə yaramır. Eynilə də hər hansı dövlətdə hər hansı adiləşmiş təzahür barəsində düşünüb qəti qənaətə gəlmək mümkündür ki, “bu dövlət yaşamağa qadirdir, ya zavala uğrayacaq”.

Üç məşum təzahür barəsində danışacağam, qanan qansın, qanmayan su içsin.

1. Keçmişinə xor baxmayan, zatını danmayan dövlət dayanıqlı olur. Keçmişdəki hadisələr kiminsə xoşuna gələ bilər, kimisə qəzəbləndirə bilər, lakin keçmişə baxışda bir qayda əsas olmalıdır: bu keçmişin yaxşısı da, pisi də bizimdir, bizim keçmişimizdir. Keçmişə güllə atana gələcək mərmi atar. Keçmişini danan cəmiyyətin altı boş olar, söykənməyə dayaq tapmaz.

SSRİ nə vaxt laxlamağa başladı? Gədalar sovet keçmişinə şıllaq atmağa başlayanda, sovet quruluşunun düşmənləri sevindilər. Fövqəldövlətin süqutunun başlanğıcını mən “şəxsiyyətə pərəstişin ifşası” kampaniyasından hesablayardım.

Nikita Xruşşovun Stalini sovet tarixindən silmək cəhdindən sonra sovet ideologoyasının təməli çatladı və əyildi.

1960-cı illərin əvvəlləridir, mən yeniyetmə məktəbliyəm. Coğrafiya fənnini Ağarza müəllim aparır. Məktəbin partkomudur, Böyük Vətən müharibəsində alman faşizminə qarşı döyüşmüşdür. Bütün uşaqlar bilir ki, Ağarza müəllim gopçudur. Böyük vətənimizin və Avropa qitəsinin hansı guşəsi barədə dərs keçirdisə, mütləq əlavə edərdi ki, “mən məhz burada faşistlərə qarşı vuruşmuşam”. Şagirdlər dinməzdilər, lakin düşünərdilər ki, “yaxşı, dörd illik müharibə dövründə sən faşistlərə qarşı Leninqrad, Moskva, Şimali Qafqaz, Stalinqrad, Kursk, Kiyev, Minsk, Varşava, Praqa, Budapest, Buxarest, Vyana və Berlində döyüşmüsən, sən nə matah idin ki, sovet komandanlığı müharibənin bütün cəbhələrinə səni  sürüyüb gətirirdi?”

Xülasə, Ağarza müəllimin müharibə gopuna dinməz dözürdük, o da tədricən ruhlanıb sayıqlığını itirirdi. Stalinin ifşası kampaniyası genişlənəndə “Ağarza Stalinə qarşı” nağılını düzüb-qoşmağa başladı.  Ağzı sulana-sulana Stalinin məşuqələri barədə danışmağa başlayanda dözməyib əlimi qaldırdım. Sakit və nümunəvi şagird kimi tanındığımdan Ağarza müəllim mehribanlıqla dedi:

“Qalx ayağa, bala. Nə deyirsən?”

Qalxdım və sakit tərzdə dedim:

“Ağarza müəllim, sabah Xruşşov ifşa olunsa və Stalinin tərəfdarları qalib gəlsə, siz bilən, taleyiniz necə olacaq?”

Ağarza müəllim bunu gözləmirdi, cox qorxdu, dili topuq vurmağa başladı. Mənə baxdı, gördü ki, ona acıqlı və hikkə ilə baxıram, dava-mərəkəyə hazıram. Söz tapmadı desin, təkcə “Əyləş” deyib söhbətinin mövzusunu dəyişdi.

İndi mən düşünürəm: respublikaya rəhbərlik etmiş Kirovun heykəlini uçurdunuz, beyət etdiyiniz Marksın və Leninin heykəllərini uçurdunuz, Bakının inqilabi tarixinin nişanəsi olan gizli “Nina” mətbəəsini məhv etdiniz, maarifpərvər və xeyriyyəçi Məşədi Əzizbəyovun heykəlini də uçurdunuz, Stalinin və Vışinskinin yatdığı Bayıl qazamatını sökdünüz, 100 illik inqilabi sovet tariximizdən nə qaldı? Bu bolşevizm abidələri ilə heç olmasa Çin turistlərini cəlb edə bilərdiniz.

Hegelin “inkarın inkarı” qanununu inkar edəcəksiniz? Sovet keçmişini inkar edən AXC üzvlərini tarix və cəmiyyət necə inkar etdi, gördünüzmü?

ABŞ-da Corc Vaşinqtonun və Ceffersonun heykəllərini sökməyə başlayıblar. Xeyir ola?

2. Bombası, tankı-topu və raketi bol olan sovet xalqının dəbli istehlak mallarına ehtiyacı ödənmirdi. Sovet adamlarının əksəriyyəti dəbli mallara təşnə idi. İndi hər kəsin geydiyi, saya almadığı amerikan cins şalvarı 1960-cı illərdə Bakıda tək-tük adamda olardı, hamı da onlara həsədlə baxardı.

İkinci kursdayam, 25 manat əlaçı təqaüdünü alıb evimizə gəlirəm. Həyətdə məni qonşumuz Polad Məcnunbəyov saxlayır. Yaşca məndən böyükdür, farsovşikdir, yəni xarici turistlərdən mal və valyuta alır. İndiyədək məni tanımayıb, dindirməyib, lakin nə isə demək istəyir. Yanında yaraşıqlı bir rus xanımı durub.

Ayaq saxlayıb məndən yaşca böyük qonşumun sözünü eşitməyə hazır dayanıram. Hövsələsiz soruşur:

-Üstündə pul var?
Deyirəm:
-Bəli.
-Nə qədər?
-25 manat.
-Ver bura!
Dinməyib çıxarıb təqaüdümü məndən yaşca böyük qonşuma verirəm. Əlindəki paketi mənə verib deyir:
–       Sağlıqla gey!

Sonra sevincək rus xanımına “Ayda v İnturust” deyib gedir.

Pərt halda evimizə qalxıram, Poladın mənə verdiyi paketi gizlincə açıb görürəm ki, “Super Rifle” amerikan cins şalvarıdır!  Həqiqi! Amerikan! Cins şalvarı!

Geyinirəm əynimə, hiss edirəm ki, özümün özümə hörmətim artır.

Düzdür, anam məni məzəmmət etdi, dedi ki, “belə şalvarı adam arasında geymək ayıbdır”.

Müxtəsər, bir həftə mən universitet yoldaşlarımın, həyət qonşularımın, küçədən keçənlərin hədsiz maraq və həsəd hədəfi oluram.

Xoşbəxtlik cəmi bir həftə sürür. Torqovıda məni bir “stilyaqa” tanışım yanlayır və şalvarı ona verməyimi xahiş edir. Lakin necə? “Ölüm ayağının altında, istəyirsən, vur mənə şilləni, tüpür sifətimə, qoy ayağını başıma, bu şalvar üçün canımı verərəm sənə” və sairə və ilaxıra. Elə yalvarır ki, sanki indi kimsə İlham Əliyevə yalvarıb nazir olmaq istəyir. Həyatımda dözə bilmədiyim bir hal var ki, o da insanın insan qarşısında alçalmasıdır. Ha dedim ki, şalvar özümün xoşuma gəlir, satılıq deyil, qırsaqqız olub yapışdı məndən və zəif damarımı tutub alçalma silsiləsini zirvəyə qaldırdı.

“İstəyirsən, tüpür sifətimə!” “Yox, tüpürmək istəmirəm. Axı niyə sənin sifətinə tüpürüm”? “Onda vur məni”! “Yox, vurmaq da istəmirəm…”

Müxtəsər, tanışım alçalma dərəcələrini o həddə çatdırdı ki, mən dəxi dözməyib əl çəksin deyə razılaşdım, bir həyətin darvazasından içəri keçdik və şalvarlarımızı dəyişdik. Boy-buxunumuz eyni idi.

Tanışım dünyanın ən bəxtəvər insanı kimi özünü cəmi Torqıvı əhlinə göstərməyə yollandı, mən isə suyum süzülə-süzülə evimizə qayıtdım.

Anam yeni şalvarımı çox bəyəndi, dedi ki, “indi adam balasına oxşayırsan”.

Bir də cins şalvarı Misirdə işləyəndə ala bildim. Amma ləzzət vermədi.

İndi cins şalvara “dava paltarı”kimi baxıram, yəni işçi paltarıdır, sürücü də, kəndli də onu hər gün geyinir.
Sözümün canı odur ki, bütün sovet hakim siyasi sinfinin küt başına girmədi ki, sovet adamlarına bu cins şalvardan tikib versin, onun da diqqəti bu əlçatmaz Qərbdən dönüb yönəlsin daxildəki doğma məziyyətlərə.

İndi cins şalvarı Çin, Türkiyə, Banqladeş və Tailand tikib satır, nə sirdirsə, postsovet respublikalarında keyfiyyətli cins şalvar tikilməsi barədə xəbər rastıma çıxmayıb.

3.İşdə oturub yazı-pozumla məşğulam. Zəng çalır. Anam mənə tapşırıq verir:

Bacının ad günü gəlir. “Servelat” kolbasası tap.

Deyirəm “baş üstə”, özüm isə fikrə gedirəm ki, necə tapım? Bir xeyli fikirləşəndən sonra əsgərlik dostuma zəng edib qayğımı onunla bölüşürəm.

Dostum deyir: “Mənə yarım saat vaxt ver, görüm nə edə bilərəm”.

Bir saatdan sonra utana-utana dostuma zəng vururam, sevinclə deyir ki, məsələni həll edib: “Gedərsən Sirkdən bir az yuxarıda bir idarə var, arxa tərəfdə balaca qapısı var, döyərsən onu, açanda, deyərsən ki, Həsənin adamıyam, mənə bir palka “Servelat” lazımdır”.

Dediyi kimi edirəm, arxa qapıdan səkkiz manata “Servelat” kolbasası alıb sevinə-sevinə anama deyirəm ki, “tapşırığını yerinə yetirdim”.

Sovet dövründə bu partokratlar iqtisadiyyatı öz ideoloji qəliblərinə uyğun elə zorlayıb, elə eybəcər hala salmışdılar ki, ən adi ərzaq malları belə qıt olmuşdu.

Elə bilirsiniz ki, müasir Azərbaycanda vəziyyət fərqlidir? Neft pulları olmasaydı, fərsiz hakimiyyətimiz xalqımızı ac-yalavac qoyardı. Əhalinin əsas ərzaq məhsullarına tələbatı əsasən idxal hesabına ödənir.

Hakimiyyətin yeganə bildiyi iş isə Dövlət Neft Fondundan pulları oğurluq məqsədilə bivec aqrar parklara yönəltməkdir.

Müxtəsər, SSRİ öz rəhbərlərinin kütbeyinliyindən, iqtisadiyyatının səmərəsizliyindən çöküb dağıldı, fəqət xalqımız hələ də eyni tipli hədsiz səmərəsiz quruluşun əsiridir.

Ana səhifəMənim FikrimcəFövqəldövlətin süqutu