Fövqəladə və səlahiyyətli casus

Daha çox yayılan və Şevçenkonun öz kitabında da təsvir etdiyi versiya ondan ibarətdir ki, 1975-ci ildə BMT-də çalışan amerikalılardan birinə (kitabda adı çəkilməsə də onun ABŞ-ın BMT-dəki missiyasının rəhbəri Daniel Moynihen olduğu söğylənilir) öz istəyi ilə yaxınlaşır və ABŞ-da siyasi sığınacaq almaq istədiyini söyləyir

Foto: Meydan Tv

Diplomatın düşmən tərəfə keçməsi barədə iki versiya mövcuddur

1978-ci il aprelin 5-də bütün Qərb mətbuatının manşetə çıxardığı bir hadisə baş verdi. Sovet diplomatı, fövqəladə və səlahiyyətli səfir, BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Arkadi Şevçenko ABŞ-dan siyasi sığınacaq istədi. 1970-ci illərdə sovet kəşfiyyatçılarının, idmançılarının və incəsənət xadimlərinin Qərbdə qalması nadir hadisə deyildi. Nadir hallarda diplomat da olurdu, amma bu qədər yüksək ranqlı diplomat hələ Qərbə qaçmamışdı.

***

Arkadi Şevçenko 1930-cu ildə Donetsk vilayətinin Qorlovka şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1949-cu ildə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrindən birinə – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olur və 5 il sonra qırmızı diplomla bitirir. Burada onun karyerasında əsas rol oynayacaq hadisə baş verir: gələcək xarici işlər naziri Andrey Qromıkonun oğlu Anatoli ilə bir kursda oxuyur, onunla dostlaşır.

Doğrudur, həmin dövrdə dostunun atasının karyerası heç də rəvan getmirdi. O, 1952-ci ildə xarici işlər nazirinin birinci müavini vəzifəsindən çıxarılaraq Böyük Britaniyaya səfir göndərildi. Amma Stalinin ölümündən sonra yenidən əvvəlki vəzifəsinə bərpa edilir, 1957-ci ildə isə xarici işlər naziri olur.

Arkadi Şevçenko xeyli tez, 21 yaşında evlənir. Arvadı Leonqina da tələbə yoldaşı idi. O da əri ilə birlikdə tez-tez Qromıkonun evində olur və aradakı yaş fərqinə baxmayaraq, tezliklə nazirin arvadı Lidiyanın yaxın rəfiqəsinə çevrilir. Bu münasibət, eləcə də Lidiya Qromıkoya tez-tez verilən bahalı hədiyyələr Şevçenkonun karyerasında önəmli rol oynayır.

Şevçenko daha 2 il aspiranturada oxuyub namizədlik dissertasiyasının müdafiə edəndən sonra 1956-cı ildə Xarici İşlər Nazirliyində işləməyə başlayır. Elə həmin il sovet tarixinin önəmli hadisəsi baş verir. Kommunist partiyasının XX qurultayında Xruşşov “Şəxsiyyətə pərəstiş və onun fəsadları haqqında” adlı məruzə ilə çıxış edərək Stalin dövründə baş verən repressiyaları kəskin tənqid edir.

Şevçenko özünün “Moskva ilə üzlüşmə” kitabında yazırdı: “XX qurultayda Xruşşovun Stalini ifşa edən məxfi məruzəsi məni dərindən yaraladı, sovet sisteminə inamımı az qala dağıtdı… Mənim üçün müqəddəs olan nə vardısa – Stalinin dühası, partiyanın müdrikliyi və qüsursuzluğu, onun ölkə və xalqlar haqqında qayğısı, – hər şey yalan çıxdı. Stalin zamanı törədilən qəddarlıqları anlamaq çətin idi. İzah etmək isə lap çətin idi”.

O, 1958-ci ildə ilk dəfə Amerikada olur və BMT Baş Assambleyasının sessiyasında tərkisilah üzrə mütəxəssis kimi iştirak edir. Kitabında yazdığına görə iki ölkə arasında müqayisə aparır: “SSRİ-də hər şey ABŞ-da gördüyümün əksinə idi. Hər şey, ağızlar, qəzetlər, televiziya, ədəbiyyat, incəsənət, xaricə səyahət – sözün ən gerçək mənasında qıfıl altında idi. Əgər bizim fikirlərimiz rəsmi mövqedən fərqlənirdisə, onu gizlətməli olurduq. Xruşşov yüyəni yalnız boşaltmışdı, başqa heç nə”.

Şevçenko yetərincə savadlı və bacarıqlı idi, amma heç də bütün savadlı gənclərin karyerası sürətlə inkişaf etmir. Onun nazir oğlu ilə, arvadının isə nazir arvadı ilə dostluğu karyera yüksəlişində önəmli rol oynayır. XİN əməkdaşlarından biri yazırdı ki, Qromıkonun arvadı “ərinin nazirliyində kadrların yerləşdirilməsinə onilliklər boyu ciddi təsir göstərirdi. O, xüsusən xarici səfərlərdən qayıdanlardan müxtəlif hədiyyələr almağın möhkəm həvəskarı idi”.

Şevçenko təkcə Lidiya Qromıkonu deyil, öz həmkarlarını və xaricə gedən digər sovet rəsmilərini nəzərdə tutaraq yazırdı: “Onlar burjua həyat tərzini tənqid edirlər, halbuki elə onun həsrətindədirlər. İstehlakçılığı meşşan psixologiyasının təzahürü, Qərbin zərərli təsirinin nəticəsi kimi qınayırlar, amma dünyada ən çox elə Qərb mallarını və rifahını dəyərləndirirlər”.

Əri ilə tez-tez xarici səfərlərə gedən Leonqina və ya yaxınlarının çağırdıqları kimi, Lina öz rəfiqəsini yaddan çıxarmır, hər dəfə ona dəyərli hədiyyələr gətirir. Onun ticarət sahəsində işləyən və yaxşı maliyyə imkanları olan anası da sevimli kürəkəninin karyerasının uğurlu olması üçün xəsislik etmir.

Arkadi Şevçenko 1960-cı ildə daha bir dəfə Nyu-Yorka ezam olunur. 1962-ci ildə BMT-nin Cenevrədəki ofisində işləyir. Növbəti ildə isə yenidən Nyu-Yorka gedir, BMT-dəki daimi sovet nümayəndə heyətində yer alır. Onun bu təyinatı tam 7 il sürür. 1970-ci ildə geri çağrılaraq Qromıkonun məsləhətçisi təyin olunur.

Üç il sonra isə 43 yaşlı diplomat BMT Baş katibinin siyasi məsələlər üzrə müavini təyin olunur. Oğlu xatırlayır ki, bu təyinata görə anası Qromıkonun arvadına 56 brilyant daşı olan yaxa sancağı bağışlayıb. Şevçenkoya, üstəlik, fövqəladə və səlahiyyətli səfir rütbəsi verilir. Deyilənlərə görə, o, bu ali diplomatik dərəcəni ən gənc yaşda alan adam idi.

Şevçenko cütlüyünün maddi vəziyyətilə bağlı hər şey qaydasında idi. Moskvanın mərkəzində dördotaqlı mənzil, paytaxtın yaxınlığındakı Malaxovka kəndində bağ evi almışdılar. Evliliklərinin ilk ilində anadan olan oğlu Gennadi də MDBMİ-də təhsil alırdı, qızları Anna isə onlarla Nyu-Yorka gedərək orta təhsilini davam etdirəcəkdi.

SSRİ qanunlarına görə, hər hansı xarici ölkədə işləyən sovet vətəndaşı həmin ölkədəki sovet səfirindən çox maaş ala bilməzdi. Buna görə də Şevçenko BMT Baş katibinin müavini kimi aldğı yüksək maaşın bir hissəsini dövlətə ödəməli olurdu. Amma yerdə qalan maaş da sovet normalarına görə az deyildi. Üstəlik, gələcəklə bağlı hər şey çəhrayı rəngdə görünürdü.

***

Gözəl perspektivləri olan, hətta xarici işlər naziri vəzifəsini tutması istisna edilməyən diplomatın düşmən tərəfə keçməsi barədə iki versiya mövcuddur. Bunlardan biri uzun müddət sovet hakimiyyət kuluarlarında səsləndirilib və guya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Şevçenkonu bir qadınla yataq görüntüləri əsasında şantaj edilməsi haqqındadır. Amma amerikalılar bir müddət sonra belə əməliyyatlar haqqında məlumatları adətən açıqlayırlar. Şevçenko ilə bağlı hadisədən yarım əsrə yaxın vaxt keçsə də, qadın versiyası qətiyyətlə inkar olunur.

Daha çox yayılan və Şevçenkonun öz kitabında da təsvir etdiyi versiya ondan ibarətdir ki, 1975-ci ildə BMT-də çalışan amerikalılardan birinə (kitabda adı çəkilməsə də onun ABŞ-ın BMT-dəki missiyasının rəhbəri Daniel Moynihen olduğu söğylənilir) öz istəyi ilə yaxınlaşır və ABŞ-da siyasi sığınacaq almaq istədiyini söyləyir.

Həmin amerikalı eşitdiyinə çox təəccüblənsə də bu xəbəri Amerika hökumətinə çatdırmağı öhdəsinə götürür. Amma bir neçə həftədən sonra Şevçenko ilə hökumət nümayəndəsi deyil, MKİ agenti görüşür. Amerikalılar SSRİ-nin az qala bütün diplomatik sirlərindən xəbərdar olan belə bir adamın siyasi sığınacaq almasındansa, casus kimi fəaliyyət göstərməsində maraqlı idilər.

Şevçenkonun planlarında isə casusluq yox idi. Amma amerikalıların təklif kimi səsləndirdikləri, əslində siyasi sığınacaq üçün şərt olan casusluğu qəbul etməli olur. Üç il ərzində o, amerikalıları Kremlin diplomatik sirlərindən, danışıqlar zamanı tutacaqları mövqedən, edə biləcəkləri güzəştlərdən xəbərdar edir. Hətta bəzən diplomatiyaya aid olmayan, amma ona etibar edən adamların danışdığı hərbi sirlərlə də bölüşür. Onun məlumatları ABŞ-da sovetin xeyrinə casusluq edən bir neçə nəfəri ifşa etməyə də kömək edir.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Nyu-Yorkdakı rezidenti Yuri Drozdov bir müddət sonra Şevçenkodan şübhələnməyə başlayır. Buna da əsas səbəb diplomatın maaşının imkan vermədiyi qədər dəbdəbəli həyat sürməsi olur. Amma Moskvadan gələn cavablarda Şevçenkonun Qromıkonun az qala ailə üzvü olduğu söylənilir və ittihamlarını durdurmaq tələb olunur.

Bu illərdə Qromıko sadəcə nazir deyildi. Sovet rəhbəri Brejnevin səhhətinin 1970-ci illərin ortalarında pisləşməsi üzündən SSRİ-də hakimiyyət onun, müdafiə naziri Dmitri Ustinovun və DTK sədri Yuri Andropovun daxil olduğu üçlüyün əlində cəmlənir. Belə qüdrətli triumvurat üzvünün himayəsi altında olan şəxsi ittiham etmək asan deyildi.

Üstəlik, Drozdovun rəisi olan Andropov Brejnevdən sonra hakimiyyətə gəlmək haqqında düşünürdü və bu yöndə Qromıkonun dəstəyinə böyük ümid bəsləyirdi. Şevçenkoya qarşı ittiham isə bu münasibətləri korlaya və onun Baş katib arzularının üzərindən xətt çəkə bilərdi. Beləcə, siyasi hesablamalar vəzifə borcuna üstün gəldi.

Amma Drozdov öz rəisindən fərqli olaraq daha prinsipial davranır, vəzifə borcunu yerinə yetirir və qüdrətli Qromıkonun kadrını ittiham etməkdən çəkinmirdi. Onun bu israrı 1978-ci ilin martında bəhrəsini verir, Şevçenkonu tərkisilah üzrə BMT-nin yaxınlaşan xüsusi sessiyası, eləcə də bəzi başqa məsələlərlə bağlı müşavirədə iştirak üçün Moskvaya çağırırlar.

1shev.jpg
Arkadi Şevçenko

Bu zaman Şevçenkonu nədəsə ittiham etmək, sorğu-suala tutmaq planlaşdırılmırdı. Hesab sadə idi. Əgər diplomat Moskvaya gələrdisə, deməli günahsızdır. Yox, əgər həqiqətən casusdursa, qayıtmaqdan imtina edəcək.

Teleqramı alan Şevçenko tərəddüd keçirir. Ehtimal edir ki, casusluğu aşkar ola bilər və Moskvada onu həbs gözləyir. Gedib-getməmək haqqında düşünərkən təsadüfən Nyu-Yorkda olan XİN məmuru, ailə dostu Gennadi Staşevski ilə qarşılaşır və həmsöhbəti Moskvada heç bir müşavirə planlaşdırılmadığını söyləyir. Şevçenko əmin olur ki, çağırış tələdən başqa bir şey deyil.

Təcili amerikalılarla əlaqə saxlayan diplomat vəziyyəti danışır və siyasi sığınacaq istəyir. Belə məlumat mənbəyini itirmək amerikalıların ürəyincə deyildi, amma anlayırlar ki, Şevçenkonun dediklərində həqiqət var: Moskvaya getmək risklidir, getmədiyi halda isə daha məlumat mənbəyi olmayacaq.

***

Leonqina ərinin casus fəaliyyətindən xəbərdar deyildi. Şevçenko hesab edirdi ki, arvadı onun fikirlərini heç vaxt bölüşməyəcək. Qaçan gün də, daha doğrusu, gecə də Şevçenko ona bir söz deməyə cəsarət etmədi. Arvadı yuxuya gedəndən sonra bir kağız yazdı, addımından xəbərdar etdi və özünə qoşulmağı təklif edərək evdən çıxdı.

Yazı Leonqina üçün tamamilə gözlənilməz oldu. O, ərinin belə bir addım atdığına heç cür inanmır və buna görə də Gennadi Staşevskiyə zəng edir. Staşevski də dostunun oğurlandığını və məktubu diktə altında yazdığını düşünür. Hərçənd, amerikalıların BMT Baş katibinin müavinini oğurlamaq kimi axmaqlığı edəcəkləri ağlabatan deyildi. Staşevski Linanı da götürərək sovet missiyasının iqamətgahına gəlir. Bir qədər sonra isə hər şey aydınlaşır və Leonqina Moskvaya gətirilir.

Sovet təhlükəsizlik qaydaları bir ailənin iki üzvünün eyni zamanda xaricdə vəzifə tutmasına yol vermirdi, amma Qromıko ilə yaxınlıq Şevçenko ailəsi üçün imtiyaz yaratmışdı. Onun oğlu Gennadi də BMT-nin Cenevrədəki ofisində sovet missiyasında çalışırdı. Atasının qaçışı təsdiqlənən kimi oğlu Moskvaya çağrıldı.

Gennadinin atasının xəyanətindən hələ xəbəri yox idi. Amma hər ehtimala görə, yolda qaçmaması üçün hərbi kəşfiyyat zabiti Vladimir Rezun ona təhkim olunmuşdu. Rezun oğul Şevçenkonu Moskvada təhvil verərək Cenevrəyə qayıtdı və iki ay sonra özü də İngiltərəyə qaçdı. Hazırda Viktor Suvorov təxəllüsü ilə tarixi mövzuda əsərləri ilə məşhurdur.

***

Leonqina Şevçenko ərinin qaçışından bir ay sonra, mayın 8-də çoxlu yuxu dərmanı içərək intihar etdi. Bu addımının səbəbi nə idi, öz ölkəsinə sədaqətmi, sovet elitasına girişin bir addımlığında ikən xain arvadına çevrilməsimi, yoxsa tərk edilən qadın acısımı, söyləmək çətindir. Onların oğulları Gennadinin də diplomatik karyerası sona çatdı. Keçmiş diplomat özü isə SSRİ-də qiyabi mühakimə olundu və “vətənə xəyanət” ittihamı ölüm cəzasına məhkum edildi.

Baş verən hadisə adi halda həm xarici işlər nazirinin, həm də DTK sədrinin istefasına səbəb olmalı idi. Brejnev DTK sədri postunda Andropovun sələfi Semiçastnını işdən çıxaranda Stalinin qızı Svetlananın Hindistandan qayıtmamasını və ABŞ-dan siyasi sığınacaq istəməsini bəhanə etmişdi. Halbuki Svetlana bir neçə il casusluq etməmiş və Qərbdə qalacağını proqnozlaşdırmaq üçün əsas verməmişdi. Amma məsuliyyət daşımalı olan bu iki nəfər hakim triumviratın üzvləri idilər və başqalarından tələb etdikləri “kommunist prinsipiallığı”nı özlərinin nümayiş etdirmək fikirləri yox idi.

Arkadi Şevçenko arvadının ölümündən 7 ay sonra, dekabrda Eleyn adlı junalistlə yeni ailə qurdu. 1985-ci ildə “Moskva ilə üzlüşmə” kitabı çıxdı. Kitab bestsellerə, müəllifi də milyonçuya çevrildi. Amma 1990-cı ildə Eleynin xərçəngdən ölümü Şevçenkonun həyatını dəyişdi.

Üçüncü arvadı özündən 23 yaş kiçik, Rusiyadan yenicə gəlmiş Natalya Osinina adlı qadın idi. İlk iki nikahda xoşbəxt olan keçmiş diplomatın üçüncü nikahı uğursuz oldu və cütlük 1996-cı ildə ayrıldı. Şevçenko son illərini sərxoşluqla keçirdi və 1998-ci ildə sirroz xəstəliyindən vəfat etdi.

Ana səhifəXəbərlərFövqəladə və səlahiyyətli casus