İddialara görə, gənclərin saxlanmasına səbəb heykəlin yanından keçmələridir
Mayın 25-də səhər saatlarında bir neçə polis fotoreportyor Elnur Muxtarın yaşadığı mənzilə gələrək, onu özləri ilə aparıblar. Bu zaman evə baxış keçirilib, Elnur Muxtara məxsus fotokamera və noutbuk götürülüb.
Faktı Meydan TV-yə fotojurnalistin yaxınları təsdiqləyiblər.
Onun 7-ci polis bölməsinə aparıldığı bildirilir. Faktla bağlı DİN-in mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən Meydan TV-yə verilən məlumata görə, Elnur Muxtar Amid Süleymanovla birgə Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Deyilənlərə görə, onlar Heydər Əliyevin heykəlinin üzəri yazılan gün həmin ərazidən keçiblər və dayanıb heykəlin üzərində yazılmış “Qul bayramınız mübarək” sözlərini oxuyublar. Həmin an ərazidəki kameralarda görüntülənib. Bu səbəbdən də onlar saxlanılıb.
Məlum hadisə ilə bağlı Qiyas İbrahimov və Bayram Məmmədov həbs ediliblər.