”Formula 1 rəhbərliyi Azərbaycanda insan haqlarının vəziyyətindən danışmalıdır”

Azərbaycanda insan haqlarının bərbad vəziyyətinə diqqət çəkmək məqsədilə yaradılmış “İdman İnsan Haqları üçün” təşkilatı Bernie Ecclestone-un Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı mövqe bildirməsini istəyib.

Source:
Formula-1 rəhbəri Bernie Ecclestone
Formula-1 rəhbəri Bernie Ecclestone

“The Guardian” yazır ki, iyunun 19-da Bakıda keçiriləcək Grand Prix ərəfəsində Formula 1-ə Azərbaycanda insan haqlarının vəziyyətinə dair səsini ucaltmaqla “öz imicini yaxşılaşdırması” çağırışı edilib.

Azərbaycanda insan haqlarının bərbad vəziyyətinə diqqət çəkmək məqsədilə yaradılmış “İdman İnsan Haqları üçün” təşkilatı Bernie Ecclestone-un Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı mövqe bildirməsini istəyib.

“Biz Formula 1-in rəhbəri Bernie Ecclestone-u Azərbaycanda insan haqları ilə bağlı məsələlər barədə fikir bildirməyə və siyasi məhbusların azadlığa buraxılmasını istəməyə çağırmışıq, – deyib kampaniyaçı qrupun əlaqələndiricisi Rebecca Vincent, – Biz ona açıq məktub yazmışıq, lakin hələlik açıq cavab olmayıb”.

“Cənab Ecclestone həqiqətən də xeyirxahlıq edə biləcək məqamdadır. Bu yalnız mənfəət götürüb korrupsiyalı adamlara köməklik göstərməkdənsə, Formula 1-in imicini yaxşılaşdırmaq və Azərbaycan xalqına kömək etmək imkanıdır” – deyib Vincent. Bununla yanaşı, Biznes və İnsan Haqları Resurs Mərkəzinin icraçı direktoru Phil Bloomer tərəfindən dəstəklənən Vincent bildirib ki, onlar heç də Bakının Formula 1 təqvimindən çıxarılmasını tələb etmirlər.

O deyib: “Biz onları yarışı ləğv etməyə, adamları isə yarışa tamaşa etməməyə çağırmırıq. Biz cənab Ecclestone-dan repressiyalara rəvac vermək əvəzinə onlara qarşı aydın mövqe tutmağa çağırırıq. O, ötən il demişdi ki, Azərbaycanda böyük insan haqları problemi yoxdur və adamlar xoşbəxt görünürlər. Beşcə dəqiqə Google-a baxmaq kifayətdir ki, nələrin baş verdiyi aydın olsun”.

“The Guardian” yazır ki, Vincent və kampaniya qrupunun nümayəndələri Formula 1-in London ofisində olmuş, təşkilatın iki vəzifəli rəsmisi ilə görüş keçirimişlər. Danışıqların bu ilin sonlarında davam etdirilməsi barədə razılıq əldə olunub.


Oxuma, Iglesias

İdman İnsan Haqları üçün kampaniya qrupu həmçinin pop ulduzlıarı Pharrell Williams, Enrique Iglesias və Chris Brown-un nümayəndələri ilə görüşmüş və bu müğənniləri həftəsonu Grand Prix açılışındakı çıxışlarını ləğv etməyə çağırmışlar. Onlardan da hələlik heç bir cavab alınmayıb.

Cənab Bloomer Formula 1-in insan haqlarına dair siyasət formalaşdırmasını təqdir edib və bildirib ki, təşkilat bu sadə siyasətin həyata keçirilməsinə çalışmalıdır. Onun sözlərinə görə, bir çox qurumların belə siyasətə malik olmalarına baxmayaraq, onlardan bir çoxları üçün bütün bunlar kağız üstündə qalır.

Bloomer-in sözlərinə görə, Bernie Ecclestone-un indiyədək tutduğu mövqe məhz belə yanaşmanı nümayiş etdirir.

“The Guardian” yazır ki, insan haqları kampaniyasının Londonda keçirilən konfransında “F1 Bakı Grand Prix yarışını işıqlandıran müxbirlər nəyi bilməlidirlər?” adlı məlumat kitabçası paylanıb. Bu kitabçada Formula 1 yarışının keçirildiyi ölkədə insan haqları fəallarının, jurnalist və blogerlərin vəziyyəti barədə məlumatlar verilir.


Tənqidin dezinfeksiyası

Phil Bloomer deyib ki, Azərbaycan ötən il Avropa oyunlarına sahiblik edib və bu kimi çox bahalı şöhrətpərəstlik layihələrindən dezinfeksiya və müasir iqtisadiyyat imici yaradılması üçün istifadə edilir.

Bloomer yada salır ki, Bəhreyndə Formula 1 yarışları gedərkən küçələrdə etiraz edən insanları döyür və həbsxanaya atırdılar. Bloomer bunu da xatırladıb ki, böyük idman tədbirlərinin sponsorlarının da səbir kasası daşmaqdadır.

Onun sözlərinə görə, sponsorlar yarışların repressiv dövlətlərdə keçirilməsindən cana yığılıblar. Məsələn onlar bildirmişdilər ki, eybəcər, çirkli, zəhərli FİFA brendi ilə əlaqələndirilmək istəmirlər.

Bloomer-in fikrincə məhz sponsorların narazılığı təşkilatçıları hərəkətə gətirə bilər. “The Guardian” yazır ki, Ecclestone çərşənbə axşamı onunla əlaqə yaratmaq cəhdlərinə cavab verməyib, lakin Londondakı Azərbaycan səfirliyi dialoqa açıq olduğunu bildirib.

Bununla yanaşı, səfrilik müğənnilərin çıxış etməməyə çağrılmasının yaxşı bir ideya olmadığını deyib. “Yəni bütün idman tədbirləri ləkəsiz Qərb demokratiyalarında keçirilməlidir?” – deyə irad tutub səfirliyin sözçüsü.


Knightsbridge görüşü

“The Daily Telegraph” qəzetində Formula 1 müxbiri Daniel Johnson isə Bakı yarışı ilə bağlı insan haqları kampaniyasının bir sıra yeni təfərrüatlarını açıqlayıb.

Müxbir yazır ki, İdman İnsan Haqları üçün kampaniyasının Londonun Knightsbridge ərazisindəki ofisində keçirilmiş görüşdə Bernie Ecclestone şəxsən iştirak etməsə də, kampaniyaçıları qurumun hüquqşünası və Ecclestone-un yaxın adamı Sacha Woodward-Hill və başqa bir müşavir qəbul edib.

“The Telegraph” yada salır ki, Human Rights Watch təşkilatının 2015-ci il üçün hesabatına görə keçmiş sovet respublikası Azərbaycanda onsuz da bərbad vəziyyətdə olan insan haqlarının vəziyyəti son illərdə daha da pisləşib.


Birinci və axırıncı ola bilər

Məqalədə deyilir ki, Formula 1 ötən il “İnsan Haqlarına Hörmətə Sadiqlik Bəyannaməsi” adlı sənəd qəbul edib, lakin Ecclestone-un Azərbaycanda heç bir insan haqları problemi olmadığını dilə gətirməsi insan haqları fəallarını hiddətləndirib.

Keçmiş ABŞ diplomatı və insan haqları müdafiəçisi Rebecca Vincent deyib ki, Ecclestone-un belə bəyanatlar verməsini təbii qarşılayır. Lakin o əlavə edib ki, kampaniyaçılar onu mövqe bildirməyə çağırmaqda davam edəcəklər.

“The Telegraph” müxbiri yazır ki, beynəlxalq qurumlar bu il 16 insan haqları fəalının həbsxanadan buraxılmasını alqışlasalar da, onlar barədə ədalətin hələ də bərpa olunmadığını söyləyirlər.

Məqalədə deyilir ki, Azərbaycanın Formula 1 yarışını qonaqlamaq şərəfi üçün 36 milyon dollar ödədiyi barədə məlumatlar verilib. Bu yarışın 10 il müddətində Azərbaycanda keçirilməsi planlaşdırılıb.

“Lakin neft qiymətlərinin dramatik enişi ilə əlaqədar çabalayan iqtisadiyyat şəraitində hazırkı yarışın yeganə tədbir olmayacağına şübhələr vardır” – yazır “The Telegraph”.


Təyyarə sərnişinlərinin bilmədikləri…

“The İndependent” qəzeti bu sayında da özünün “sərnişinlərin təyyarələr haqqında bilmədikləri” rubrikasını yeni məlumatlarla davam etdirib. Qəzet bu məlumatların “uçuşlarda bişmiş” keçmiş heyət üzvlərindən alındığını iddia edir.


Uçuşdan qorxanların nəzərinə

Məqalədə deyilir ki, uçuşdan qorxan sərnişinlər hər hansı təhlükəsizlik problemlərindən xəbərsiz qalacaqlarından narahat olmamalıdırlar.

Təyyarənin uçuşu ilə bağlı texniki problemlər yarananda kapitan və bələdçilər bunu açıq şəkidlə elan edirlər. Yəni pilotlar da daxil, heç kəs ölmək istəmir.


Açıq qapıların ziyanı

Daha sonra bildirilir ki, yəqin bir çox sərnişinlər stüardessaların hamını yerbəyer etməyə tələsdiklərinin daim şahidi olurlar. Bunun öz səbəbi var. Qaydalara görə hava şirkəti stüardessaların ödənişli iş vaxtı olaraq yalnız qapıların bağlı olduğu müddəti hesablayır.

Bu isə o deməkdir ki, stüardessa 13 saat da işdə ola bilər, lakin o yalnız 5 saatın məvacibini alacaq. Əgər uçuş sizə görə ləngiyirsə, stüardessaların üzündəki əsəbi təbəssümün mənasını başa düşməlisiniz.


Nə birincisiniz, nə də axırıncı

Keçmiş hava bələdçisi Fatihah Sudewo-nun verdiyi məlumata görə uçuş vaxtı sizə verilən adyal və balışlar sizdən əvvəl də istifadədə olmuş ola bilər.

Bu xüsusilə də ucuz biletlərlə uçuş təklif edən hava şirklətlərinin təyyarələrində baş verir. Yəni hər bir uçuş başa çatdıqdan sonra sərnişinlərdən yığılmış adyalları yenidən qatlayır və növbəti uçuşda üşüyənlərə paylayırlar. Başqa bir stüardessa isə məsləhət görür ki, açılmamış paketin içində olan adyal və balışları istəyəsiniz.


Pürrəngi təyyarə çayı?

Təyyarədə verilən çay və qəhvə barədə də xoşagəlməz xəbərlər var. Keçmiş hava bələdçiləri deyirlər ki, təyyarədə paylanan çay və qəhvələr üçün suyu təyyarənin qarnında yerləşən su çənindən götürürlər. Bu çənlər isə demək olar heç vaxt təmizlənmir. Odur ki, işbilənlər bağlı butılkada olan sudan istifadə etməyi məsləhət görürlər.


Siz tualetdə ikən…

Sizin ayaqyoluna vaxtsız gedişiniz təyyarənin gecikməsinə səbəb ola bilər. Məsələn əgər siz təyyarənin enişinə müəyyən vaxt qalanda tualetə getmisinizsə və orada ləngiyirsinizsə, bələdçilər bu barədə kapitana xəbər verirlər.

O isə siz qayıdıb yerinizə gələnədək müəyyən eşelonda dövrə vurur və bu zaman onun yerini başqa bir təyyarə də tuta bilər.


Kapitanın payından…

Hə, bir də yemək barədə. Bilin ki, ekipajın yeməyi sizinkindən fərqli və daha yaxşı olur.

Ekipajın xörəklərinə adətən təzə meyvə, çərəz və bəzi içkilər də əlavə edilir.

Bəzi təyyarələrdə buna “kapitan menyusu” da deyirlər.

Mənbə: BBC Azəri

Ana səhifəXəbərlər”Formula 1 rəhbərliyi Azərbaycanda insan haqlarının vəziyyətindən danışmalıdır”