”Yarışlarla bağlı konsertlərə dünya ulduzlarının dəvət olunması gözlənilir”
Bakıda keçiriləcək Formula 1 yarışlarına 40-dan çox ölkədən bilet alınıb. Bu barədə “Trend”ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Bildirib ki, hər şey plana uyğun gedir:
“Tikinti işləri bu aydan başlayacaq. Təbliğat işləri davam edir. Bilet satışı ilə bağlı ilk kampaniya 31 yanvarda sona yetdi. Nəticələrdən razıyıq, gözləntilərimiz özünü doğrultdu. Dünyanın 40-dan çox ölkəsindən biletlər alınıb. Ən çox maraq göstərənlər Rusiya, Böyük Britaniya, Avropa və ərəb ölkələridir”.
Nigar Arpadarai əlavə edib ki, bu dəfə də yarışlarla bağlı konsertlərə dünya ulduzlarının dəvət olunması gözlənilir:
“Üç konsert proqramının təşkil olunması nəzərdə tutulur. Konsert proqramlarında dünya ulduzlarının da iştirak etməsi gözlənilir. Hazırda bununla bağlı danışıqlar gedir, razılıq əldə olunduqdan sonra onların adları ictimaiyyətə açıqlanacaq”.
5 il boyunca Azərbaycanda keçiriləcək Formula 1 yarışına ötən il xərclənən rəsmi vəsait açıqlanmadı. Gənclər və idman naziri Azad Rəhimov təkcə onu dedi ki, Avropa Qran Prisi məqsədilə nəzərdə tutulan yollarda təmir işləri üçün 12 milyon manat ayrılıb.