Azərbaycan bu il dünyanın ən bahalı və ən çox baxılan idman yarışlarından biri – “Formula 1”-in Avropa Qran prisinə ev sahibliyi edəcək. Kifayət qədər prestijli və xüsusi standartları olan oyuna hazırlıq hələ bir neçə ay əvvəldən yolların yenidən asfaltlanması ilə başlayıb. Bəs “Formula 1” nədir? Bu yarış ölkəmizdə niyə keçirilir? Onun təşkil olunmasına nə qədər pul xərclənəcək? Bu suallara aydınlıq gətirməyə çalışacağıq.
“Formula 1” yarışları Beynəlxalq Avtomobil Federasiyasının (Fédération Internationale de l’Automobile (FIA)) təşkilatçılığı ilə keçirilən və dünyanın ən bahalı idman növlərindən biri hesab olunan avtomobil yarışıdır. Hər il təşkil olunan yarışda iştirakçılar il ərzində müxtəlif ölkələrdə Qran Pri uğrunda yarışaraq xal toplayır və ilin sonunda həmin xallara əsasən qalib müəyyən olunur. Adətən mart ayından başlayaraq noyabra qədər davam edən turnirin 2016-cı ildəki cədvəlinə görə, yarışlar 21 ölkədə keçiriləcək və bu, “Formula 1” tarixində ən uzun mövsümdür.
“Formula 1” FİFA dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra dünyada ən çox tamaşaçı kütləsi yığan oyundur. Statistik məlumatlara görə, hər il bu yarışı təkcə televiziyadan 515 milyondan çox adam izləyir.
İlk dəfə 1950-ci il martın 13-dən keçirilməyə başlayan “Formula 1” yarışları adətən Avropa ölkələrində keçirilir, amma son illər bu tendensiya dəyişib. Bunun əsas səbəbi FİA-nın (Beynəlxalq Avtomobil Federasiyası) yeni bazarlar axtarmaq istəyi olsa da, digər səbəb kimi Avropa Birliyinə daxil olmayan ölkələrdə qanunların daha pis işləməsi göstərilir. Avropa Birliyi ölkələrində yarışlarda tütün reklamlarının qadağan olunması və ölümlə nəticələnən qəzaların yerli prokurorluqlarda araşdırılmasını da FİA yaxşı qarşılamayıb.
“Formula 1” dünyanın ən bahalı və ən çox izlənən idman növlərindən olduğuna görə, onun təşkilatçılığı da ölkələrə baha başa gəlir. Çünki “Formula 1”in çox yüksək standartları var ki, həmin tələblərə cavab verən yarış trası, təhlükəsizlik tədbirləri, media mərkəzi, pit-stop binası və s. hazırlamaq çoxlu xərc tələb edir.
Pilotların yarışacağı tras əsasən iki formada hazırlanır. Bəzi ölkələrdə bu tras şəhər mərkəzindən keçir, bəzilərində isə şəhər kənarı ərazidə ayrıca yer hazırlanır. Şəhərin içərisindən keçən tras üçün yollar yenidən qurulmalı və “Formula 1”-in yüksək standartlarına uyğun hazırlanmalıdır. Yarış marşrutunun şəhərin içərisindən keçməsinin ölkə üçün üstün tərəfi odur ki, ölkəyə gələn qonaqlarla yanaşı televiziya ilə yarışı izləyən 500 milyondan çox tamaşaçı da şəhərin mərkəzini, ən görməli yerlərini görə bilir. Bu da həmin şəhər, ölkə üçün güclü reklamdır. Ümumiyyətlə, el dilində desək, müasir “Formula 1” yarışları bir neçə saat ərzində reklam izləmək kimidir. Çünki burada təkcə ölkələr yox, ayrı-ayrı şirkətlər özlərini reklam edir. Paltar brendindən tutmuş enerji içkisinə qədər. Və bunu izləmək üçün ya bilet almalı, ya da televiziya yayımına ödəniş etməlisən.
“Formula 1” turnirinin illik dövriyyəsinin 2 milyard dollardan çox olduğu bildirilir. “Forbes” jurnalının məlumatına görə, şirkət bu pulun təkcə 400 milyon dollarını reklam müqavilələrindən qazanır. Yarışı təşkil edən ölkələrdən gələn illik qazanc isə 700 milyon dollar civarındadır. Ekspertlərin sözlərinə görə, “Formula 1” rəhbəri Berni Eklstoun daima turnirin prestijini qoruyur. O və şirkətin digər bütün payçıları yarışdan daha çox gəlir götürməyə çalışır. Çünki onlar “Formula 1”-ə idman yox, gəlir mənbəyi kimi yanaşır.
“Formula 1” yarışlarına qatılan hər ölkə yarışın təşkilatçılarına müəyyən haqq ödəyir, amma bu məbləğin konkret nə qədər olduğu açıqlanmır və bu məbləğ hər il dəyişir. Məsələn, Rusiya mətbuatında da bu ölkənin “Formula -1”-lə imzaladığı 7 illik (2014-2020) müqaviləyə görə hər il nə qədər pul ödəyəcəyi ilə bağlı fərqli versiyalar yazılır. Ən çox səslənən fikir isə bu məbləğin təxminən 40-50 milyon dollar olmasıdır. “Reuters” agentliyi yazır ki, Avropa ölkələri adı çəkilən yarışların təşkili üçün az məbləğ ödəməkdə maraqlıdırlar. Onlardan fərqli olaraq Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr “Formula 1” üçün ildə 40 milyon dollar ödəyir. Yarış təşkilatçıları ən çox pulu isə uzaq şərq ölkələri, Asiya və yarışa yeni qatılan ölkələrdən qazanır.
“Formula 1” yarışlarının cədvəlinə düşməyə çalışan ölkə kifayət qədər çoxdur. Təsadüfi deyil ki, təkcə televiziya yayımı ilə hər il 500 milyondan çox adam bu yarışları izləyir. Ölkələrin “Formula 1” cədvəlində yer almağa can atmağının ən geniş yayılmış səbəblərindən biri də elə bu maraq və izləyici kütləsidir. Çünki bu, ölkənin reklamına və bununla da çoxlu sayda turist cəlb olunmasına şərait yaradır. Digər tərəfdən, yarışlarda bilet satışından da yaxşı gəlir əldə olunur. Amma bunun heç də hamısı təşkilatçı ölkəyə qalmır. Belə ki, yarışda həm bilet satışından, həm də təşkilatçılıq üçün baş sponsorluq müqaviləsindən əldə olunan gəlirin müəyyən faizi “Formula 1”-in prezidenti Berni Eklstouna qalır. Məsələn, bir neçə il əvvəl Türkiyənin İstanbul şəhərində keçirilən yarışlarda bilet gəlirlərinin 45%-ni, baş sponsorluq gəlirinin 75%-ni, yemək-içməkdən qazanılan gəlirin isə hamısını “Formula 1” rəhbəri alıb.
Hökumət “Formula 1” yarışları barədə mediaya ətraflı məlumat vermədiyindən ictimaiyyət Azərbaycanın bu yarışda iştirakının əsas səbəbi, nə qədər pul ödədiyi və yarışdan sonra nələr olacağı barədə məlumatlı deyil. Belə ki, Berni Eklstounla müqavilə şərtləri kommersiya sirri kimi saxlanılır.
Azərbaycanın bu yarışın təşkili üçün ümumi nə qədər xərc çəkəcəyini hesablamaq bir az çətindir. Yenə də səbəb hökumətin informasiya verməməsidir. Gənclər və idman naziri Azad Rəhimov mətbuata açıqlamasında yalnız onu qeyd edib ki, 6 kilometrlik yarış trasının hazırlanması 12 milyon manata başa gələcək.
Pit-stop binasının qiyməti isə təxminən 30 milyona yaxındır.
Onu da qeyd edək ki, Azərbaycan Formula 1 rəhbərliyi ilə 10 illik müqavilə imzalayıb və ən azı 5 il bu yarışları təşkil etməlidir. Yalnız 5 ildən sonra cərimə ödəməklə yarışın təşkilatçılığından imtina etmək olar.
“Formula 1” eksperti Kristian Siltin sözlərinə görə, təkcə 2016-cı il üçün
Azərbaycan Formula 1 rəhbərliyinə 34 milyon dollar (təxminən 51 milyon 319 min 600 manat) ödəyəcək və bu məbləğ hər il 10% artacaq.
Nazir Azad Rəhimov isə bu iddianı təkzib edib və yenə də Azərbaycanın əslində nə qədər ödəyəcəyini açıqlamayıb.
Bu rəqəmi əsas götürüb hesablasaq, belə çıxır ki, 10 ildən sonra Azərbaycan “Formula 1”-ə minimum 630 milyon 59 min 681 dollar (951 milyon 390 min 119 manat) xərcləmiş olacaq.
Azərbaycanın “Formula 1” rəhbərliyinə ödədiyi illik haqla bağlı digər bir versiya isə 25 milyon dollardır. Belə ki,
yarış fanatlarının yaratdığı saytın məlumatına görə
, turnirə ilk dəfə qoşulan ölkələr, eləcə də uzaq şərq ölkələri minimum 25 milyon dollar (təxminən 37 milyon manat) ödəməlidir. Yarışın təşkilatçılığı ilə uzun illərdir məşğul olan
Avropa ölkələri isə adətən 20 milyon dollar ödəyir.
Bu rəqəmi əsas götürərək hesablasaq, Azərbaycanın təkcə 2016-cı il üçün xərci 84 milyon manat edir.
Bizim ödəyəcəyimiz illik haqla bağlı daha bir versiyanı isə “Autoweek” saytı yayıb. Belə ki, İtaliya avtomobil klubunun başçısı Sticchi Damianinin iddiasına görə, Azərbaycan “Formula 1” rəhbəri Berni Eklstouna 2016, 2017 və 2018-ci illərdə yarışı təşkil etmək üçün cəmi 150 milyon dollar (226 milyon 500 min manat) ödəyəcək. Yəni,
hər il 50 milyon dollar (75 milyon 500 min manat).
Buna əsasən hesabladıqda isə 2016-cı ildə “Formula 1” üçün xərcimiz 117 milyon 500 min manata çatır.
Yarışların təşkil olunması üçün ölkələrlə müqavilələr ən azı 7-10 illik bağlanır və müqaviləyə hər il yeniliklər edilir. Bunlardan biri də illik haqqın dəyişdirilməsidir. Yarışın ənənəvi keçirildiyi ölkələr, məsələn, İtaliya, Britaniya, İspaniya, Almaniya və s. yarış üçün hər il daha az pul ödəməyə çalışır. Ona görə də əksər hallarda yarışdan imtinanın əsas səbəbi maliyyə məsələləri olur. Çünki yarış cədvəlinə adını yeni daxil edən ölkə özündən əvvəlkindən daha çox pul ödəməlidir ki, bu “rəqabət”də qalib gələn tərəf olsun. Məsələn,
2003-cü ildən 2007-ci ilə qədər yarışın təşkili üçün tələb olunan pul 11,22 milyon dollardan 37,43 milyon dollara çatıb.
Berni Eklstoun hər il ölkələrin ödədiyi məbləği yüksəltməkdə maraqlıdır və belə də edir. Bununla razılaşmayan ölkələr isə yarış cədvəlindən çıxarılır. Belə ki, 2005-ci ildə Formula 1-lə 7 illik müqavilə bağlamış Türkiyə 2011-ci ildə yarışlar cədvəlindən çıxarıldı. Səbəb isə maliyyə idi. Belə ki,
müqaviləyə görə Formula 1 rəhbərliyinə hər il 13,5 milyon dollar ödəyən Türkiyə 2011-ci ildə bu məbləğin təxminən iki dəfə artırılaraq 26 milyon dollar olması ilə razılaşmayıb.
Formula 1-dən maliyyə səbəblərinə görə narazı düşən digər ölkə də İtaliyadır. İtaliya avtomobil klubunun başçısı Stiççi Damianın sözlərinə görə, “Formula 1” Berni Eklstoun yarışların keçirilməsi üçün İtaliyadan hər il 28 milyon dollar ödəniş tələb edir. İtalyanlar isə yalnız 20 milyon dollar ödəməyə razıdır. Buna baxmayaraq, yarışın builki cədvəlində İtaliyanın adı var.
Azərbaycan əhalisinin bir qismi ölkədə “Formula -1” yarışlarının keçirilməsinə narazı olsa da, böyük əksəriyyət bu oyuna nə qədər pul xərclənəcəyini və onun həqiqətən əhəmiyyətli olub-olmadığını bilmədiyinə görə etinasız yanaşır. Beynəlxalq arenada isə əksinə, siyasi məhbusların olduğu və insan haqlarının pozulmasına görə ilk sıralarda yer alan bir ölkədə bu oyunun təşkili tənqid atəşinə məruz qalır. “Formula – 1” rəhbərliyi isə – başda prezident Berni Eklstoun olmaqla – bu məsələyə nisbətən laqeyd yanaşır. Belə ki,
jurnalistin “Yarışın keçirilməsinə razılıq verməzdən əvvəl Azərbaycanda insan haqlarının vəziyyəti ilə maraqlanmısız?” sualına
B.Eklstoun “Bəli. Hamı xoşbəxt görünürdü. Bir problem görünmürdü” – deyə cavab verməklə kifayətlənib. Məqalənin müəllifi isə xatırladır ki,
Formula 1 təşkilatçılarının rəsmi saytında onların insan haqlarına önəm verdiyi və fəaliyyətlərində bunu əsas götürdükləri qeyd olunur.
“Deutsche Welle” saytı da vurğulayır ki, “Formula 1”-in prioriteti puldur. Yarışları təşkil etdikləri ölkələrin siyasi vəziyyəti onları maraqlandırmır. Təsadüfi deyil ki, bu yarışa ən çox pul xərcləməkdə maraqlı olan ölkələr də siyasi vəziyyətlərinə görə beynəlxalq arenada tez-tez tənqid olunan Asiya və Ərəb ölkələridir. Onların bəzisi yarış üçün illik 50 milyon dollar haqq ödəməkdən çəkinmir.
Böyük Britaniyanın Biznes və İnsan Hüquqları Resurs Mərkəzinin icraçı direktoru Fil Blumer də Azərbaycanda “Formula -1”in keçirilməsini tənqid edənlər sırasındadır. Azərbaycanın Avropa Oyunlarına 8 milyard dollar xərclədiyini vurğulayan F.Blumer ötən il dərc etdiyi məqaləsində prezident ailəsinin şəxsi sərvəti ilə bağlı araşdırmalarına görə həbs olunan jurnalist Xədicə İsmayıldan və hüquq müdafiəçisi Rəsul Cəfərovdan yazır:
“Araşdırmaçı jurnalist Xədicə İsmayılın əhvalatı insanı Azərbaycandakı repressiyaya nəzər salmağa vadar edir”
– deyə F.Blumer Azərbaycandakı vəziyyəti təsvir edir.
Bu il baş tutacaq “Formula 1”-ə daha bir reaksiya isə Beynəlxalq QHT Koalisiyasından gəlib. Belə ki, 20-yə yaxın beynəlxalq hüquq-müdafiə təşkilatı tanınmış müğənnilər Enrike İqlesias, Farel Vilyams və Kris Braunu Bakıda konsert verməkdən imtina etməyə çağırıb. Bu çağırışlarını isə
ölkədə insan haqlarının vəziyyətinin ağır olması ilə əlaqələndiriblər.
“Formula 1”in bu il keçiriləcəyi ölkələrin cədvəli