Fırtınaya görə neftçilər platformalardan təxliyə edilib

Mirvari Qəhrəmanlı: “28 May adına NQÇİ-nin işçiləri hazırda platformadadır”

Source:
Neftçilər
Neftçilər



Mirvari Qəhrəmanlı: “28 May adına NQÇİ-nin işçiləri hazırda platformadadır”

31 mart – 1 aprel tarixlərində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 m/s-dək küləyin olması gözlənilir.

SOCAR-dan APA-ya verilən məlumata görə, fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyinin bütün işçilərinə təlimat verilib:

“Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub”.

Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyir ki, qasırğa ilə əlaqədar Azneft İB-nin tərkibinə daxil olan Neft Daşları NQÇİ, “Nərimanneft” və “Abşeronneft”-ə məxsus təhlükəli sahələrdən çıxarılan işçilərin ümumi sayı 300 nəfərə yaxındır. Onlardan 35 nəfəri Neft Daşları NQÇİ-nin işçiləridir:

“Təhlükəli iş sahəsindən çıxarılanların əksəriyyəti N.Nərimanov adına NQÇİ-nin işçiləridir. 28 May adına NQÇİ-nin platformalarındakı işçilər istisnadır. Onlar hal- hazırda platformadadırlar”.

Jurnalist İlkin Muradov da bu barədə öz “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, bu gün səhər Xəzərdəki platformalara, həmçinin 30-dan çox neftçinin öldüyü 10-cu platformaya da neftçilər getməlidir. “Dünəndən neftçilərin təxliyə edildiyini deyirlər, amma səhər saat 8-dən hamını Dəniz Vağzalına və Zabrat Hava limanına yığıblar.

Bu küləkdə vertolyotların platformalara enməsi mümkün deyil. Hələ neftçilərin dənizə apatılacağı da dəqiq deyil. Demək istədiyim budur ki, havanın küləkli, uçuşun təhlükəli olduğunu bilirlər. Amma tələb edirlər ki, neftçilər getməsələr də, hava limanına və dəniz vağzalına gəlsinlər. Rəislər deyir ki, “rəhbərlik göstəriş verib. Getməsələr də, gəlib orda gözləsinlər”. Bu nefçtilərin 60-70 faizi Bakıdan yox, bölgələrdən gəlir. Lənkəran, Gəncə, Naxçıvan, Mingəçevir və s. Əgər getməsələr, Bakıda necə qalsınlar? Harada gecələsinlər? Atamı Zabrat Hava limanına aparanda dəfələrlə şahidi olmuşam. SOCAR-da işləyən xaricilərə münasibət adamı dəhşətə gətirir. Deməli, uçuş olsa, SOCAR-ın maşını həmin xariciləri evindən gətirir hava limanına. Ən tez gələndə isə uçuşa 10 dəqiqə qalmış gətirilirlər. Hava limanında bizimkilərə çay 40 qəpiyə verilir. Xaricilərə isə pulsuz. Hələ bu çox kiçik müqayisədir”.

Ana səhifəXəbərlərFırtınaya görə neftçilər platformalardan təxliyə edilib