Fırıldaqçı “biletsatan”lar, işləməyən kameralar, iflic sayt …

Analoqsuz avtovağzaldan sərnişin reportajı

Source:

Hakimiyyətin tez-tez istifadə etdiyi “analoqu olmayan” ifadəsi bir çoxlarında istehza hədəfinə çevrilib. Lakin etiraf etmək lazımdır ki, bəzi hallarda hakimiyyət dediyinin üstündə durur və doğrudan da analoqu olmayan obyektlər yaradır. Bunlardan biri də 2009-cu ilin əvvəllərində istifadəyə verilən Bakı beynəlxalq avtovağzalıdır. Aşağıda yazdıqlarımı oxuyandan sonra zənnimcə hamı mənimlə razılaşacaq ki, dünyada belə avtovağzalın analoqu yoxdur.

Bu özünəməxsusluqla (analoqsuzluq sözündən çox istifadə etdim) sözün həqiqi mənasında artıq girişdə rastlaşırsan. Belə ki, kompleksin həyətindən binasına daxil olmağa iki pilləkən tikilib. Sərnişinlər üçün çox rahat, birbaşa avtobusların dayandığı meydançaya qalxmaq imkanı verən pilləkənlərdir. Daha doğrusu, belə pilləkən ola bilərdilər, əgər istifadə etmək mümkün olsaydı.

Amma avtovağzal kompleksi istifadəyə verilən gündən o pilləkənlərə giriş qapalıdır. Səbəbini heç kəs açıqlamır. Mənim fikrimə görə, bu addım ona görə atılıb ki, sərnişinlər digər istiqamətdən – dükanların yerləşdiyi hissədən hərəkət etsinlər. Bura isə həm darısqaldır (sərnişinlər isə adətən baqajla olurlar), həm də o qədər labirintvari tikilib ki, illərlə istifadə etməyimə baxmayaraq, özüm də yolu boylana-boylana tapıram.

Yəni dükan sahiblərinin mənafeyi naminə sərnişinlərə narahatlıq yaradılır ki, bəlkə yolüstü bir şey aldılar.

Bakı avtovağzalının daha bir analoqsuzluğu isə ondan ibarətdir ki, buradan illərlə istifadə edə bilərsən, lakin bilet satılan kassaların yerini tanımazsan. Söhbət heç də müasir üsullardan, yəni internet vasitəsilə bilet sifarişindən getmir. Bu mövzu haqqında sonra yazacağam. Məsələ ondadır ki, hər avtobusun önündə əlində dəftər tutmuş bir şəxs dayanır, sərnişinlərdən pul alaraq yer verir və dəftərdə əks olunmuş yer nömrələrinin üzərindən bir-bir xətt çəkir. Bu üsulun seçilməsində səbəb çox güman ki, dövlət büdcəsinə mümkün qədər az pul ödəmək cəhdidir. Avtobuslar tam dolmuş halda yola çıxır, lakin sənədlərdə sərnişin sayı minimum göstərilir.

Bakı avtovağzalının daha bir özəlliyi burada avtobusun yola düşməsinin dəqiq vaxtı olmamasıdır. Yəqin ki, kağız üzərində olmamış olmaz. Reallıqda isə avtobus tam dolmayana qədər yola düşmür.

Məsələn, Bakıdan yaşadığım Lənkərana son səfərim zamanı (iyunun 16-da) yer satandan nə vaxt yola düşəcəyimizi soruşanda “30-40 dəqiqəyə” kimi qeyri-müəyyən cavab verdi. Halbuki, normal, yəni analoqu olan avtovağzallarda dəqiq vaxt göstərilməli idi. Amma bizimki analoqsuzdur axı. Onu da deyim ki, avtobus 30-40 dəqiqəyə deyil, 1 saat 20 dəqiqəyə yola düşdü. Lakin bu ləngimə haqqında bir qədər sonra. Yalnız onu deyim ki, rayondan Bakıya gedərkən belə halla qarşılaşmamışam. Ən uzağı 5-10 dəqiqə ləngimə ola bilər.

Buradakı özbaşınalığın bir təzahürü də gedişin qiyməti ilə bağlıdır. Hansı yaşayış məntəqəsinə getməyindən asılı olmayaraq, avtobusun son məntəqəsinə qədər olan qiyməti ödəməlisən, Özü də yuvarlaq şəkildə. İzah edim: Lənkərana qədər qiymət 4 manat 35 qəpik (yuvarlaq 5 manat), Astaraya qədər isə 5 manat 7 qəpikdir (yuvarlaq 6 manat). Bu istiqamətdəki rayonların hansınasa, məsələn, ən yaxın olan Salyana getsəniz belə, Lənkəran avtobusudursa, 5 manat, Astara avtobusudursa, 6 manat ödəməlisiniz.

Nəhayət, internetlə bilet satışına toxunaq. Bakı beynəlxalq avtovağzalının saytında belə bir xidmət təklif edilir, xüsusi səhifə var. İşləyib-işləmədiyini yoxlamaq üçün təklif olunduğu kimi qeydiyyatdan keçdim. Sonra da daxil olmaq istədim. Saytın reaksiyası komadakı insanın təmasa reaksiyasını xatırlatdı. Kodu yanlış daxil edə biləcəyim ehtimalına görə daha iki dəfə yoxladım, lakin eyni müvəffəqiyyətlə. Aydın oldu ki, bilet alışının bu yolu da qapalıdır. Burada da yenilik, müasirlik sırf zahiri dəbdəbə ilə ölçülür. Bəlkə Afrikada belə artıq adi qarşılanan internet üzərindən satış burada yoxdur.

Haqqında artıq söz açdığım son səfərim zamanı bilet, daha doğrusu, yer satışı ilə əlaqədar insidentin şahidi oldum. Özü və iki övladı üçün yer götürmək istəyən bir qadın dələduzluğun qurbanı olmuşdu. Kimsə özünü yer satan kimi qələmə vermiş, hətta yer də göstərmişdi və təbii ki, pul da almışdı. Bədbəxtlikdən, qadın 50 manatlıq əskinas vermiş, dələduz da “qalığı indi qaytararam” deyərək aradan çıxmışdı.

Bir qədər gözləyən qadın aldadıldığını anlayaraq hay-küy qaldırdı. Məsələyə mülki geyimli polislər qarışdılar. Onlarla söhbət zamanı məlum oldu ki, ərazidə quraşdırılan müşahidə kameraları işləmir. Dələduz yəqin artıq uzaqda idi, qadını isə sakitləşdirmək lazım idi. Belə olduqda polislər Süleymansayağı qərar qəbul etdilər: qadının pulunu sürücü ödəməlidir. Sürücü narazılıq etdikdə isə aydın oldu ki, polislər avtobusu reysə buraxmaq istəmirlər.

Məhz sərnişinlər yığışıb narazılıq edərkən qərara gəldim ki, avtovağzal haqqında məqalə yazmaq lazımdır. Telefonumu çıxarıb iki şəkil də çəkdim. Bu zaman ən çoxu 17-18 yaşlı bir oğlan yaxınlaşaraq niyə şəkil çəkdiyimi soruşdu. Düz 3 il öncə, Lənkəranda çayxana oturarkən üzləşdiyim və həbsimə bəhanə olmuş hadisə zamanı olduğu kimi bu dəfə də hansısa hiss qarşımda duranın çuğul olduğunu söylədi. Buna görə də, çox da tərzim olmayan şəkildə “sənə nə var?” söylədim.

Arkadaş sürətlə məndən uzaqlaşdı və az sonra mühafizəçi geyimində olan bir gənclə qayıtdı. Özü də elə şəstlə önümdə durdu ki, sanki terror aktının qarşısını alıb. Dustaq təbirincə desək, “poryadoçnıy arestant” kimi çuğullara nifrətim yenidən baş qaldırdı və “xəbərçilik etdin, mühafizəçi gəldi, daha rədd ol buradan” dedim. Mühafizəçi də ona getməyi məsləhət gördü.

Bundan sonra mühafizəçi məndən çəkdiyim şəkilləri silməmi istədi. Ətrafda şəkil çəkmənin qadağan olduğunu göstərən heç bir işarənin olmadığını əsas gətirərək, imtina etdim. Mühafizəçi, daha sonra yaxınlaşan baş mühafizəçi rəhbərlyin göstərişi olduğunu söylədikdə, belə göstərişlərin avtovağzalın işçiləri üçün keçərli olduğunu, bir vətəndaş kimi onların rəhbərliyinin göstərişlərinə əməl etməyə borclu olmadığını söylədim.

Məsələyə əvvəlcə bir polis serjantı, sonra da dələduzluq faktını araşdıran mülki geyimli polislər (yəqin ki, zabitlər) qarışdılar. Sonuncular şəkil çəkməkdə məqsədimi soruşanda “bu biabırçı yer satışını mətbuatda işıqlandıracağam” söylədim. Bu cavabdan sonra polis mənə baş qoşmamağı üstün tutdu və yenə mühafizəçilərlə davam etməli oldum. Müqavimətim avtobusun yola düşməsini ləngidirdi. Onsuz da avtobusun uzun müddət dolmaması səbəbindən xeyli ləngimişdik, sərnişinlər narazı idilər.

Bunu, eləcə də şəkildə xüsusi bir kadrın olmamasını nəzərə alaraq “insanları ləngitməmək üçün silirəm, amma məsələni mətbuata çıxaracağam” deyərək şəkilləri sildim. Avtobusa oturanda sürücünün sözlərindən anladım ki, 50 manatı o ödəməli olub.

Haqqında danışdığım dələduzluq hadisəsi təhlükəsizlik baxımından da diqqətimi cəlb etdi. Dələduz yuxarıda sadaladıqlarımdan əlavə, həmin qadının çantalarını da baqaja yerləşdirmişdi. Başı yer satmağa qarışan əməkdaşın və sürücünün isə bundan xəbəri olmamışdı. Belə halın hansı təhlükəyə şərait yaratdığını, zənnimcə, uzun-uzadı izah etməyə ehtiyac yoxdur. Üstəlik, ərazidəki müşahidə kameralarının işləməməsi sadə dələduzluğun deyil, baş verə biləcək daha ciddi hadisənin də istintaqına xidmət etməyəcək.

Bax belə analoqsuz, müasir tələblərə tam cavab verən avtovağzalımız var.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəFırıldaqçı “biletsatan”lar, işləməyən kameralar, iflic sayt …