Finlandiya NATO-ya üzv oldu: Rusiya reaksiya verdi (yenilənib)

Finlandiya və NATO. Foto: Vitalii Vodolazskyi/shutterstock

Aprelin 4-də Finlandiya NATO-ya üzv olub.

Bu gün həm də alyansın yaranmasının ildönümüdür. Beləliklə, NATO-nun Brüsseldəki qərargahının qarşısında 31-ci bayraq dirəyi görünəcək.

Finlandiyanın NATO-ya üzvlüyü 1917-ci ildə müstəqillik əldə etdikdən sonra neytral ölkə statusunun başa çatması deməkdir.

Finlandiya Rusiya ilə 1340 kilometr şərq sərhədini bölüşür.

Rusiyanın Ukraynaya qarşı 1 il əvvəl başladığı işğalçılıq savaşı işğalı Finlandiya ictimai rəyinin NATO-ya qoşulmasına 80%-ə qədər yüksəlməsinə səbəb oldu.

Finlandiyanın NATO-ya üzv olmasına Moskva sərt reaksiya verib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Finlandiyanın NATO-ya daxil olması Moskvanı öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir.

D.Peskov hadisəni Rusiyanın təhlükəsizliyinə qəsd adlandırıb.

O deyib ki, Rusiya hərbçiləri NATO-nun Finlandiyadakı hərəkətlərinə dərhal reaksiya verəcək.


Culianna Smit: “İsveçin Alyansa daxil olması prosesini Türkiyə və Macarıstan ləngidir”

Martın 4-də Türkiyə və Finlandiya Brüsseldə Finlandiyanın NATO-ya daxil olması haqqında ratifikasiya fərmanının əsillərini ABŞ dövlət katibi Entoni Blinkenə təqdim edəcəklər.

Bununla da Skandinaviya ölkəsinin Alyansa daxil olması prosesini başa çatdıracaq.

Xəbəri “Turan”ın Vaşinqtondakı müxbiri verib.

Biz mərasimi burada – Brüsseldə qeyd edəcəyik.. Bu hadisə müttəfiqlərin bir araya gəlməsi və qeyd etməsi üçün əsas fürsət olacaq”, – deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culianna Smit “Turan”a bildirib.

İsveçin Alyansa daxil olması ehtimalı haqda suala diplomat belə cavab verib ki, prosesi Türkiyə və Macarıstan ləngidib.

Onun sözlərinə görə, Ankaranın narahatlığı terror problemi ilə bağlıdır:

“Finlandiya Türkiyənin irəli sürdüyü bəzi narahatlıqları aradan qaldırıb. Hesab edirəm ki, yaxın gələcəkdə İsveçlə bağlı da bunu görəcəyik. Odur ki, biz kifayət qədər nikbinik”.

Macarıstana gəlincə, Culianna Smit deyib ki, hər iki namizəd ölkə ilə danışıqlar aparır: “Biz bu ölkələri dialoqa və qarşılıqlı fəaliyyətə çağırırıq”.

Culianna Smit Ukrayna və Rusiyanın Donbasa hücumu haqqında bildirib ki, rusların heç bir böyük qələbə əldə edə bilmədiyi aydındır: “Görək daha sonra nə olur, biz ukraynalıların yaxın həftələrdə hücuma başlayacaqlarını gözləyirik”.

2022-ci il mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət etmişdi.

Türkiyə isə İsveç və Finlandiyanın üzvlüyünə qarşı çıxırdı.

Rəsmi Ankara iddia edirdi ki, hər iki Skandinaviya ölkəsi Türkiyənin terrorla mübarizəsinə dəstək vermir, əksinə PKK-nın Suriyadakı qanadı YPG-yə kömək edir.

Ankara həm İsveç, həm də Finlandiyanın PKK üzvlərinə qucaq açdığını açıq şəkildə bəyan edirdi.

2022-ci ilin iyunun 28-də Türkiyə, İsveç və Finlandiya arasında Finlandiya və İsveçin NATO-ya üzvlük proseslərinə dair üçtərəfli memorandum imzalanıb.

2023-cü ilin martın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Finlandiyanın üzvlüyünə razılıq verdiyini açıqladı.

30 üzvü olan NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 1949-cu ildə yaranıb.

Təşkilatın üzvləri hər hansı xarici gücdən ola biləcək silahlı hücuma qarşı ortaq müdafiə həyata keçirir.

NATO-nun Baş Qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir.

Ana səhifəDünyaFinlandiya NATO-ya üzv oldu: Rusiya reaksiya verdi (yenilənib)