Fındıqçıların su dərdi

Sahibkarlar susuzluqdan, texnikanın olmamasından gileylənirlər

Source:


Sahibkarlar susuzluqdan, texnikanın olmamasından gileylənirlər

İlham Əliyev noyabrın 16-da “İpəkçilik və fındıqçılığa dövlət dəstəyinin gücləndirilməsi üzrə əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 1,463 milyon manat vəsait ayrılacaq. Bu vəsaitin 700 min manatı fındıq pöhrələrinin alınmasına yönələcək.

Kənd Təsərrüfatı Nazirliyinə şəhər və rayonların tələbatı nəzərə alınmaqla onları istehsalçılara vermək tapşırılır.

Fındıqçılıqla məşğul olanlar nə düşünür, bu sahədə vəziyyət necədir?

Qəbələ rayonu, İmamlı kənd sakini, sahibkar Nurəddin Kərimov Meydan TV-yə fındıqçılıqdan, bu sahədəki problemlərdən danışır. Deyir, fındıqçılıq elə bir sahədir ki, gərək bütün günü onunla məşğul olasan. Qulluq, su, gübrə istəyir:

“”Bağa baxarsan bağ olar, baxmarsan dağ”, – əsl fındıq üçün deyilmiş məsəldir. Sula, dibini təmizlə, gübrə ver, peyin tök, qurd-quşdan qoru, yığ, təmizlə, sonra da gəlir budama dövrü. Bir sözlə, fındıqçılıq ilboyu səni məşğul edir”.

Su kimi böyük problemimiz var

Sahibkar deyir ki, son illər məhsuldarlıq çox aşağı düşüb. Səbəb isə suyun olmaması, gübrənin vaxtında verilməməsidir:

“Su kimi böyük problemimiz var. Çətinlik çəkirik. Suyu bağa qədər çəkməyə maddi imkanımız yoxdur. Arxlar qazıb, suyu onların vasitəsilə həyətə gətiririk. Onda da digər sahibkarlar narazılıq edir. Hansı ki, arx həm də onların həyətindən keçir. Bir sözlə, çətindir”.

Bəzən aylarla suvara bilmirik

Nurəddin Kərimov deyir ki, su nə qədər çox verilsə, məhsul bir o qədər bol olar:

“Su verilməyəndə, quraq keçən illərdə fındıq cır yetişir, məhv olub gedir. Ötən yay quraqlıq oldu. Onlarla ağacım məhv oldu. İndi o ağacların əmələ gəlməsinə uzun illər lazımdır. Ayda azı 2-3 dəfə sulanmalıdır. Bəzən iki aylarla su verə bilmirik”.

Nə olsun ki, ağacdı, əziyyəti böyükdür

Sahibkar deyir ki, bütün növ təsərrüfat işləri əziyyət, qulluq tələb edir. Hazırda payız mövsümüdür. Budanma dövrü başlayıb: “Ağacları quruyan, inkişaf etməyən budaqlardan təmizləməliyik ki, gələcəyin məhsuluna kömək olsun. Başlamışıq, bu dövr də çətindir. Çox adam fikirləşir bostan deyil ki, əkib-becərəsən, ağacdı, bir dəfə əkirsən, illərlə bar verir. Ancaq belə deyil. Nə olsun ki, ağacdı, əziyyəti böyükdür”.

Fındıq neçəyədir, əziyyətinə dəyirmi?

Nurəddin Kərimov deyir ki, məhsulu heç vaxt istədiyi qiymətə sata bilməyib. Ancaq bu il bir az fərqli olub:

“Ötən illər fındıq çox ucuz satılırdı. Bu il bir az normal qiymətə oldu. Üstəlik, bu il imkan yarandı, bacardığımız qədər fındıq bağlarını artırdıq. Ötən il fındığın qiyməti 0,80 qəpikdən başlayırdı. Ən yüksək qiymət 3- 3,5 manat idi. Bu il qiymət 3 manatdan başlayırdı. Hal-hazırda 4,5 manata satılır. Bir ara 5,5 manata qədər qalxmışdı, sonradan qiymət düşdü. Səbəbini bilmədik”.

Fındıqla birgə hər şey bahalaşıb

Sahibkar əlavə edir ki, bu il məhsul baha satılsa da, dövr əvvəlki kimi deyil. Manatın dəfələrlə devalivasiyaya uğraması onların həyatına da təsir edib:

“Fındıq bahadır bəlkə, amma yağ, un, şəkər, çay, bir sözlə, gündəlik təlabat mallarının qiyməti də qalxıb. Yəni, fındıqla birgə hər şey bahalaşıb. Ona görə, bizim həyatımızda bu artımın elə də böyük rolu olmadı. Əksinə, çətinlik çəkirik. Baha olduğu üçün vaxtlı-vaxtında gübrə ala bilmirik. Baxmayaraq ki, il ərzində ən azı bir dəfə gübrə verilməlidir”.

Kəndli məhsulunu hansı bazara çıxarır?

İlboyu çəkilən əziyyət, yığılan fındıqla nəticələnir. Bəs, yığılan fındığı sahibkar hansı bazara çıxara bilir? Nurəddin Kərimov deyir ki, rayon bazarı və Nic bazarının qapıları üzlərinə açıqdır. Bir də yol qıraqlarında üstünə “fındıq qəbulu” yazılan maşınlar var. Ardı qalır sənin seçiminə:

“Mən adətən məhsulu bazar günləri Nic bazarına çıxarıram. Bu bazar çox qədimdir. Bütün rayonlardan məhsul gətirirlər bura. İstəsən məhsulunu özün satırsan, istəməsən tezdən gedib fındıq qəbul edən maşınlara verirsən. Onlar fındığı toplayıb, rayondakı anbarlara təhvil verirlər. Fındıqlar toplanandan sonra Zaqataladakı zavoda göndərilir”.

Sahibkar deyir ki, Bakı, Rusiya bazarlarına məhsul çıxara bilmir. Çıxarmağa cəhd də göstərməyib, ancaq düşünür ki, bu, mümkün deyil, icazə yoxdur.

500 kilo fındıqla ilboyu ailə dolandırmaq olmaz

Kənd sakini Təbriz Hacıyev isə həm fındıqçılıq, həm də ticarətlə məşğuldur. Deyir, ticarət bir az məcburidir. Çünki başqa cür dolanmaq mümkün deyil:

“1 hektar bağdı. İldə 500 kilo fındıq edir. Ən yaxşı halda kilosunu 3 manatdan satırıq. Bununla 1 il ailə dolandırmaq olmaz. Odur ki, məcbur ticarətlə də məşğul oluram. Qalan hamı da mənim kimi. Kimi ticarət, kimi taksiçilik, əksəriyyət də qara fəhləliklə məşğuldur”.

Çayda su boldu, ancaq onu bağa gətirmək üçün texnika yoxdur

Təbriz Hacıyev də deyir ki, su olsa 1 hektar ərazidə 500 kilo yox, ton yarım fındıq yetişdirər. Gəliri də çox olar, beləcə əlavə işlərə baş qoşmaz, təsərrüfatını genişləndirər:

“Əslində fındıqçılıq gəlirli sahədi. Normal su olsa, məhsul bol olar və əlavə iş görməyə gərək olmaz. İndiki halda məcburuq başqa işlərlə də məşğul olaq. Ancaq bizə şərait yaradılsa, o qədər iş görmək olar ki… Çayda su boldu, ancaq onu bağa gətirmək üçün texnika yoxdur. Dövlət əsas bu sahəyə dəstək versə, əla olar. Yoxsa ki, fındıq pöhrələrini özümüz də yetişdirə bilirik”.

İcra Hakimiyyəti: “Gübrələrin verilmə mövsümündə problem həllini tapacaq”

Qəbələ Rayon İcra Hakimiyyətinin informasiya təminatı şöbəsinin rəhbəri Zahir Kərimov BBC-yə deyib ki, ötən illə müqayisədə bu il fındığın məhsuldarlığı 1500 -1800 ton artıqdır. Bunun əsas səbəbi sahələrə üzvü və mineral gübrələrin verilməsi, aqrotexniki tədbirlərin görülməsidir. Kəndlərdə sahibkarların su və gübrə çatışmazlığı ilə bağlı problemlərinə gəlincə, Zahir Kərimov deyib ki, bu məsələlər diqqət mərkəzində saxlanılır.

“Rayonun müxtəlif ərazilərində fermerlərin fasiləsiz suvarma suyu ilə təmin olunması üçün su ehtiyatı məqsədi ilə göllərin yaradılması nəzərdə tutulub və hazırda bu istiqamətdə müəyyən işlər gedir. Gübrələrin verilmə mövsümü ərzində məsələ öz həllini tapacaq. Bu sahədə ciddi çətinliklər gözlənilmir”.

Sahibkarlar bir fındıq ağacından ildə təxminən 5-10 kilo məhsul götürürlər. Nurəddin Kərimov deyir ki, bu rəqəm Sovet dövründə 20-30 kilo idi: “Şərait olmadığından, məhsuldarlıq aşağıdır. Sovet dövründə gübrə, su bol idi. İşimizdən zövq alır, əldə olunan qazancla ailəmizi dolandıra bilirdik”.

Ana səhifəXəbərlərFındıqçıların su dərdi