Filosof Niyazi Mehdi vəfat edib

Foto: Şəxsi Facebook səhifəsindən

Ötən gün əməliyyat olunan alim bu gün səhərə yaxın həyatını itirib

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi bu gün Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib.

Qardaşı Mehdi Mehdiyev bildirib ki, bu gün qardaşının ayağı amputasiya olunmalı idi, amma axşam vəziyyəti çox ağırlaşdığı üçün həkimlər məcburiyyət qarşısında ürəyini əməliyyat etməli olublar.

“Niyazi invaziv açıq ürək əməliyyatı – TAVI (Transcatheter Aortic Valve Implantation – red.) edilib, klapan dəyişilməklə. Biz başa düşürdük ki, əməliyyat risklidir, amma etdirməli olduq. Əməliyyatın özü yaxşı keçib, amma sonrasına tab gətirməyib. Yəni bu hadisə əməliyyat vaxtı da baş verə bilərdi, sadəcə, sonra baş verdi və bu gün səhərə yaxın həyatını itirdi”, – deyə M.Mehdiyev vurğulayıb.

Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində anadan olub. 1968–1973 -cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, 1973–1976-cı illərdə isə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil alıb.

M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında çalışırdı.

Ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Niyazi Mehdi 1992-ci ildən 2003-cü ilə kimi Müsavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini və divan üzvü olub.

Ana səhifəSosialFilosof Niyazi Mehdi vəfat edib