“Narahatlıq gətirməyin əvəzində sizi qəbirə göndərəcəm”
Filippin Prezidenti Rodrigo Duterte təhlükəsizlik qüvvələrinə koronavirus pandemiyası səbəbiylə təcridə görə “problem” yaradan insanları vurmaq lazım olduğunu deyib, – “Telegraph” xəbər verir.
Ölkənin təqribən 110 milyon əhalisinin yarısı karantin altındadır. Milyonlarla insan dərin yoxsulluq içindədir və sərt məhdudiyyətlər onların əksəriyyətini işsiz qoyub.
Dutertenin çərşənbə axşamı əmr verməsindən bir neçə saat əvvəl paytaxt Maniladakı bir gecəqondu icmasından təxminən iki yüz adam həbs edilmişdi. Yoxsullar hökuməti qida yardımı etməməkdə günahlandıraraq etiraz aksiyası keçirmişdilər.
“Əmrim polisə və hərbçilərədir. Eyni zamanda kənd rəsmilərinə deyirəm ki, əgər problem yaranarsa və ya insanlar mübarizəyə başlasalar, sizin həyatınız təhlükədə olsa, onları öldürün”,- Duterte deyib.
“Narahatlıq gətirməyin əvəzində sizi qəbirə göndərəcəm”,- o əlavə edib.
Filippində bu günə qədər 2,311 koronavirus hadisəsi qeydə alınıb. 96 nəfərin öldüyü bildirilir. Ölkə hələ yenicə testlərə başlayıb. Bu səbəbdən təsdiqlənmiş infeksiyaların sayının artacağı bildirilir.
2016 seçki qələbəsi ilə hakimiyyətə gələn Duterte filippinlilər tərəfindən hədsiz dərəcədə istifadə edilən narkotik üzərində basqısı ilə tanınır.
Tənqidçilər isə deyir ki, Dutertenin narkotik müharibəsi yoxsulları hədəf alır və zənginləri cəzasız buraxır.
Prezidentin son açıqlamaları insan haqları qruplarının tənqidinə tuş gəlib. Onlar hökuməti təhdidlər yerinə insanları yardımla təmin etməyə çağırıb.