”Məhkəmə prokurorluğa iddiadan vaz keçməsini tövsiyə etdi”
Niderlandda yaşayan jurnalist Fikrət Hüseynlinin işi yenidən prokurorluğa qaytarılıb.
Bu barədə jurnalistin özü “Turan”-a
danışıb
.
Onun sözlərinə görə, yanvarın 31-də Kiyev Apelyasiya Məhkəməsində iş üzrə təhqiqata baxış davam edib.
Məhkəmə prokurorluğun iddiasından əl çəkməsi üçün işi yanvarın 17-də oraya qaytarmışdı. F.Hüseynli deyib ki, prokurorluq məhkəmədə iddiasından əl çəkmədiyini bildirib:
“Məhkəmə işin perspektivinin olmadığını bildirdi və yenidən prokurorluğa qaytardı, iddiadan vaz keçməsini tövsiyə etdi. Prokurorluq iddiasından əl çəkməsə, fevralın 8-də yenidən məhkəmə baxışı olacaq”.
Fikrət Hüseynli Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb. 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə
saxlanılıb
.
Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.
F.Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.
Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatəti təmin etməyib.
Kiyev prokurorluğu F.Hüseynlinin azad edilməsindən apelyasiya verib və onun həbs olunmasını tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.