Fikrət Fərəməzoğlu: Mən bəraət istəyirəm

Jurnalistin apelyasiya şikayətinə baxılır

Source:


Jurnalistin apelyasiya şikayətinə baxılır

Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində “Jam.az” saytının rəhbəri Fikrət İbişbəyli (Fərəməz oğlu) barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Natiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Elçin Sadıqov iştirak etməyib. F.Fərəməzoğlu onun iştirakı olmadan iclasın davam etməsinə etiraz etməyib. Prokuror Rəsul Abbaslı isə deyib ki, vəkil Elçin Sadıqovun iştirakı təmin edilməli, onun iştirak etməməsi barədə Vəkillər Kollegiyasına müraciət edilməlidir.

F.Fərəməzoğlunun iclasda iştirak edən digər vəkili Zibeydə Sadıqova isə prokurorun çıxışı ilə razılaşmayıb. Bildirib ki, F.Fərəməzoğlunun iki vəkili var və istədiyi vəkil iclasda iştirak edə bilər. Məhkəmə prokurorun etirazını qəbul etməyib.

İclas zalında kənar adamların əyləşməsi F.Fərəməzoğlunun etirazına səbəb olub. Onun narazılığından sonra prosesə gələn adamlar da iclas zalına buraxılıb.

İclasda çıxış edən zərərçəkmiş şəxs Şirin Abdullayev isə deyib ki, F.Fərəməzoğlu ondan 2016-cı ildə pul tələb edib:

“Fevral ayında saytlarda haqqımda yazılar yazdı. Məndən barəmdə yazı yazmamaq üçün ayda iki min manat istədi. Dedi, hara şikayət eləsən xeyri yoxdur. Mən də min manat verdim. May ayında yenə gəldi. Dedi: “Filan icra başçısının dizini belə yerə atmışam, elə yazaram ailən, özün məhv olarsan”. Mən də min beş yüz manat verdim. İyul ayında eşitdim ki, həbs edilib”.

İclasda F.Fərəməzoğlu da çıxış edib. O, əlində “Qurani – Kərim” kitabı ilə çıxış etmək istəyib. Hakim buna icazə verməyib. F.Fərəməzoğlu günahsız olduğunu deyib:

“And olsun əlimdə olan bu kitaba ki, bu adamları tanımıram, pul almamışam, heç vaxt əlaqəmiz olmayıb. Bu kitaba prezident də and içib. Bundan sonra ölüm hökmü də çıxarsanız, ixtiyar sahibisiniz. Heç bir günahım olmadan 15 aydır həbsdəyəm. Mən bəraət istəyirəm”.

Vəkil Z.Sadıqova isə çıxışında deyib ki, istintaq və məhkəmə prosesi qanun pozuntuları ilə keçib, ətraflı araşdırma aparılmayıb. O, bəraət hökmünün çıxarılmasını istəyib.

Prokuror Rəsul Abbaslı isə çıxışında deyib ki, F.Fərəməzoğlunun evində axtarış aparılıb, maddi sübutlar götürülüb, telefon danışıqları var və onun  günahı sübuta yetirildiyindən şikayət təmin edilməməlidir.

Vəkil Z.Sadıqova isə deyib ki, evdə axtarış qanunsuz aparılıb, F.Fərəməzoğlu və vəkili iştirak etməyib, hətta onun uşağına məxsus disklər axtarış zamanı götürülüb. Vəkil deyib ki, heç bir vəsatətləri təmin edilməyib.

F.Fərəməzoğlu isə bildirib ki, onun rüşvət kimi aldığı iddia olunan əskinaslarda barmaq izi yoxdur, videoçəkiliş yoxdur, ittiham qərəz və şər-böhtandır.

Məhkəmə onun çıxışından sonra müşavirəyə gedib. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Rəsmi məlumatda qeyd edilir ki, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində ötən ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

“Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb” – məlumatda vurğulanır.

Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) ittiham olunan F. Fərəməzoğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

F.Fərəməzoğlu ittihamları saxta adlandırır. O, apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. (

Ana səhifəXəbərlərFikrət Fərəməzoğlu: Mən bəraət istəyirəm