Fikrət Fərəməzoğlu məhkəməyə etiraz etdi

Jurnalist şahidlərin yalan danışdığını deyir

Source:
Fikrət Fəraməzoğlu foto sosial şəbəkə
Fikrət Fəraməzoğlu foto sosial şəbəkə
Fikrət Fəraməzoğlu foto sosial şəbəkə
Fikrət Fəraməzoğlu foto sosial şəbəkə


Jurnalist şahidlərin yalan danışdığını deyir

Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “jam.az” saytının baş redaktoru Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hal şahidi İsrafil Həmzəyev dindirilib. Şahid bildirib ki, ona polis əməkdaşları yaxınlaşaraq, Mehman adlı şəxsin müraciətinə əsasən, əməliyyat keçirildiyini və hal şahidi olmasını təklif ediblər. O razılaşıb və əməliyyat keçirilən zaman Mehmanın Fikrət Gərəməzoğluna pul verdiyini görüb. Bundan sonra polis əməkdaşları yaxınlaşaraq Fikərti saxlayıblar və baxış keçirilən zaman onun üzrəindən 3 min manat pul çıxıb. Şahidin sözlərinə görə, bundan sonra Fikrətlə birlikdə evinə gedərək baxış keçiriblər və evdən notbuk götürülüb. İ.Həmzəyev bildirir ki, polislərdən İbrahim Kazımovu tanıyır: “Bundan sonra idarəyə gəldik, protokolu imzaladıq, Fikrət də protokola imza atdı”.

Daha sonra Fikrət Fərəməzoğlu şahidə suallar verərək, baxış keçirilən evinin quruluşunu, neçə otaq olmasını soruşub. Şahid deyib ki, üçotaqlı ev idi və sağda yerləşən otaqdan notbuk götürülüb. Fikrət Fərəməzoğlu isə məhkəməyə bildirib ki, onun evi üçotaqlı deyil və şahid yalan danışır: “Bu şəxs mənim evimə baxış keçirilərkən, ümumiyyətlə, orada olmayıb. Onunla saxlanılanın sahəri gün idarədə görüşmüşük və üzləşmə keçirilib”.

Hakimin suallarına cavab verən şahid deyib ki, zərərçəkən şəxsi də əvvəldən tanımayıb. O qeyd edib ki, Fikərətə verilən pulun seriya nömrələri əvvəldən polislər tərəfindən qeyd edilib, həmin pulları Fikrət şalvarının sağ cibinə qoyan kimi, Mehman işarə verib və əməliyaytçılar onlara yaxınlaşıblar. Hakim protokolu elan edib və şahid təsdiq etdiyini bildirib. O vurğulayıb ki, Fikrət Fərəməzoğlu da heç bir fiziki təzyiq olmadan könüllü olaraq həmin ptorokolu imzalayıb.

Daha sonra şahid qismində əməliyyatda iştirak etmiş polis əməkdaşı Mehman Teymurov ifadə verib. O bildirib ki, 2016-cı ildə Mehman adlı şəxs müraciət edərək, F.Fərəməzoğlunun hədə-qorxu yolu ilə ondan pul tələb etməsi barədə şikayət verib:

“Bununla bağlı əməliyyat qrupu yaradıldı, əməliyyatın rəhbəri İbrahim Kazımov idi. O, hal şahidləri çağırdı, onları təlimatlandırdı. Biz əməliyyata başladıq. Mehmana Daxili İşlər Nazirliyindən əməliyyatda istifadə edilmək üçün ayrılan və seriya nömrləri qeydə alınmış pullar verildi. Həmin pulu vermək üçün əvvəlcə “Şəki” restoranının yanına getdik. Sonradan Mehmana zəng gəldi, bildirdi ki, Fikrət orda yoxdur və “20 yanvar” metrostansiyasının yaxınlığındakı xeyir-şər məclisinin yanında görüşəcəklər. Orada Mehman pulu verən zaman biz Fikrəti saxladıq. Daha sonra evinə baxış keçirdik. Fikrət özü də pul aldığını etiraf etdi”.

Vəkil bildirib ki, F.Fərəməzoğlu protokolda olan imzanın ona məxsus olmamasını bildirib. Şahid polis isə deyib ki, bununla bağlı ekspertiza keçirilə bilər:

“İmzadan imtina edirsə, ekspertiza müəyyən edə bilər, ona qarşı heç bir təzyiq olmayıb”. Vəkil şahiddən soruşub ki, əməliyyat hazırlanan zaman pulun verilmə yeri məlum idisə, nəyə görə əvvəlcə “Şəki” restoranına gedirdilər. M.Teymurov deyib ki, yolda Fikrətlə Mehman telefonla danışıblar deyə yer dəyişib. Amma əməliyyat rəhbəri olmadığına görə dəqiq səbəbi deyə bilməyəcəyini vurğulayıb.

Vəkilin “Fikrətin pul aldığını nə ilə sübut edə bilərsiniz” sualını hakim çıxarıb. O bildirib ki, şahid bu suala cavab verə bilməz. Bu isə Fikrət Fərəməzoğlunun etirazına səbəb olub:

“Nəyə görə bunların yalan-palanlarına reaksiya vermirsiniz, ancaq biz sübut istəyəndə sualı çıxarırsınız? Mənə ittiham veriblər, amma bir dənə sübut yoxdur. Əməliyyat keçirilibsə, hanı videogörüntüləri? Deyirlər, mən pul almışam, amma heç kimdən pul almamışam. Sübut varsa, qoysunlar ortaya. Başa düşmürəm, siz hakimsiniz, yoxsa ittiham tərəfinin vəkilisiniz? O zaman vəkil mantiyası geyinin, düşün, gəlin, burada əyləşin”.

Hakim onu sakitləşməyə çağırıb və bildirib ki, o, prosessual qanunvriciliklə hərəkət edir. Hakim şahidin dindirilməsinə davam etmək istəsə də, Fikrət Fərəməzoğlu prosesdən iştirakdan imtina etdiyini deyib. Hakim razılaşmadığına görə Fikrət Fərəməzoğlu əli ilə şüşə qəfəsi döyəcləyərək, onu çıxarmalarını istəyib.

Hakim fasilə elan edib. Fasilədən sonra F.Fərəməzoğlu yenidən prosesin davam etməsinə razılaşmayıb. O, hakimə yazılı etiraz verib.

Zərəçəkən tərəf etiraza qiymət verməyi məhkəmənin mülahizəsinə buraxıb. Prokuror isə əsassız olduğunu deyərək, qəbul edilməməsini istəyib.

Müşavirədən sonra hakim etirazın əsassız olduğunu deyərək, baxılmamış saxlanıldığını elan edib.

İclas martın 10-da davam edəcək.

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

O, 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib və həmin vaxt “24 saat” qəzetinin baş redaktoru kimi, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə məhkəməyə çəkilib. Məhkəmə jurnalistə, bir il şərti həbs cəzası kəsibmiş.

Ana səhifəXəbərlərFikrət Fərəməzoğlu məhkəməyə etiraz etdi