Elçin Sadıqov: “Jurnalistin qaçıb gizlənəcəyi, yenidən cinayət törədəcəyi barədə fərziyyələri əsaslandıracaq heç bir dəlil yoxdur”
Oktyabrın 25-də Nərimanov Rayon Məhkəməsində Fikrət Fəraməzoğlunun həbsinin daha 3 ay artırılması barədə müstəntiqin vəsatətinə və baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatına baxılacaq. Bu barədə məlumatı vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, vəsatət və təqdimata hansı hakim tərəfindən baxılacağı hələ məlum deyil:
“Bildirirəm ki, Fikrət Fəraməzoğlunun barəsindəki həbsin daha 3 ay artırılması barədə vəsatət və təqdimat qanunsuzdur. Ona görə ki, Fikrət Fəraməzoğlunun qaçıb gizlənəcəyi, istintaqa və məhkəməyə təzyiq edəcəyi, sübutları saxtaşdırmaq imkanının olması, yenidən cinayət törədəcəyi barədə fərziyyələri əsaslandıracaq heç bir dəlil yoxdur.
Həmçinin həbsdə qaldığı 4 ay ərzində, Fikrət Fəraməzoğlu ilə qanunsuz, heç bir əsas olmadığı halda BMCMİ- yə aparılması hallarından və cəmi bir dəfə əlavə dindirmədən başqa heç bir istintaq hərəkəti aparılmayıb”.