Futbol Federasiyasının əmkdaşları korrupsiyada ittiham olunur
Mayın 26-da İsveçrə hakimiyyəti Beynəlxalq Futbol Federasiyası (FİFA) funksionerlərinin saxlanması üzrə əməliyyata başlayıb. Bunu “The New-York Times” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib. Əməliyyat ABŞ prokurorluğunun sorğusu əsasında həyata keçirilib. Prokurorluq FİFA-nın ondan çox üzvünü korrupsiya və çoxsaylı pozuntularda ittiham edir.
Amerika nəşrinin məlumatına görə, artıq bir neçə nəfər saxlanılıb və onların ABŞ-a ekstradisiyası gözlənilir.
İsveçrə polisi əməliyyatın başlandığını təsdiqləyib, lakin həbslər barədə rəsmi məlumat hələlik yoxdur.
Bildirilib ki, təşkilatın rəhbər əməkdaşlarından altısı həbs olunub.
The NYT-in müxbiri Sem Borden Twitter-də yazıb ki, o, həbslərdən birinin şahidi olub. Onun sözlərinə görə, əməliyyatı keçirən polislər mülki geyimdə olublar.
Amerika prokurorluğunun ittihamları dünya çempionatına ev sahibliyi edən ölkələrin seçimi zamanı, həmçinin oyunların yayımlanmasına dair marketinq sövdələşmələri və sazişlər zamanı korrupsiya halları ilə bağlı olub.
Amerikanın “The Wall Street Journal” nəşri öz mənbələrinə isnadən bildirib ki, mayın 27-də ABŞ prokurorluğu FİFA rəhbərliyinin 12 üzvünə qarşı rəsmi ittiham irəli sürmək niyyətindədir.
Son məlumatlara görə, FİFA İcraiyyə Komitəsinin iki vitse-prezidenti – Ceffi Uebb və Euxenio Fiqerado, həmçinin komitənin üzvü Cek Uorner həbs olunub. Federasiya nümayəndələri Sürixdə FİFA-nın illik toplantısında iştirak edirlər.
“Reuter” məlumat verib ki, FİFA-da pul vəsaitlərinin qanunsuz dövriyyəsi 100 milyon dolları ötür.
Mayın 29-da FİFA-ya prezident seçkisi planlaşdırılıb. Beşinci dəfədir ki, bu posta təşkilatın hazırki rəhbəri Yozef Blatterin namizədliyi irəli sürülür.