FİFA-dakı əməliyyatların pərdəarxası məqamları

…Və ya futbol təkcə oyun deyil (II yazı)

Source:


…Və ya futbol təkcə oyun deyil (II yazı)

FİFA-da aparılan əməliyyatların diqqət çəkən məqamlarından biri də budur: 1998-ci ildən bəri keçirilən bütün dünya çempionatlarında ev sahiblərinin müəyyənləşdirilməsi prosesini şübhə altına salmaq.

Yaponiyanı da ittiham etdilər

İyunun 19-da mətbuata 2002-ci ildə Koreya və Yaponiyada keçirilən dünya çempionatı ilə bağlı da korrupsiya faktının olduğu barədə məlumat yayıldı. Bu dəfə Yaponiya rüşvət verməkdə günahlandırıldı. Məşhur “AS” qəzetinin iddialarına görə, Yaponiya 2002-ci ildə keçirilən dünya çempionatına ev sahibliyi etmək üçün KONMEBOL-un rəhbər şəxslərinin hesabına 1,5 milyon dollar köçürüb.

Bu məbləğin 1,2 milyon dolları Braziliyadakı, 300 min dolları isə ABŞ-dakı iki hesaba köçürülüb. Vəsait qurumda təmsil olunan rəhbər şəxslərin qohumlarının hesabına yatırılıb. İddialara görə, konfederasiyanın prezidenti Nikolas Leosa bu məbləğdən 1,2 milyon, baş katib Eduardo de Luka 200 min, FİFA ilə əlaqələrə cavabdeh olan şəxsə – Zoran Dannisə 100 min dollar çatıb. Məlumata görə, bundan əlavə də bir neçə pul köçürmələri reallaşdırılıb.

Bu yazı hazırlanarkən ittihama tuş gələn şəxslər hələ məsələyə münasibət bildirməmişdilər. Amma Yaponiya Futbol Federasiyası mövqeyini açıqlamışdı. Federasiyanın prezidenti Cunci Oqura bu məlumatı qətiyyətlə təkzib edib: “Bu, ağlasığmazdır. Belə söhbətləri kim yayır?”.

Buna qədər isə Almaniyanı “qaralamışdılar”

Yaponiya futbol funksionerinin sualının cavabını tapmaq nə qədər çətindirsə, bir o qədər də asandır. Yaponiyaya qədər Fransa və Almaniyanın da adını bu işdə hallandırmışdılar. Guya Almaniya 2006-cı ildə keçirlən dünya çempionatına ev sahibliyi etmək üçün (Almaniya İngiltərəyə bir səs çoxluğu ilə qalib gəlmişdi) qanunsuz əməllərdən yararlanıb. İddia olunurdu ki, “Volkswagen” və “Bayer AG” şirkətləri Tailand və Cənubi Koreyadakı zavodlara investisiya yatırmağa boyun olub.

1998-2005-ci illərdə Almaniya kansleri postunda olan Qerhard Şröyder isə səsverməyə bir həftə qalmış Səudiyyə Ərəbistanına silah verilməsiylə bağlı sərəncam imzalayıb. İddialara görə, bu sərəncam səsvermə zamanı Almaniyaya dəstək olmaq üçün imzalanıb.

Təbii, bu ittihamlar Almaniya tərəfindən təkzib olundu. Ancaq “qara piar” aparan mətbuat öz işindədi axı. Proses davam edir və hər gün yeni ittihamlar və ittiham olunanlar tapılır. Hələ ki, sonuncu itthamlar Yaponiyaya yönəlib. Yaponiyanın da korrupsiya qalmaqalına “şərik” edilməsi bizim qənaətimizi bir daha təsdiqləyir: FİFA-da aparılan əməliyyatlar birbaşa Rusiya və Qətərə qarşı yönəlməyib. Müəyyən ölkələr var ki, FİFA-ya tam nəzarəti ələ keçirmək niyyətindədi. FİFA-nın bayrağı altında planetin ən böyük turnirləri təşkil olunur. Bu turnirlərdə ağlasığmaz miqdarda vəsait dövr edir. FİFA-nın turnirləri yağlı biznesdi. Bu biznesə nəzarət etməklə, hansısa ölkələri də nəzarət altında saxlamaq mümkündü.

Şotlandiyada doğulan, Londonda yaşayan jurnalist

İndi isə qayıdaq ötən yazıdakı suallarımızın cavablarına. FİFA məmurlarının həbsindən sonra 71 yaşlı şotlandiyalı jurnalist Endryu Cenninqs “facebook”da belə bir status yazdı: “FTB-yə FİFA-dakı korrupsiya faktlarını mən ötürmüşəm”.

Cenninqs Şotlandiyada doğulsa da, uşaq yaşlarından Londonda yaşayır. Maraqlıdı, jurnalistin FTB ilə nə əlaqəsi? Ümumiyyətlə, Endryu bu faktları necə əldə etmişdi?

Əvvəlcə onu qeyd edək ki, bu jurnalist 90-cı illərin ortalarında Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə bağlı araşdırmalar aparmışdı. O, BOK-dakı korrupsiya faktları ilə bağlı üç kitab yazıb. Məhz onun araşdırmalarından sonra 2002-ci ildə keçirilən Qış Olimpiadası ətrafında qalmaqal yaşanmışdı. Məlum olmuşdu ki, BOK-un bir sıra üzvləri rüşvət alaraq, Olimpiadanın Solt-Leyk Sitidə keçirilməsinə səs verib.

Fikir verin, Endryunun araşdırmaları ABŞ-ın özünün korrupsiya əməllərinə qurşandığını ifşa edib. Sizcə, ABŞ-a qarşı belə ifşaedici faktların üstünü açan hansısa bir jurnalist FTB-nin diqqətindən kənarda qala bilərdi? Qətiyyən. Onda ABŞ ABŞ olmazdı ki…

Jurnalist iddia edir ki, son 15 ildə FİFA ilə bağlı araşdırmalar aparmağa başlayıb. Təxminən Solt-Leyk Siti qalmaqalından sonra. Əlavə ipucu da lazımdı, yoxsa, hər şey aydındı? Endryunu FİFA ilə bağlı araşdırmalar aparmağa kim və nə sövq edə bilərdi? Təbii ki, FTB, FTB və yenə də FTB.

Əslində elə o vaxtlardan başlayaraq, FİFA-nın bəzi məmurları (xüsusən də okeanın o tayından olan funkionerlər) FTB ilə əməkdaşlıq edirdi. Ancaq onların məlumatları FTB-nin arxivində toz basmamalyıdı. Planı həyata keçirmək üçün materiallar əvvəlcə mətbuata ötürülməliydi. Bunun üçün Endryudan yaxşı namizəd ola bilərdi? Adam bir neçə qalmaqallı korrupsiya əməliyyatlarını araşdırıb axı. Hətta ABŞ-ı da ifşa edib.

Bir sualla “qəhrəman” oldu

2001-ci ildə Samaranc BOK-un prezidenti vəzifəsindən gedir. Ondan sonra jurnalist FİFA ilə bağlı araşdırmalara başlayır. Bir gəlirli beynəlxalq təşkilatla “soyuq müharibə” başa çatmışdı. İndi isə FİFA ilə münasibətləri saf-çürük etmək lazım idi.

Blatter 2002-ci ildə ikinci dəfə prezident seçilir. Bu münasibətlə keçirilən mətbuat konfransında Cenninqs də iştirak edər və FİFA prezidentinə “siz nə vaxtsa rüşvət götürmüsünüzmü” sualını verir.

Bu sualdan sonra o, artıq “qəhrəman” idi. Cəmi iki aydan sonra “qəhrəman”a zəng gəlir. Onu FİFA-nın Sürixdəki mənzil-qərargahının yaxınlığında görüşə dəvət edirlər. Və ona korrupsiya faktları ilə zəngin olan gizli sənədlər ötürürlər. Ən əsas məqam: Cenninqs özü iddia edir ki, 2009-cu ildə ona məlumat ötürən adamlardan biri ilə görüşür. Görüşdə həmin şəxs jurnalisti Federal Təhqiqat Bürosunun əməkdaşları ilə tanış edir. “Qəhrəman”ı dinləyək: “Avropa FİFA-ya qarşı heç bir tədbir görmək istəmirdi. FTB-nin bu işlə məşğul olması lap əla oldu”.

Olduqca təzadlı məqamlar var. Birincisi, FTB-nin FİFA-da əməkdaşlarının olduğu bəlli olur. Amma bunu jurnalist açıqlamaqla həm də özünü yandırmış olur. O, əməkdaşlar məlumatı məhz ona niyə ötürürdülər? Demək, Cenninqs də elə FTB-yə işləyib. Ona ötürülən məlumatlar əvvəlcə FTB-nin əməkdaşlarının əlində olub və məhz onların tövsiyəsi ilə jurnalistə ötürülüb. Amma Cenninqs guya FTB əməkdaşları ilə ilk dəfə 2009-cu ildə görüşüdüyü iddia etməklə, özünün bu təşkilatın agenti olmadığını sübut etməyə çalışır. Amma bunu o qədər uğursuz edir ki, özünü də, FTB-ni də “yandırır”.

Rusiyalı məmur nəyə işarə edib?

Artıq FTB ilk işi həyata keçirib. Blatteri istefaya getməyə məcbur ediblər. İndi bundan sonrakı məqamlar ciddi müzakirə mövzusudu. FİFA-nın yeni preizdenti kim olacaq? Daha doğrusu, kimin adamı olacaq? Əslində, ABŞ FİFA məmurlarını seçkilərə bir neçə gün qalmış həbs etməklə, Blatterin seçilməyəcəyini güman edirdi. Ancaq hadisələrin gedişi göstərdi ki, bu qalmaqallardan sonra da FİFA-da ABŞ və İngiltərənin mövqeyi çox zəifdi. Onların müdafiə etdiyi namizəd – İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn Blatterə böyük fərqlə məğlub oldu. Təsəvvür edin, sizi dünyanın hegemon dövlətləri müdafiə etsin və məğlub olasınız. Şahzadə ikinci turda iştirak etməyi lüzum bilmədi. Məsələ aydın idi. Bundan sonra Blatterə elə təzyiq edildi ki… Təbii ki, bu təzyiq nümayişkaranə surətdə yox, qapalı şəkildə oldu. Rusiya Dövlət Dumasının sədr müavini İqor Lebedevin “tvitter”də yazdığı status: “Blatteri göndərdilər. Onu “ya prezident postu və həbsxana, ya da azadlıq” seçimi qarşısında qoydular. Blatter azadlığı seçdi. Bu posta “amerikapərəst” adamın seçilməsi Rusiya üçün pis ssenari olacaq”.

Rusiyalı məmurun statusu nədən xəbər verir? Bu mübarizədə hələ qalib bəlli deyil? Rusiya ABŞ-ın FİFA-ya nəzarət etməsinə asanlıqla icazə verməyəcək. DÇ-2018-lə bağlı aparılan kampaniyanın əsas səbəbi də məhz burda bəlli olur. Bu və digər səbəblər barədə isə növbəti yazımızda.

Ana səhifəXəbərlərFİFA-dakı əməliyyatların pərdəarxası məqamları