FHN-in hospitalının baş həkiminə hökm oxundu

Source: FHN

İmran Ağayevlə birlikdə mühakimə olunan digər şəxslər də azadlıqdan məhrum edildilər

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin tabeliyindəki Modul Tipli Hospitalın baş həkimi İmran Ağayev 8 il 3 ay azadlıqdan məhrum edilib. Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, o, hospitala xəstələri gətirmək üçün direktoru olduğu başqa bir özəl klinikanın maşınlarından istifadə etməklə, xəstələri rüşvət qarşılığında hospitalın “VİP korpus”larına yerləşdirməkdə və başqa əməllərdə təqsirli bilinib.

İmran Ağayev hospitalın daha üç nəfər keçmiş işçisi – Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovla birlikdə mühakimə olunurdu. Adları çəkilən təqsirləndirilən şəxslərdən Qulu Orucov həbsdə deyildi. O da martın 17-də məhkəmə zalından həbs olunub. Məhkəmə Rüfət Vəlizadə və Taleh İmanlının hər birinə 8 il 1 ay, Qulu Orucova isə 4 il 11 ay 28 gün həbs cəzası kəsib. Bu cinayət işi başlanarkən onun şübhəli şəxs qismində saxlandığı iki gün 5 illik cəzadan çıxılıb və üzərində bu müddət qalıb.

Cinayət işinin materiallarında iddia olunur ki, baş həkim digər əməkdaşlarla əlbir olub, hospitalın “VİP korpus”larına yerləşdirib, daha yüksək tibbi xidmətlə təmin etmək üçün 6 nəfər xəstənin yaxınından ümumilikdə 10 min 500 manat pul alıb. İmran Ağayev hospitalın işçilərindən də yenidən əmək müqaviləsi bağlamaq üçün rüşvət almaqda təqsirləndirilir.

“İmran Ağayev COVİD-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstəni özünün təsisçisi və direktoru olduğu “MediStyle” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsilə Modul Tipli Hospitala aparılmasını təşkil edib. Buna görə həmin şəxslərdən xidmət haqqı kimi ümumilikdə 51 min 600 manat pul alıb. O, həmçinin COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin mütəmadi hospitalı tərk edib, sərbəst şəraitdə hərəkət etməsinə şərait yaradıb. Bununla da xəstəliyin yayılmasına real təhlükə yaradıb”, – prokurorluğun ittihamı belədir.

İmran Ağayevə qarşı rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, karantin rejimlərinin pozulması kimi ittihamlar irəli sürülüb.

İmran Ağayev cinayət işində göstərilən ittihamların heç birini qəbul etmir. O, heç kimdən rüşvət almadığını, təqsirsiz olduğunu bildirib. Martın 17-də məhkəmədə son sözündə də Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyasından onun haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Lakin bir neçə dəqiqəlik müşavirədən qayıdan hakimlər onların dördünü də təqsirli hesab edib.

İmran Ağayevgillə eyni vaxtda “Yeni Klinika”da da əməliyyat keçirilmiş, bu tibb müəssisəsinin baş həkimi Pərviz Abbasov həbs olunmuşdu. O da koronaviruslu xəstələrin yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda ittiham olunurdu. Lakin Pərviz Abbasov özünü təqsirli bilmir, ümumiyyətlə, rüşvətdən uzaq olduğunu, maaşla dolandığını, bir avtomobil və ipotekada olan bir evdən başqa heç bir əmlakı olmadığını bildirmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında 8 il 6 ay həbs hökmü çıxarıldı. Pərviz Abbasov və daha dörd nəfərin işinə hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır.

Ana səhifəXəbərlərFHN-in hospitalının baş həkiminə hökm oxundu