“Azərbaycan bizə dostluq əlini uzatdı”
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 22-də Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində kəşfiyyat uçuşlarına başlayıb.
Bu barədə FHN məlumat yayıb. Bildirilir ki, helikopter saat 06:40 radələrindən yanğının söndürülməsi əməliyyatına qoşulub.
“Gürcüstan yanğınla mübarizədə Azərbaycan və Türkiyənin köməyindən istifadə edəcək”.
APA-nın məlumatına əsasən, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili təbii fəlakət zonasında jurnalistlərə deyib.
Baş nazirin sözlərinə görə, hökumət artıq Türkiyə və Azərbaycanla danışıqlar aparıb və əlavə texnikanın cəlb olunması ilə bağlı razılıq əldə olunub.
“Əhalini təbii fəlakətdən müdafiə etmək üçün əlimizdən gələni edəcəyik. Bunun üçün müvafiq qüvvələrimiz var”, – G.Kvirikaşvili deyib.
“Azərbaycan bizə dostluq əlini uzadaraq xüsusi avadanlıqla təchiz olunmuş helikopter göndərib”.
Bunu isə Samtsxe-Cavaxetiya regionunun qubernatoru Akaki Maçutadze deyib.
“Azərbaycanlı pilotlar səhər saatlarından Daba kəndi yaxınlığındakı yanğının söndürülməsinə cəlb olunub”, – deyə o, söyləyib.
Gürcüstanda meşə yanğınları avqustun 20-də, günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Hadisə yerinə 250 yanğınsöndürən cəlb olunub.
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.