Fəzail Ağamalı: Mərkəzi Bankın rəhbəri vətəndaşı zəlil günə qoymaq missiyasını davam etdirir

Deputat yarım milyardlıq bina tikdirmək istəyən Elman Rüstəmovu tənqid edib

Fəzail Ağamalı, Mənbə: Report.az


Deputat yarım milyardlıq bina tikdirmək istəyən Elman Rüstəmovu tənqid edib

“100 faizli deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib”. Bunu Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib. O çıxış edərək, bank kreditlərində tətbiq olunan yüksək faiz dərəcələrini tənqid edib.

Deputat bildirib ki, pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur:

“İllərdir onminlərlə vətəndaşını zəlil günə qoyan, ölkədə ailə institutuna ağır zərbələr vuran, insanların evlərini, mülklərini əllərindən alan müasir, başabəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də bu missiyanı davam etdirir. 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa, kreditin ödənişini gecikdirdiyinə görə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakı məhkəmələrin hökmü ilə müsadirə olunur. Bu cür yanaşma, yüksək faiz hansı ölkədə var?”

F.Ağamalı Mərkəzi Bank üçün yeni inzibati bina tikilməsi ilə bağlı ayrılan vəsaitə də toxunub:

“Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub. Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətilə yüksək standartlara cavab verən 1720000 m2 mənzil və yaxud 12300 yaşayış evi, bir necə məktəb, xəstəxana, uşaq bağçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar”.

Deputat qeyd edib ki, bu cür anormal bank sistemində ciddi islahatlara böyük ehtiyac var:

“Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər ki, bank – pul – krediti icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş – bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq. Eyni zamanda “Bank haqqında” qanun yenidən işlənilməli, Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, ştat cədvəlinin və illik smetasındakı müstəqilliyə son qoymalı və bu səlahiyyətlər Milli Məclisə verilməlidir. Dünyanın milyardlarla vəsaiti olan böyük banklarının Azərbaycana gətirilməsi önəmli olardı. Bu praktikanı ölkələrində tətbiq edən Cənubi Koreya, Sinqapur, Yaponiya və Çinin reallığı göz önündədir”.

Ana səhifəXəbərlərFəzail Ağamalı: Mərkəzi Bankın rəhbəri vətəndaşı zəlil günə qoymaq missiyasını davam etdirir