Fazil Mustafa: ''Büdcə mənimsəməsi nöqsan yox, cinayətdir''
“Məmurun cəzalandırılması üçün gərək vəzifədən çıxması gözlənilsin? Onların biznesi və əmlakı barədə vəzifədən çıxdıqdan mətbuatda məlumatlar gedir. Hesablama Palatası zamanında fəaliyyət göstərib belə şəxslərin qanunsuz əməllərini aşkar etməli və bu barədə hüquq-mühafizə orqanlaırn məlumat verilməlidir”.
Milli Məclisdə Hesabalama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Fəzail Ağamalı belə deyib.
O bildirib ki, dəfələrlə Palatanın hesabatlarında müxtəlif dövlət qurumların büdcədən vəsaitin mənimsəməsi barədə məqamlar yer alıb və bu ənənə davam edir.
“Hesab edirəm ki, büdcədən vəsaitlərin mənimsənilməsi istiqamətində belə neqativ halların baş verməməsi üçün biz Hesablama Palatasının müstəqilliyini təmin edərək, digər dövlət qurumlaırnın təsirindən xilas etməliyik. Hesabatda konkret qurumlarda büdcə vəsatilərin düzgün xərclənməməsinin aşkarlandığı və həmin vəsaitlərin büdcəyə qaytarıldığı qeyd olunub. Amma bu qanunsuzluğa yol verən məmurlara “gözün üstə qaşın var” deyən olmur”. Büdcədən pul oğurlayanların mənimsədiyi pulların geri qaytarılması ilə kifayətlənilməməli, bu əmələ yol verənlər ciddi cəzalandırılmalıdır”.
“Korrupsiya ilə bağlı “4 inzibati, 5 cinayət xarakterli tədbir görülüb”
2018-ci il üzrə hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. O bildirib ki, 2018-ci ildə ümumilikdə 58 nəzarət, 53 audit tədbiri 714 nöqsan qeydə alınıb.
V.Gülməmmədovun sözlərinə görə, auditlə aşkarlanan nöqsanlarda azalma müşahidə olunsa da, ümumilikdə bəzi nöqsanlar dəyişməz olaraq qalıb:
“Palata tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər də görülüb. Hesablama Palatasının 2018-ci ildə İş planı üzrə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində ümumilikdə 23 milyon 176 manat təşkil edib”.
V.Gülməmmədovun sözlərinə görə, auditlə aşkarlanan nöqsanlarda azalma müşahidə olunsa da, ümumilikdə bəzi nöqsanlar dəyişməz olaraq qalıb:
“Palata tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər də görülüb. Hesablama Palatasının 2018-ci ildə İş planı üzrə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində ümumilikdə 23 milyon 176 manat təşkil edib”.
Palata sədrinin sözlərinə görə, hesabat ilində korrupsiya ilə bağlı mübarizə istiqamətində müvafiq qurumlarla fəaliyyət təşkil olunub:
“Həmin tədbirlərin 4-ü inzibati, 5-i cinayət xarakterli olub. Vətəndaş müraciətlərinin sayı ötən il daha çox olub. 64 faizi nəzarət tədbirləri ilə bağlıdır. Vətəndaşların müraciət etdiyi 3 məsələ araşdırılıb və müvafiq addımlar atılıb”.
“Büdcədən oğurluq edənlər də cəzalanmalıdır”
Deputat Fazil Mustafa hesabatda büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı qanun pozuntularının “nöqsan” kimi təqdim olunmasına etirazını bildirib:
“Büdcədən vəsait mənimsənilirsə, bu cinayətdir. Buna “nöqsan” deyərək yumşaq ad qoymaqla, cinayət məsuliyyətinə cəlb etməkdən imtina etməyə başlayırıq. Halbuki digər oğurluq əməlinə yol verənlər cəzalandırıldığı kimi, büdcədən oğurluq edənlər də cəzalanmalıdır”.
O bildirib ki, vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var:
“Dövlət satınalmalarında ziddiyyət qabarıq şəkildə özünü göstərir. Hesabata əsasən, 76 tender komissiyasının qanunvericiliyin tələbələrinə uyğun şəkildə fəaliyyəti aşkarlanıb. Lakin hansı tenderlərin ləğvi ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bütün bunları araşdırdıqda, Hesablama Palatasının təsir imkanları böyük olsa da, reallıq baxımından çox yerlərə təsir etmək imkanı yoxdur. Hesablama Palatasının bu problemlərin aradan qaldırılmasında öncüllüyünü təmin etməsək, gələcəkdə bu problemlərin qarşısını almaq çətin olacaq. İslahatlar aparmaq niyyətimiz ardıcıldırsa, Hesablama Palatasının rəyi ilə bunları aradan qaldırmaq olar”.
“Ən ciddi nöqsanlar əsasən Maliyyə, Vergilər və ƏƏSM nazirliklərində olub”
Deputat Vahid Əhmədov deyib ki, Hesablama Palatası təkcə baş verən nöqsanlara ciddi yanaşmamalı, eyni zamanda nöqsana yol verən qurumlar barədə sərt tədbirlər görməlidir:
“Palata ötən müddət ərzində nöqsana yol verən qurumlardan büdcə vəsaitini geri qaytarmaq üçün ciddi işlər görüb və bunun nəticəsində büdcəyə hesabat ilində 23 milyon manat vəsait qaytarılıb. Ancaq hesab edirəm ki, bu vəsait azdır və gələcəkdə Palata daha çox mənimsənilən büdcə vəsaitlərinin büdcəyə qaytarılmasını təmin etsin”.
O qeyd edib ki, ən ciddi nöqsanlar əsasən Maliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə bağlı olub və bu qurumlar fəaliyyətlərindəki nöqsanları aradan qaldırmalıdır.
V.Əhmədov əlavə edib ki, digər nöqsanlar ünvanlı sosial yardım, dövlət satınalmaları, mühasibat uçotu ilə bağlı olub.
“Bir məqamı da çatdırmaq istəyirəm ki, növbəti illərdə Dövlət Neft Fondunun gəlir və xərcləri ilə bağlı hesabat verilsin. Çünki bu bardə KİV-də xeyli yazılar gedir. Bundan əlavə olaraq Palatadan xahiş edərdim ki, 2019-cu ilin büdcəsində əsaslı kapital üçün 7 milyard manat vəsait ayrılıb və bu vəsatinin xərclənməsinə nəzarət edib, 2020-ci ilin hesabatında bununla bağlı bizə məlumat versin”- deputat qeyd edib.
““Oğurlayım, üstü açılsa, qaytarıb yerinə qoyaram” yanaşması var”
Deputat Qüdrət Həsənquliyev deyib ki, parlament təkcə Hesablama Palatasının fəaliyyətinə qiymət verməli deyil, həmçinin bu qurumun hesabatında göstərilən nöqsanların aradan qaldırılması üçün ali qanunverici orqan olaraq hərəkətə keçməlidir:
“Hökumətdən də soruşaq ki, məsələn, niyə Hesablama Palatasının təqdim etdiyi 21 təklifdən 13-ü nəzərə alınıb, 4-ü nəzərə alınmayıb, 4-nə isə baxılmayıb? Biz bu məsələlərdə Palataya dəstək verməliyik. Çalışmalıyıq ki, öz üzərimizə düşən vəzifələri yerinə yetirək və Hesablama Palatasına dəstək olaq”.
Q.Həsənquliyev Palatanın hesabatında cinayət faktlarının əksini tapdığını bildirdi:
“Büdcədən 23 milyon oğurlamış şəxslərin haqqında hansı tədbir görülüb? Bu gün “oğurlayım, üstü açılsa, sonra qaytarıb yerinə qoyaram” yanaşması var. Hesab edirəm ki, təkcə Hesablama Palatasının bu faktları müvafiq qurumlara göndərməsi ilə kifayətlənməli deyilik. Biz də öz adımızdan həmin materialları Baş Prokurorluğa göndərə bilərik ki, tədbirlər görülsün”.
“Gözləməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib dağıtsın?”
Deputat Siyavuş Novruzov deyib ki, nöqsan, korrupsiya hallarının zamanında aşkarlanması üçün Palata tərəfindən yoxlamalar 6 aylıq və ya 1 illik olmalıdır.
“Biz gözləməliyik, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib dağıtsın, sonra aşkara çıxsın ki, yeyinti var və o, həmin vəsait büdcəyə geri qaytarılsın? Burada itirən dövlət, insanlardır. Çünki həmin vəsaitlər vətəndaşların sosial rifah halına müsbət təsir göstərə bilər. Ötən il Milli Məclis tərəfindən Hesablama Palatası haqqında yeni qanun qəbul olunub. Hər kəsə məlumdur ki, Palata öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir, hətta bir çox hallarda imkanlarından da kənar böyük fəaliyyət göstərir. Amma strukturda ciddi şəkildə dəyişikliyə ehtiyac var. Yeni sistemə daxil olmalıyıq. Azərbaycanda struktur islahatları aparılır, yeniləri yaradılır, köhnələri ləğv olunur. Bu baxımdan Palatanın gələcək fəaliyyətini qanun əlavə və dəyişikliklər etməklə, Prezident tərəfindən həyata keçirilən islahatlar sürətinə gətirib çıxarmalıyıq. Ona görə də Palata aralıq dövrdə ciddi şəkildə monitorinqlər aparmalıdır. Əgər lazımdırsa, bura kadrlar cəlb olunmalı, korrupsiyaya meylli şəxslər tapılmalıdır. Gələcəkdə bunlar nəzərə alınmalı, bu işləri yeni metodla həyata keçirməliyik. Palataya əlavə dəstək verməklə büdcəyə nəzarət edən orqan kimi bu məsələdə bundan sonra da ciddi addımlar atsın”.
Palatadan hökumətə təkliflər
Palata hesabatında hökumətə təkliflər verib. Təkliflərdən biri ünvanlı sosial yardımın verilməsi müddətinin azaldılması barədədir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.
“2015-ci iln mart ayından Azərbaycanda sosial yardım 2 il müddətinə verilir ki, bu da yardım alanların yardıma ümid bəsləməsinə və “ələbaxımlılıq” psixologiyasının formalaşmasına şərait yaradır. Yardım iki il müddətinə verildikdə maliyyə yardımının məbləğinin dəyişməsinə və ya ödənişin dayandırılmasına səbəb olan hallar baş verə bilər. Bu da ödənişin dayandırılması və ya onun məbləğinin dəyişdirilməsi baxımından çətinlik yaradır”. Palata hesab edir ki, bütün bu hallar dövlət büdcəsinin vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur.
Həmçinin Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınmasını da təklif edib. Hesablama Palatası bununla əlaqədar “Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişikliklərin olunmasını təklif edib.Təkliflə bağlı Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələrin edilməsi və “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik edilməsi üçün layihələr hazırlanıb. Hazırda layihələr razılaşdırma mərhələsindədirlər.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq təsdiq edilib.