Fərqli diapazonlar

Dünən cənab prezidentimizin qəbulundaydım.

Source:
Rüzgar Mövsüm
Rüzgar Mövsüm

Dünən cənab prezidentimizin qəbulundaydım. Düzü, heç bilmirəm içəri hansı qapıdan keçmişdim, məni kimlər yoxlasmışdı, ümumiyyətlə, qeydiyyata alınmışmıydım? Və necə olmuşdu ki, mənə “ə, dur bas bayıra!” deməmişdilər? Bircə onu bilirəm ki, pəncərələri açıq olan böyük işıqlı qəbul otağında onunla üzbəüz oturmuşduq və ona demək istədiklərimi artıq yazmırdım, səmimiliklə, birbaşa üzünə deyirdim. Yuxuda.

Bilirəm, çox təəccübləndiz, əlbəttə. Çünki bu gün sizin “yuxuda” sözünə qədər olan cümlələri oxuya-oxuya necə şoka düşəcəyinizi mən artıq dünən yazanda təxmin etmişdim. Axı mən özüm də bu cümlələri yazanda hər dəfə “yuxuda” sözünü sətrdə görənədək çox həyəcanlanırdım.

Necə adi bir vətəndaş Azərbaycan prezidenti ilə üzbəüz oturub qorxmadan və çəkinmədən səmimi söhbət edir? Bu, nə fövqəladə cəsarət? Bu, nə cürət? “Axı mən kiməm?” Yox. Əlbəttə ki, bu bir yuxu idi. Başqa cür ola da bilməzdi. Bugünkü Azərbaycanda, bu, doğrudan da, ancaq və ancaq yuxu ola bilər. Prezident Kanadanın baş naziri deyil ki, ona gah küçədə rast gələk, gah da parkda. Ya da metroda görüb “selfie” çəkdirək.

Qəbul otağı isti olsa da, mən üşüyürdüm. Titrəyirdim. Çox çəkmədi, bu titrəmənin səbəbini anladım – qorxu. Yox, onunla danışmaq qorxusu yox. Adamyeyən deyil ki! Qorxu – ona deyəcəklərimdən sonra mənim ailəmin, əzizlərimin başına gələ biləcək müsibətlərin qorxusu idi. Prezident şəxsən özü adamyeyən olmasa da, onun sistemi adamyeyən bir monstrdır və biz bu monstrın adamları necə yediyini dəfələrlə görmüşük. Bu monstrın torbasındakı narkotik maddələr Azərbaycanın bütün işıqlı gənclərinin evini yıxmağa bəs edər. Bu monstrın terror siyasətinə sağ olsaydı, bəlkə Trotskiy, ya da Leninin özü belə, paxıllıq edərdi.

Sonra titrəməm keçdi. Birdən, ayağa durub dedim ki, bilirsiz nə var, bunu kimsə bir gün sizin üzünüzə deməliydi. Kimsə bu sözləri ürəyindən dartışdırıb uzun illər həqiqəti deməyə qorxan dilinə gətirməliydi. Bunu deməmək əsl alçaqlıqdır, şərəfsizlikdir, cinayətdir. Olmaz belə yaşamaq. Yəni, siz, doğrudan da, başa düşmürsüz ki, olmaz? Sonra yuxuda bunların hamısının yuxu olduğunu anladım. Bir az da cəsarətləndim. Dedim ki, siz bizim kişiləri çörəklə elə imtahana çəkmisiz ki, ailələrini dolandırmaqda o qədər aciz etmisiz ki, bizim kişilər xəcalətlərindən ölürlər. Bax elə bu saat ölürlər, bu saniyə. Gündə 12-13 saat işləməkdən ələri qabar-qabar olan, beli bükülən qadınlarımızın özlərini qadın hiss etməyə nə vaxtları nə də imkanları qalmayıb.

Cənab prezident, siz nə vaxtsa axşam evə çörək gətirə bilməyən bir atanın kədərli gözlərinin içinə baxıb, onun faciəsini duymağa çalışmısınızmı? O gözlərdəki ağrını hiss etmisinizmi? Heç düşünmüsnüz ki, adamın evdə xəstəsi olanda və ona dərman almağa pul tapmayanda, ağrıdan, elə bil, adamın qaraciyərini diri-diri mişarlayırlar? Körpəsinə yemək almaq üçün kiminsə üstünə borca gedən kişilərin, qadınların boyunlarının bükülməkdən necə qat kəsdiyini, məğmun sifət etməkdənsə, gözlərinin necə qırışdığını, onların cavan yaşda necə qocaldığını bilirsinizmi?

Sevincindən ailəsinin yanına əli dolu, uça-uça gəlməyin əvəzinə, pulsuz atalar utandıqlarından evlərinə yarım saatlıq məsafəni uzadıb, ancaq balalar yatandan sonra sürünərək gəlib çıxırlar ki, uşaqlar onların üzündəki sancını görməsin. Analar isə evdə yeməyə bir şey tapmayanda, quru çörəyin üstünə sirkə damcıladıb balalarına verirlər. Bu məmləkətdə xoşbəxt valideyin olmaq əlçatmaz bir arzuya çevrilib. Utopiya olub.

Oxuduq ki, sizin qərarla xaricdə yaşayan azərbaycanlılara maddi yardım verilməsi barədə qanun layihəsi hazırlanır. Məncə, birinci xaricdə yox, daxildə, vətəndə yaşayan azərbaycanlıların maddi problemlərini həll etsəniz, sizdən heç kim inciməz.

Başa düşün ki, siz və komandanız bizə inkişaf adıyla bədbəxt həyat sırıyır. Vaxtı keçmiş ərzaqdan necə istifadə etmək olmazsa, sabah ilə deyil, dünən ilə, gələcək ilə deyil, keçmiş ilə yaşayan məmur komandasıyla da elə sizin apardığınız sağlam və çağdaş olmayan siyasətlə də inkişaf etmək olmaz. Xalq inanıb, inanıb, indi isə inanmaqdan yorulub. Xalqı aldadıblar. Xalq çaşqındır. Bu gün Azərbaycanda düşünə bilən insanlar hansısa futbol komandasına daha çox inanırlar, nəinki, sizə və komandanıza.

Siz deyirsiniz ki, inkişaf edirik. Bəli. Siz inkişaf edirsiniz, biz yox. Siz öz gözünüzdə ucalırsınız, ucalırsınız, biz isə böyük problemlərin qarşısında balacalaşırıq. Siz özünüzü ucaltdıqca, xalqı batırırsınız. Elə bu dəqiqə mən bu sözləri yazanda belə, Azərbaycanda kimsə dərd içində batır. Böyük körpülər, göydələnlər tikirsiniz ki, güya qüdrətliyik, amma o hündür mərtəbəli binalar, böyük körpülər intihar üçün istifadə olunur.

Sanki siz xalqla başqa-başqa diapazonlardasınız, xahiş edirik, hərdən dalğanızı dəyişin. Xoş arzularla uçacaq adamlar göyə yox, hündür mərtəbəli binalardan üzü aşağı ölümə sarı uçurlar. Onlar öldükdən sonra isə sizin qəsrlər də, hündür körpülər də, binalar da intihar etmiş vətəndaşların səsi ilə ağlayır. Bilirsiniz, gecələr yatmaq istəyəndə, elə bil, dünyanın hər yerindən onların – intihar etmiş vətəndaşlarımızın səsi gəlir.

Siz eşitmirsiniz?

Ana səhifəMənim FikrimcəFərqli diapazonlar