Fərman Ceyranlı barədə qərar dekabra qaldı

”Hakimlər qərar verməyə hazır olmadıqlarını elan etdilər”

Foto: sosial şəbəkə
Fərman Ceyranlı
Fərman Ceyranlı


”Hakimlər qərar verməyə hazır olmadıqlarını elan etdilər”

Gürcüstanda həbsdə olan cərrah, “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlının apelyasiya şikayəti üzrə məhkəmə araşdırmasının başa çatdığı elan edilib.

Meydan TV-yə məlumatı həkimin qızı Lalə Hüseynli verib.

Onun sözlərinə görə, apelyasiya şikayəti üzrə son məhkəmə iclası ötən həftənin sonu, noyabrın 16-da Gürcüstan Apelyasiya Məhkəməsində keçirilib.

İclasda F.Ceyranlı, vəkilləri və prokuror çıxış edib. F.Ceyranlı və vəkilləri məhkəmədən xahiş ediblər ki, birinci məhkəmə instansiyasının hökmünü ləğv etsin, cərraha bəraət versin. Onlar məhkəmənin uzanmasından da narahatlıq ifadə ediblər.

Prokuror məhkəmə araşdırmasının başa çatmış elan edilməsinə etiraz etməyib.

L.Hüseynlinin sözlərinə görə, məhkəmə heyəti məhkəmə araşdırmasının başa çatmasını elan edəndən sonra qərarı elan etməyə hazır olmadığını bildirib.

“Hakimlər elan etdilər ki, qərarı elan etməyə hazır deyillər. Müzakirə etməlidirlər. Bu məhkəmə ölkə rəhbərliyi səviyyəsində müzakirə edilməlidir, dedilər”, cərrahın qızı deyib.

Onun sözlərinə görə, məhkəmə heyəti bildirib ki, yekun qərar dekabrın 6-da elan olunacaq.

Ailəsi hesab edir ki, məhkəmənin qərarının yubanması Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlıdır.

Bundan əvvəl də F.Ceyranlının yaxınları onun apelyasiya şikayətinə baxılmasının yubadıldığını açıqlamışdılar. Apelyasiya şikayətinə baxılmasına bu ilin yazında başlanıb. Məhkəmə iclası 3 aylıq fasilədən sonra sentyabrda bərpa edilmişdi. Son iclas

oktyabrın sonları

nda baş tutumuşdu.

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.

1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda “Lancet” klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.

F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib.

O, bunu Azərbaycan müxalifətinə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib. Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, F.Ceyranlının siyasi baxışlarına görə həbs edildiyini deməsinin heç bir əsası yoxdur.

Ana səhifəXəbərlərFərman Ceyranlı barədə qərar dekabra qaldı