Cərraha kəsilmiş həbs cəzası bitib
Gürcüstanda yaşayan azərbaycanlı cərrah, Tbilisidəki “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlı həbsdən buraxılıb. 2017-ci ildən həbsdə olan Fərman Ceyranlı ona kəsilmiş 6 illik azadlıqdan məhrumetmə cəzasını başa vuraraq, azadlığa çıxıb.
Gürcüstanda apelyasiya məhkəməsi azərbaycanlı cərrahın 6 illik cəzasını 2 il 3 aya endirsə də, sonradan Ali Məhkəmə bu qərarı ləğv etmişdi. Fərman Ceyranlıya kəsilmiş 6 illik cəza qüvvədə saxlanmışdı.
Fərman Ceyranlı uzun illər Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib. 1994-cü ildə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb.
Sonralar Tbilisidə “Lancet” klinikasının yaradıcılarından biri olan Fərman Ceyranlı 2017-ci ildə dələduzluq, insanların həyat və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmə kimi ittihamlarla həbs olunub. Rəsmi sənədlərə əsasən, cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında başlanıb.
Lakin bu həbsdən az öncə Azərbaycanda hökumətə yaxın mediada Fərman Ceyranlı haqqında ittiham xarakterli materiallar yayımlanıb. Həmin məqalələrdə Gürcüstanda yaşayan cərrah Azərbaycandan olan müxalifətçilərlə işbirliyində, onlara maliyyə dəstəyində ittiham olunub.
Elə Fərman Ceyranlı özü də Gürcüstanda məhkəmə qarşısında olarkən təqsirsiz olduğunu, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edildiyini bildirib. O, bunu Azərbaycan müxalifət təmsilçilərinə yaxın olması ilə izah edib.
Azərbaycanda da hüquq-mühafizə orqanları Fərman Ceyranlı haqqında cinayət işi başlayaraq, məhkəmədə 2019-cu ildə axtarışa verilməsi barədə qərar çıxarılmışdı.