Məhkəmə iqtisadçı barəsində 3 ay 20 gün həbs qətimkan tədbiri seçib
İqtisadçı Fərid Mehralızadə haqqında həbs qərarı verilib.
İki gün əvvəl saxlanılan iqtisadçı barəsində ilkin istintaq dövrü üçün 3 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
Bu barədə iyunun 1-də Xətai Rayon Məhkəməsində qərar çıxarılıb.
Fərid Mehralızadə Bakı şəhər Baş Polis İdarəsində istintaqı gedən “AbzasMedia” ilə bağlı cinayət işi üzrə saxlanılıb.
Bu iş üzrə aylardır ki, həbsdə olan digər jurnalistlər kimi, ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Fərid Mehralızadənin istintaq dövründə həbsdə saxlanması üçün prokurorun verdiyi təqdimata iyunun 1-də məhkəmədə baxılarkən iqtisadçı ittihamı qəbul etmədiyini deyib.
O, özünü təqsirli bilməyib.
Deyib ki, heç bir cinayət törətməyib, qaçaqmalçılıq ittihamının da əsası yoxdur.
Onun vəkili də müvəkkilinin təqsirsiz olduğunu vurğulayıb.
Əlavə edib ki, hətta onunla bağlı istintaq aparılırsa belə, bunun üçün Fərid Mehralızadəni həbsdə saxlamağa ehtiyac yoxdur. Çünki onun yaşadığı yer məlumdur, istintaqdan yayınmaq niyyəti yoxdur, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur.
Müstəntiq isə əksinə, deyib ki, Fərid Mehralızadənin həbsdə qalması vacibdir. Çünki azadlıqda olsa, istintaqdan yayınmaq ehtimalı var, prosesin gedişinə mane ola bilər və s.
Hakim də təqdimatı təmin edərək, Fərid Mehralızadə haqqında ilkin istintaq dövrü üçün 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilməsinə qərar verib.
Onun vəkili Xətai Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcək.
Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb.
Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər potralı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub.
İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib. Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər.
Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.