Fərəc Quliyev: Rəsmi Bakı Moskva ilə siyasətinə yenidən baxmalıdır

”Hər halda hökumət hansı addımı atacağını daha yaxşı bilər”

Source:


”Hər halda hökumət hansı addımı atacağını daha yaxşı bilər”

Mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiasını təmin edərək,  Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması barədə

qərar

verib.

ÜAK-ın prezidenti Fazil Qurbanov qərarı ədalətsiz adlandırıb və apelyasiya şikayəti verəcəklərini bildirib.

Ədliyyə Nazirliyindən bir müddət əvvəl verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyi “İctimai təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Rusiya Ali Məhkəməsinin qərarını siyasi hesab edir.

Deputatın fikrincə, rəsmi Bakı bununla bağlı münasibətini ortaya qoymalıdır:

Fazil Mustafa

“Təbii ki, düşmən münasibətdən söhbət getmir, ancaq Rusiyanın addımı mənfi qiymətləndirilməlidir. Hər halda hökumət hansı addımı atacağını daha yaxşı bilər, çünki Rusiya böyük dövlətdir. Elə etmək lazımdır ki, münasibətlər zədələnməsin. Bütün hallarda sərt cavab verilməlidir”.

Onun deputat həmkarı Fərəc Quliyev də məhkəmə qərarını siyasi adlandırıb:

“Əgər Kremlin siyasi iradəsi olmasaydı, Ali Məhkəmə belə bir qərar qəbul etməzdi. Ümumrusiya Azərbaycan Konqresi sıradan bir dərnək deyil, qurumda çox ciddi alimlər, iş adamları təmsil olunur və onlar Rusiya dövlətinə xeyir verirlər. İkinci Ümumrusiya Azərbaycan Konqresinin ləğv edən orqan yerli məhkəmə deyil, Ali Məhkəmədir. Ona görə son bir neçə ildə baş verənlər bir zəncirin həlqəsidir. Əvvəl Ermənistana dəstək bəyanatları, ardınca işğalçı ölkənin XİN sözçüsünün açıqlaması… Bunlar Rusiyanın Azərbaycana ardıcıl münasibətidir”.

Fərəc Quliyev hesab edir ki, rəsmi Bakı Moskvayla siyasətinə yenidən baxmalıdır. Azərbaycan nə qədər Rusiyaya xoş münasibət göstərsə də, onların davranışı dəyişməyəcək:

“Birmənalı şəkildə Gürcüstan və Baltikyanı respulikalar kimi Qərbyönümlü siyasət aparılmalı və təsisatlara yenidən baxılmalıdır. Çünki Rusiya Azərbaycanı zəif salmaq istəyir. Ali Məhkəmənin qərarı Rusiyadakı Azərbaycan elitasının siyasi məsələlərə qoşulmamaq marağından doğur. Onların məqsədi azərbaycanlıların yalnız bazara məhsul gətirib satmaq və işçi qüvvəsi olmasıdır”.

Deputat “Bakının sərt cavabı ağır problemlərə rəvac verməzmi” sualına belə reaksiya verib:

“Qaradan artıq rəng olmur. Rusiya bizə bütün problemləri yaradıb, Qarabağ prpoblemini də Rusiya yaradıb və həll olunmasına da mane olur. Ümumiyyətlə, bu dövlət postsovet məkanında etnik münaqişələrə rəvac verib. 20 faiz ərazimizi işğal altında saxlayan dövlət bizə bundan artıq daha nə edə bilər ki? Ona görə çətin də olsa yeni taktika seçmək lazımdır, heç bir ölkə, xalq Rusiyanın yanında xoşbəxt olmayıb. Azərbaycanın hansı mövqeyi nümayiş etdirməsindən asılı olmayaraq, onlar bizə pis münasibət sərgiləyəcək”.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Ana səhifəXəbərlərFərəc Quliyev: Rəsmi Bakı Moskva ilə siyasətinə yenidən baxmalıdır