Nemət Kərimli: ““Ona yaxın qohumları və istədiyi vəkillə əlaqə saxlamaq imkanı yaradılmayıb”
Avqustun 14-də Nərimanov Rayon Məhkəməsində müsavatçı Fərəc Kərimovun hüquqlarının pozulması ilə əlaqədar vəsatətə baxılıb.
Meydan TV-yə proses barədə məlumat verən təqsirləndirən şəxsin vəkili Nemət Kərimli bildirdi ki, Fərəc Kərimovun müdafiə hüququ pozulub: “Ona yaxın qohumları ilə əlaqə saxlamaq imkanı yaradılmır, o cümlədən, istədiyi vəkillə həbs olunandan 6 gün sonra görüşə bilmişdi. Buna görə verdiyimiz vəsatət təmin edilmədi”.
Fərəc Kərimov iyulun 23-də həbs olunub, ondan bir həftə əvvəl isə heç bir siyasi mənsubiyyəti olmayan qardaşı Sirac Kərimov həbs edilmişdi.
Hər iki qardaşa Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə böyük ölçüdə narkotik maddə əldə etmək və ya saxlamaq) maddəsi ilə ittiham irəli sürülüb.