Fərəc Kərimlinin məhkəməsində sənədlərin saxtalaşdırılması aşkarlandı

“Əməliyyat 12.40-da başa çatıb, amma dövlətin tutduğu vəkil protokolları saat 11-də elan edib”

Source:


“Əməliyyat 12.40-da başa çatıb, amma dövlətin tutduğu vəkil protokolları saat 11-də elan edib”

Aprelin 22-də Bakı Ağır Cinayətlərə dair Məhkəmədə Müsavat Partiyasının üzvü Fərəc Kərimlinin növbəti məhkəməsi keçirilib.

Proses barədə Meydan TV-yə açıqlama verən vəkil Nemət Kərimli bildirdi ki, prosesdə çıxış edən təqsirləndirilən şəxs Fərəc Kərimli ifadəsində həbsinin siyasi motivli olduğunu deyib. O, məhz hökuməti tənqid hədəfinə aldığı və Müsavat Partiyasının internet resurslarına nəzarət etdiyi üçün həbs olunduğunu söylədi: “Hətta hüquq-mühafizə orqanları naşılıq edərək əvəzimə qardaşım Sirac Kərimlini həbs ediblər. Özümü isə anamı xəstəxanaya apararkən həbs etdilər”.

Vəkil məhkəmə araşdırmasında ziddiyyətlərin ortaya çıxdığını bildirdi: “Təsəvvür edin ki, Fərəc Kərimliyə qarşı əməliyyat 12.40-da başa çatıb, amma dövlətin tutduğu vəkil protokolları saat 11-də elan edib. Yəni vəkil keçmişə səyahət edərək saat 11-in protokolunu imzalayıb”.

Nemət Kərimli Fərəc Kərimlinin həbs olunmasında konkret kimin iştirakı barədə sensasiya doğuracaq məqamı açıqladığını dedi: “Fərəc bəy belə söylədi: Mən öz fəaliyyətimi psevdonimlə (Turan Türk) icra etdiyim üçün kimliyimi müəyyən edə bilmirdilər. Həbsxanada mənə məlum oldu ki, məni xüsusi xidmət orqanlarının Müsavat gənclər təşkilatına yeritdikləri, indi Almaniyada olan Tural Sadıqlı vasitəsilə “ifşa” edərək həbs edə biliblər. Mənə istintaq zamanı işgəncə verdilər dedilər ki, əgər bu, üstündən heroin çıxdığına dair sənədləri imzalamasan təhqir edəcəyik. Evinizə 15 kq heroin və silah-sursat ataraq atanı həbs edəcəyik . Razılaşmadım, özümü pəncərədən atmaq istəyirdim. Sonra dedilər xəstəxanadakı ananın yanına adam yerləşdirmişik, onu öldürəcəyik. Ondan sonra mən imzalamağa məcbur oldum”.

İstintaqın yekunlaşdığını söyləyən Nemət Kərimli ciddi gözləntisi olmadığını əlavə etdi: “Azərbaycan reallığı odur ki, Fərəc Kərimli barəsində sifarişli hökm  çıxarılacaq”.

Ana səhifəXəbərlərFərəc Kərimlinin məhkəməsində sənədlərin saxtalaşdırılması aşkarlandı