Müsavatçı deputata cavab verdi
Hazırda Ukraynada olan Müsavat Partiyasının üzvü Fərəc Kərimov deputat Bəhruz Məhərrəmovun onun barəsində səsləndirdiklərinə cavab verib.
Bu barədə Meydan TV-yə danışan Fərəc Kərimli Ukraynaya öz təşəbbüsü ilə gəlmədiyini bildirib:
“Bəzi məsələlərdə məsləhətləşmək üçün dəvət olundum. Dəvətə cavab verərkən də döyüş əməliyyatlarına qatılmayacağım, heç bir maddi ödəniş və sairə olmayacağı barədə şərtlərimi irəli sürdüm. Onlar da o məqsədlə dəvət etmədiklərini bildirdilər”.
Müsavatçı bildirib ki, Ukraynanın ərazisini müdafiə etmək üçün kifayət qədər insan potensialı və hazırda döyüşə hələ qatılmayan bir neçə yüz min ordusu var:
“Ona görə də xaricdən gələnlərə ehtiyac duyulmur. Müharibənin ilk günlərində Ukrayna dövləti belə çağırışlar etsə də, sonrakı mərhələdə buna gərək qalmayıb”.
Fərəc Kərimli deyib ki, Ukraynaya səfəri siyasi xarakter daşıyır və həm də Azərbaycanın mənafeyinə xidmət edir:
“Bildiyiniz kimi, martın 24-də Ukraynanın Prezidenti Zelenskinin rəhbərlik etdiyi partiya Müsavat Partiyasının da təmsil olunduğu ALDE-yə üzvlük üçün müraciət edib. İyun ayında ALDE-nin qurultayında üzvlükləri təsdiq olunacaq. Bundan başqa da, Ukrayna Ali Radasının deputatı, Krım Tatar xalqının liderləri Mustafa Cəmilevlə, Krım Tatar Milli Məclisinin başqanı Refat Çubarovla görüşümüz olub. 44 günlük Vətən müharibəsində Ukrayna xalqının və dövlətinin Azərbaycanı birmənalı dəstəkləməsi, hər zaman Azərbaycanın yanında olmasını da nəzərə alsaq, Ukraynaya dəstəyimizi ifadə etmək həm də mənəvi borcdur. Çünki 44 günlük Vətən müharibəsində mən özüm Füzulidən Şuşaya qədər Azərbaycan ordusunun zabiti kimi döyüşmüşəm və bizim savaşımızda Azərbaycana dəstək verən dövlətlərə də xüsusi diqqət yetirmişəm, onlar mənim üçün qardaş dövlətlərdir”.
Müsavatçının sözlərinə görə, belə açıqlamalar verəndə onu da unutmamaq lazımdır ki, Azərbaycanın Birinci Qarabağ savaşının qəhrəmanı, ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adı almış Ukrayna vətəndaşı olmuş Viktor Seryogin də var.
Fərəc Kərimli 2020-ci ilin oktyabrın 11-də II Qarabağ savaşına qatılıb. Füzulinin, Xocavəndin, Xocalının kəndiləri, Şuşanın azad olunması uğrunda döyüşlərdə iştirak edib. “Vətən uğrunda” medalı ilə təltif olunub.
Bəhruz Məhərrəmov pravda.az saytına açıqlamasında Fərəc Kərimlinin hərəkətini milli maraqlara zidd sayaraq əlavə edib ki, xüsusən də indiki mürəkkəb geosiyasi situasiyada bütün maraqlardan öndə öz dövlətimizin mənafelərinin dayandığı unudulmamalıdır:
“Münaqişədə kombatant kimi iştiraka gəlincə, bu, birmənalı olaraq yolverilməzdir. Azərbaycan vətəndaşları yalnız Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada sərhədlərimiz xaricində hərbi əməliyyatlara cəlb oluna bilərlər. Unutmayaq ki, 44 günlük müharibə dövründə bizim ordu sıralarında Azərbaycan vətəndaşlarından başqa kimsə olmadı”.
Xatırlatma
Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.
Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.
90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.
2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları məhv etməkdə ittiham edib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.