Raqif Kərimli oğlanlarının eyni cəzaçəkmə müəssisəsinə göndərilməsini xahiş etsə də, nəzərə alınmayıb
Siyasi fəal Fərəc Kərimli 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Bu barədə məhbusun atası Raqif Kərimli özünün Facebook səhifəsində yazıb: “9 iyul 2015-ci il tarixdə Penitesiar Xidmətin rəisi Mədət Quliyevə Sirac və Fərəcin eyni müəssisədə saxlanılmasına kömək etməsi üçün müraciət etmişdim. Göstərmişdim ki, iki qardaşın müxtəlif yerlərdə saxlanılması bizə maddi və fiziki cəhətdən müəyyən çətinliklər yaradır. Sağ olsun, hakimiyyətin “hümanizmini” bir daha göstərdi. Fərəci Siracın yanına aparmasa da, Tofiq Yaqublunun yanına apardı. Həm də ölkənin sözün həqiqi mənasında baş həkimi, akademik Əli İnsanov da oradadır. Yəqin cənab Mədət Quliyev bunula bizi rahat edə biləcəyini düşünməyib. Yoxsa bunun da qarşısını alardı”
Fərəc Kərimli ötən il, iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə böyük ölçüdə narkotik maddə əldə etmək və ya saxlamaq) maddəsi ilə ittiham irəli sürülüb. “Amnesty İnternational” təşkilatı onu vicdan məhbusu kimi tanıyır.