Zümrüd Yağmur

Mənbə: Meydan TV

Başlıq: Zümrüd Yağmur

Feminizm “kişilikdən” deyil

Cəmiyyət kişinin müdafiə strategiyasını qəribə formada qurub

Yadımdadır, kəndimizdə çox çılız, balacaboy, necə deyərlər, burnunu tutsan canı çıxacaq, heç bir işə yaramayan, gününü ot tayasının yanında keçirən bir Sayıb kişi vardı. Bir də Sayıb kişinin arvadı, cüssəli, kəndin “mamaçalığını” edən Gülü xala... Gülü xala pul da qazanırdı, evi də idarə edirdi.

Amma bir də eşidərdin Gülü xalanın səsi gəlir. Sayıb kişi qəzəblənib Gülü xalanı döyərdü. Mən də heyrət edərdim ki, axı Gülü xala istəsə o Sayıb kişini bir həmləylə yer sərə bilər.

Sonralar anladım ki, Gülü xalanı döyən Sayıb deyilmiş, onun kişi “statusu” imiş...

İşinizə yaramayan din

Banu adlı qadını qayınatası öldürüb, sonra doğrayıb zibilliyə atıb. O qadını ki, həyat yoldaşı tək qoyub xaricə gedib. İki uşaqla qadın qayınata evində yaşayırmış.

Ailəli qadın, amma təkbaşına...

Azərbaycanda qadınların tez-tez rastlaşdığı, daha doğrusu, məhkum olduğu durumdu. Evliykən tək yaşamaq... Ər Rusiyada, ya da başqa bir ölkədə asudə ( bu asudəliyə nələr daxildir, hamı bilir. Amma bütün bu “asudəliklər” xəyanət-filan da sayılmır, olur “kişi kimi “yaşamaq”) şəkildə həyatını yaşayıb, ayda da barmaqlarının arasından damlayanları evdə qoyub getdiyi “külfətə” göndərir və beləcə ailə də “qorunmuş” olur.

Qətl edilmiş qadının bu durumuna, ərin onu tək qoyub getməsinə kimsə diqqət çəkmədi. Deyəcəksiniz ki, iş yoxdu, pul qazanmalıdır-filan. Bunları mən də bilirəm. Amma anlaya bilmədiyim bir şey var. Siz niyə “dini, milli” deyib dəyərə çevirdiklərinizin arxasında dura bilmirsiz?

Toksik olsa da, Meydan TV-nin yaydığı, aksiya edən qadınların etirazına həsr edilən videoreportajın altındakı rəyləri diqqətlə oxudum. Yaşadığım cəmiyyəti bir daha yaxşı-yaxşı tanımaq üçün. Rəylərdə dini dəyərlər uğrunda “dava” gedirdi. Sinə döyənlərin içində hətta qadınlar da vardı və yazırdılar ki, yox ey, qadını qorumaq üçün dini dəyərlərimiz var.

Feministlərə də lənət oxuyurdular. Əxlaqsızmışlar, dini dəyərləri də yox etmək istəyirlər.

Amma bir nəfər də yazmadı ki, ay adam, dini dəyər başdan pozulub, özü də onu ölüsünün də dalınca böhtan dediyiniz Banu pozmayıb, onu xaricə qoyub gedən “kişi” pozub.

Mən heç din bilicisi deyiləm, amma adım kimi bilirəm ki, İslamda qadını tək qoyub getməmək haqqında ayrıca yazılıb və tək qalan qadın hansısa əməl edərsə, bunun məsuliyyəti həm də kişinin üzərindədir.

Amma kişinin xarici ölkələrdə tək qala bilməməsinə “kişilik” donu geyindirən cəmiyyət qadının insan olduğunu, onun da duyğularının, istək, ehtiras, arzularının olduğunu tanımaq istəmir, hətta rədd edir. Qadın illərlə tək qala bilər, onun əsas işi ərinin adini, namusunu qorumaqdı. Amma xarici ölkədə gününə gün qatan kişidən kimsə hesab sora bilməz, çünki onun adı “kişi”...

Arvadı ölən kişiyə bir ay sonra evlənmək haqqı tanıyan, ”kişidi, neyləsin, tək qala bilməz” deyib az qala “yazığın” gününə ağlayan, qadınsa dul qalanda ona “əxlaqlı qadın” libası biçib bütün ömrünü bu iki kəlmə sözlə əlindən alan cəmiyyət üçün əsas olan “kişilərin” kişi olmasıdır. Amma elə yenə dəyərə çevirdiyiniz (əcaba çevirdinizmi?) dində dul qalan qadına da üç aydan sonra evlənmək izni verilir. O üç ay da o dövrün hökmü idi, qadın boşanmış ərindən hamilə qalarsa, bilinməzsə, uşağın atasını müəyyən etmək mümkün olsun deyə. İndi USM olduğuna görə buna da ehtiyac yoxdu.

Amma qadın dul qalanda “dəyərinizin” ona verdiyi haqdan istifadə etməsinə pis baxırsınız. Hanı, axı deyirsiz hər şeyin başı İslami dəyərlərdi?

İşinizə yaramadımı?

Bu qədər ikiüzlü olmaq niyə?

Banu illərdir tənha idi. Kim bilir o evdə nələr yaşayıb, özü ilə nələr apardı? Xarici ölkədə öz ömrünü yaşayan əri isə arvadını tək qoyub getdiyi üçün nə qınayan var, nə də bu qətldəki payını sorğulayan.

İslamda “kişi 4 arvad ala bilər”i az qala gözə soxanlar bu yanaşmanın da var olduğunu görəsən niyə heç xatırlatmadı? Ya da bəlkə heç belə bir hökmün olduğundan xəbərdar deyillər. Bu, daha inandırıcı görünür. Qadını tək qoyub getməyi normaya çevirmiş cəmiyyət niyə bu hökmü bilmək istəsin ki?

Həm də “müqəddəs Azərbaycan” qadınının ehtirası, hissi, duyğusu ola bilməz, oldusa, bunu dilə gətirdisə, “uşaqlarının anası olmaq”dan çıxar. Dönüb olar əxlaqsız.

Hətta “yaxşı” kişilər məhz “uşaqlarının anasını” “pis” şeylərdən qorumaq üçün onlara “pis” qadınlarla xəyanət edirlər. Amma bu, necə qorumaqdırsa, o “abırlı və müqqəddəs” qadının qüruru və heysiyYatı heçə sayılır. Aranı, Turanı gəzib yaşlandıqda “dözümül və ağıllı, ailəsini qorumuş abırlı” arvadının yanını “cənnət” görənlərin səltənətindəki “rahatlığı” onlara sağlayan qadınsa “nə oldu, yenə mənim yanıma gəldi” aldanışı ilə çırıq-çırıq olmuş qüruruna bu iki kəlməylə yamaq vurmağa çalışır.

Bundan sonra kişilər müqəddəs olsun

Nə məsələdirsə, Azərbaycanda evləndiyi qadının anasının gəzdiyi budaqların bütün xassələrini öyrənən kişilər xarici ölkədə normal şəkildə və erkən yaşlardan öz qadın kimliyini kəşf etmiş qadınlarla ailə qurduqda onların analarının gəzdiyi budaqlarım “möhkəmliyi” haqqında necə deyərlər, laboratoriya yoxlanışı istəmir. Düz də edir, amma daha düzü olardı ki, Azərbaycanda da anaların gəzdiyi budaqlar haqqında dəlil-sübut yığmaqdan vaz keçələr.

Amma yox, olmaz. Niyə?

Çünki Azərbaycan qadını müqəddəsmiş...

Çünki arvadını hamıdan gizlədib “abırlı arvad” saxlayan, amma məşuqəsi gürcü aktrisasının şərəfinə qonaqlıq verib, başına da brilyant sancaq taxan babaların nəvələridilər.

Ölkədə “müqəddəs” deyib uşaq kimi başını aldadıb ona bu müqəddəsliyin yükü, məsuliyyətini yükləyib, bunu qadının qürur, ləyaqət andına çevirənlər çox asanlıqla bu “müqəddəsi” öldürür, xəyanət edir, aşağılayır, heçə sayır. Bütün bunlar hamının gözünün qabağında baş verir. Bütün bunlara da hamı norma kimi yanaşır.

Bütün bunlar hamısı “kişilikdəndi”.

Ən pisi də odur ki, qadın da susur, çünki uşaqlıqdan ona öyrədiblər ki, yaxşı qadın dözməlidir. Min illərin yaddaşı ilə qadın olmaqdan çıxıb, ancaq arvada çevrilən ananın qızana nəsihəti budur: “Dözməlisən, biz də dözüb arvad olmuşuq”.

Amma bu kobud, ürək vuran yanaşmanın cavabında, “arvad olmusuz, məhz arvad” iradına da qarşılıq deyilən cavab odur ki, durub kişiylə kişilik etməz olmaz.

Nədir axı bu kişi olmaq?

Cəmiyyət kişinin müdafiə strategiyasını qəribə formada qurub. Bir tərəfdən kişi o qədər “ağıllıdır” ki, “ağılsız qadını” mütləq idarə etməlidir. Niyə, çünki o daha ağıllı, iradəli, daha tədbirliymiş. Qadının “sahib”ə ehtiyacı var, ona mütləq saçını necə kəsdirməkdən tutmuş, geyiminə qədər nəzarət etmək lazımdır.

Amma çətinə düşən kimi, bu iradəli kişilər “kişi kişidir, zəifdi, nəfsinə sahib ola bilmir”, deyib “günahlarını” da o Büyük Yaradılışın ayağına yazırlar. Bəs məntiq harda qaldı? Bu evini yıxdığınız məntiqlə iki yanaşmadakı ziddiyyət göz deşir axı... İradəli, ağıllı kişi birdən dönüb olur instinktlərin əsiri...

Belə çıxır ki, instinktlərin idarə etdiyi kişi, qadını idarə etmək iddiasına düşür? Ya da daha sərt desək, özünü idarə edə bilməyənlər qadınları idarə etməlidir?

İkinci tərəfdən, əgər məsələ müqəddəs olmaqdırsa, məncə, haqqını geri istəyən bütün qadınlar o içi boş müqəddəsliyi sizə geri verməyə hazırdılar. Buyurun o siz, o da müqəddəslik. Sevə-sevə müqəddəsləşin.

“Xortdan” feminizm

Gəlin baş verən hadisələrə bir də feminizmin “xortdan” halından baxaq.

Son dövrlər ölkədə qadın cinayətlərinə, şiddətə diqqət çəkmək istəyən feministlər nə məsələdirsə, hamının gözündə xortdana dönüb.

Əslində, anlaşılandır. Azərbaycanda ən zəif kişi, o zəif, çəlimsiz halı ilə kraldı.

Öz krallığına xələl gətirəcək, dünənə qədər köləsi gördüyü qadınla niyə eyni haqları paylaşsın ki?

Yəni az qala hər kişi içində balaca bir diktator bəsləyir. Bu diktatorların gücünü bəsləyən “ağıllı, başı aşağı” qadınların içindən bəziləri indi birdən-birə qalxıb deyir ki, yox, mənim də haqqım var. Hakimiyyət “haqqım var” deyən vətəndaşı həbs etdiyi kimi, balaca diktatorlar da qadını öldürür, döyür.

Yəni bizim kiçik diktatorlar əslində, həm də böyük diktatoru bəsləyir.

Beləcə, məişət hadisəsi dediyiniz qadın qətlləri dönüb olur siyasi...

Ziddiyyət ondadır ki, özünü demokrat, liberal, yorğun, həbsxana cəfakeşi, ziyalı adlandıranlar də diktaturaya qarşı mübarizə aparır, amma eyni şəkildə də o diktaturanı bəsləyən amilləri özünə yararlılıq baxımından qorumağa çalışır.

Qadın öldürülür, günahkar özü olur. Niyə dinirdi ki, öldürülsün?! Başını aşağı salıb yerini biləcək. Axı eyni yanaşma ilə başı aşağı vətəndaş da olanda həbs edib, döymürlər. “Yaxşı at özünə qamçı vurdurmaz” yanaması ilə yola çıxsaq, onda belə çıxır ki, demokratlar da “yaxşı at olmadığına” görə rejim onları qamçılayır?

Rejim başı aşağı vətəndaş istəyir. Rejimdən narazı olanlar da başı aşağı qadın... O başı aşağı qadın da bəyənmədiyimiz başı aşağı vətəndaşı yetişdirir.

Dolayı olaraq nə baş verir? Ölkədəki proqresiv inkişafın qarşısında durmaqla rejimin ömrü uzadılır.

Feminizmi əxlaqsızlıq kimi qələmə verənlərin bu “xidməti” də əvəzsiz qalmır. Topluma heç bir mesaj ötürülmür və beləcə hamımızı yorub tükədən rejimin qılıncının dalı da, qabağı da bizi bicməklə məşğuldur.

“Müqəddəslərin” qisası

Kişilər doğrudanmı xöşbəxtdi?

Ya da sualı belə qoyaq.

Krallığınızda şadi-xürrəm yaşayıb, sayğı və hörmət görürsüzmü?

Bəri başdan deyim ki, “kişilər pis, qadınlar yaxşıdır” deyə bəsit bir yanaşmaya sahib deyiləm. Azərbaycan kişiləri pisdir yanaşmasını da qəbul etmirəm. Amma min ildir “Azərbaycan kişisi” obrazının yaratdığı “qəhrəmanların” indiki halını da qəbul etmək mümkün deyil.

Kişilər görəsən bilirmi ki, haqqını əlindən aldığınız o “müqəddəs qadınlar” da öz qisasını bir şəkildə sizdən alır?

İndi yazacaqlarım yəqin çoxunuzun xoşuna gəlməyəcək. Amma bu bir gercək.

Uşaqların atası, bank hesabı, ən sonunda hər gördüyünün arxasında düşən ” it kimidilər” düşüncəsi...

Amansız qisasdı. Heç xoş, barışılası yanı yoxdu. Amma haqqını alıb əvəzinə heç nə vermədiyiniz, qadın kimliyini doğum aparatına, qulluqçuya və daha nələrə dönüşdürdüyünüz qadınların da yanaması budur.

Yəni doğrudanmı bu bu “it kimi” krallığı siz məmnun edir? Yəni dorğudanmı dəyişmək, qadınla rəftarı öyrənmək, gözəl sevməyi bacarmaq, məmnun olub, məmnun etmək bu qədər çətindir?

Dünyanın hər yerində var deyəcəksiniz. Var, əlbəttə var.

Hər yer insandı.

Amma o dünya dediyiniz yerlərdə qadına ancaq arvad və ya seksual obyekt kimi baxmırılar. Şəxsiyyət kimi baxmağı da öyrəniblər.

O dünya dediyiniz yerdə qadının duğuları ilə oynayıb, “sevirəm”lə aldadıb sonra da pozğun demirlər. O dünya dediyiniz yerdə bir gündə 2-3 qadına görüş verməyi də kişilikdən saymırlar.

Yəni bütün bunları edib əvəzində sayğısızca bir “it kimi” krallığı əldə etmişlər.

Əlbəttə, bu xoşagəlməz krallığın qurucusu kişi, onu qoruyub saxlayan kölə vətəndaş-qadındır. İndi durub bir kişi desə ki, niyə elə kişiləri deyirsiniz, məgər qadınlar çox şey istəyirlər, çoxmu tələbkardır, çoxmu yüksəkdir standartları?

Deyil.

Heç deyil.

Azərbaycanda qadınların özünə münasibəti, standartları çox bəsit və dar çərçivəlidir. Bu standartları da min illərdir siz müəyyən edirsiniz və min ilin “müqəddəsliyini” ölü torpağı kimi üstündən ata bilməyən qadının indiki haldakı mücadiləsi də ona baha başa gəlir. Keçən əsrdə cadra atdığına görə əri, atası tərəfindən evinin çardağından asılan qadın indi də məsələn, 10 il əvvələ qədər maşın sürdüyü üçün linç edilirdi.

Şövkət Məmmədovanı üzü açıq səhnəyə çıxdığına görə öldürmək istəyən qoçuların nəvələri indi o Şövkət xanımın cəsarəti ilə öyünüb “Şərqdə ilk üzü açıq səhnəyə çıxan qadın” la qürur duyduğu halda müasir dövrün şövkətlərini “qoçu babaları” kimi sosial şəbəkələrdə linc edir.

Allah eşqinə, uzaqdan bir baxın. Eyni deyilmi?

Ən pisi də budur ki, cəmiyyətin “elitası”, yorğun demoktarından tutmuş elə o Şövkət xanımın həyatını araşdırıb onun cəsarətindən ağızdolusu danışan, yazan araşdırmaçıya qədər bu gün özünü qoçu kimi aparır. Ziyalı olduğunu iddia edənlər belə bu gün baş verənləri yeni bir mücadilə dalğası kimi deyil, əxlaqsızlıq kimi dəyərləndirir.

Son olaraq...

Adamın hələ “əziz kişilər” deməyə dili gəlmədiyi kişilər, istəsəniz də, istəməniz də bu ölkədə qadınlar azad , öz taleyinin sahibi olacaq. Yalnız cinsiyyətləri ilə kişilərin izzəti-nəfsini oxşamaq, uşaq doğmaq finksiyasını yerinə yetirən ikinci dərəcəli insan olmadan çıxacaqlar. Ya özünüzü də bədbəxt edən bu yobaz kişi obrazını dəyişib bu gün dəyişmək istəyən qadınlarla birgə yol alın, ya da məlum krallığınızı sürdürməyə davam edin.

Özünüzə nəyi layiq görürsünüzsə o!

Qərar sizin...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u599z9

Ən çox baxılan