Rəhman Bədəlov: “Hökumətin bütün məsələlərə müdaxiləsi çox eybəcər hal yaradır, bu, hakimiyyəti də, cəmiyyəti də dağıdacaq”
Son iki həftədir Azərbaycan cəmiyyəti hakimiyyətin yas yerlərində israfçılığa qarşı kampaniyasına köklənib. Müzakirələr açılıb, diskussiyalar gedir. Sual verilir: “Niyə bu gün, 10 il əvvəl yox? Məqsəd nədir?” Amma bu kampaniyaya ziyalıların seyrçiliyi sezilir. Fəlsəfə üzrə professor Rəhman Bədəlovla söhbətimizdə kampaniyanın doğurduğu suallara cavab verməyə çalışdıq.
–
Rəhman müəllim, hakimiyyətin yerlərdəki icra nümayəndələri yas mərasimlərinə israfçılığın qarşısını almaq adı ilə müdaxilələr edir, hətta, yasa düşən insanlar cərimə də olunurlar. Azərbaycan cəmiyyətinə indiki dönəmdə bu qadağa lazım idimi?
– Azərbaycanda ən böyük xəstəlik odur ki, necə yaşamağımızı “yuxarılar” müəyyənləşdirir. Mən yas və toy ənənələrində min problem görürəm, amma hakimiyyətin bizim əvəzimizə necə yaşamağımızı həll etməsini qəbul etmirəm. Necə yaşamaq mənim öz işimdir, məmurlar şəxsi yaşamıma müdaxiə edəndə, mənə pis gəlir, əsəbləşirəm. Dediyiniz addımlar bir kampaniyadır və oxşar kampaniyalar başqa sahələrdə olub, ancaq heç bir nəticə verməyib, indikini də əvvəlkilərin aqibəti gözləyir. Hakimiyyət nə vaxta qədər ziyalıların, xalqın var olduğunu başa düşməyəcək, heç nəyi də dəyişə bilməyəcək. Beləliklə, eybəcər bir yaşam yaranacaq, yəni eybəcər halda yaşayacağıq.
–
Bəs xalq, cəmiyyət yas və toy mərasimlərinin dəyişməsini istəyirmi?
– Bu, çox ciddi məsələdir. Bir sıra insanlar əlbəttə, istəyirlər, çünki borca düşürlər. Sadəcə, ətrafın təsirindən kənara çıxa bilmədiklərindən həmin mərasimləri keçirirlər. Ona görə bu gedişatda kimlərsə qazanır. Musiqi ilə ciddi məşğul olsam da, bir neçə gün əvvəl adına ilk dəfə rast gəldiyim bəstəkarın 200 min manatlıq maşın aldığını eşitdim. Məsələ ondadır ki, Azərbaycanda yaranan müğənni tayfası xalqın davranışını, əxlaqını həll edirlər. Bu, çox eybəcərdir və normal adamlar başa düşür ki, mövcud durum dağılmasa, cəmiyyətin özü dağıla bilər. Mən toy mərasimi yox, toy sənayesi adlandırardım, bu sənaye Azərbaycan əxlaqını tamam məhv edib.
–
O zaman dəyişməyin mexanizmini göstərin…?
– Dəyişmək üçün birinci hakimiyyəti dəyişib, cəmiyyəti bərpa etmək lazımdır. Başqa yol yoxdur, əks təqdirdə, Azərbaycanda heç nə dəyişməyəcək. Nə vaxta qədər qərarlar “yuxarıdan” olacaq, heç nə dəyişməyəcək. Mən ümumi fəlsəfi formulu deyirəm, bilirsiniz, aşağıların təşəbbüsü, hərəkəti, rəyi, istəyi olmasa, mümkün deyil.
–
Amma bu gün cəmiyyəti hakimiyyət idarə edir, cəmiyyət hakimiyyətə nəzarət edə bilmir…
– Mən totalitar sovet dövründə yaşamışam, totalitar rejimdə insanın bütün ömrünü dövlət idarə edir, doğulandan ölümə qədər. Doğum evi də, qəbiristanlıq da dövlətin idi. İndi vəziyyət bir az dəyişsə də, daha eybəcər görünür. Yəni hökumətin bütün məsələlərə müdaxiləsi çox eybəcər hal yaradır, bu, hakimiyyəti də, cəmiyyəti də dağıdacaq.
–
Hökumət rəsmiləri gördükləri bütün əməllərin xalqın rifahı üçün olduğunu bəyan edir…
– Son 10 ildə demir ki, insanların rifahı üçün bunları edir? Mən isə deyirəm ki, rifahım barədə düşünməsinlər, bu, hökumətin borcu deyil. Alman filosofu Kant deyirdi ki, rəhbərə ata kimi münasibət varsa, deməli, o, pis rəhbərdir. Rəhbər icraçıdır, prezident də icraçıdır və mənim iradəmi yerinə yetirir. Onu mən seçmişəm, o, məni seçməyib. Bizdə hər şey ifratcasına dəyişib. Ona görə hakimiyyət mənim rifahımı dəyişdiyini deyəndə, cavab verirəm ki, gərək yoxdur buna, çünki xahiş etməmişəm.
–
Axı, ictimaiyyətin seçim imkanları da məhdudlaşıb. Adi bir misal Mərkəzi Seçki Komissiyasını dövlətə rəhbərlik edənlər idarə edir və s…
– Bizim mövcud vəziyyət belədir, durum dəyişməyincə, heç rifah da dəyişməyəcək. Rifah belə olacaq: hökumətdəkilər oğurladıqları 100 manatın 1 manatını xalqa verəcək, narazı qalanda, 2 manat olacaq və insanlar da buna sevinəcək. Amma düşünənlər, elita olmasa, iqtidar istədiyini edəcək, necə ki, bugünə qədər də edir. Ona görə, son hadisələr heç də yas və toyda deyil, onlar gedişatın ifrata vardığını başa düşüblər. Bir məqama qayıdaq. Bir neçə il əvvəl hakimiyyət korrupsiyaya qarşı mübarizə elan etdi, nəticə necə oldu? Heç nə! Bax, indi apardıqları mübarizə də nəticəsiz olacaq. Ona görə ki, yas və toy, televiziya, şou-biznes böyük bir sənayedir, insanlar kanallara çıxmaq üçün pul verirlər, mənim kimi adamlara pul versələr belə, o cür kanallara çıxmaz. Bu baxımdan hökumət dediyim sənaye sistemini dağıda bilməyəcək, bir halqasını dəyişə bilər, amma bir müddət sonra o da bərpa olunar. Səbəb də odur ki, ortalıqda böyük pullar var və kim bundan imtina edər?! Sadəcə, baş verən proseslərdə qurbanlıq adi adamlardır.
–
Amma mövcud siyasətə iki yanaşma var: Birincilər deyir ki, icra strukturları müdaxilələrlə rüşvət hesabına qazanac əldə edəcəklər. İkincilər isə dini təbliğatın zəifləyəcəyini və insanların toplaşmaq azadlığına zərbə olacağını düşünür. Bu barədə nə deyə bilərsiniz?
– Birinci yanaşma ilə razı deyiləm. Çünki hakimiyyətin rüşvət mənbələri kifayət qədərdir. Mən hətta, hökumətin xoş niyyətinə də inanıram, amma “xoş niyyətlərlə cəhənnəmə gedə bilərsən” rus məsələni də unutmaq olmaz. Yenə deyirəm, xoş niyyətlərinə inanıram, sadəcə, nəticəsiz olacaq. Çünki üsulları doğru deyil. Bu yaxınlarda əzizimin yasından keçmişəm, yas mərasiminə xeyli əsəbləşdim, qızım, kürəkənim mərasimi “Təzə Pir”də etməyə məcbur olduq. Amma “Təzə Pir” zalları kimi eybəcər yer görməmişdim. Ona görə yaxınlarıma dedim ki, mənim yasımı orada verməyin. Molların kobud sifəti… konveyrdir, insanlıqdan əsər-əlamət yoxdur. Bunlara qarşı çıxmaq lazımdır, bəlkə dövlətin də niyyəti düzdür. Bir daha deyirəm, ortada böyük pullardan ibarət sənaye olduğundan onlar bununla bacarmayacaqlar. Çünki həmin pulun bir hissəsi özlərinə çatır. Yas, molla, toy, tamada, Allahşükür, bunlar bir sistemdir. Gör, hansı cəmiyyətdə yaşayırıq ki, sürücü vəsiqəsi üçün min manat rüşvət alanı həbs edirlər. Bundan şou yaradırlar, halbuki, min manat çox gülünc rəqəmdir. Əgər adam vəsiqə üçün min manat rüşvət alıbsa, o, ən təmiz adamdır. Bütün bunların kökü hər şeyin ifratda olmasındadır.
–
Çox qəribədir ki, QMİ-nin nəzarətində olan yas mərasimlərindəki israfçılığa toxunmurlar, bölgələrdə sadə adamların yaslarına müdaxilələr olur…
– Bunlar həmişə imitasiyayla məşğul olurlar. Baxın, korrupsiyayla mübarizə kimlərdən başladı, xırda məmurlardan, üçüncü-dördüncü məmur həbs edildi. Bəs hansı ali məktəbin rektoru həbs olundu? Bütün bunlar nümayiş idi, yəni ay xalq, sizin barənizdə düşünürük, sizin üçün işləyirik. Bu baxımdan QMİ-yə toxunmayacaqlar, yaxud heç kim prezidentin qızının toyu barədə danışmayacaq, yalnız üçüncü-dördüncü adamları cəzalandıracaqlar, sonra indiki kampaniya da sıradan çıxacaq. Bir daha deyirəm, bütün bunlar kampaniyadır.
–
Bəs kampaniya aparmaqda məqsədləri nədir?
– Məqsəd deyəndə, “yuxarılar”da kimsə bunun ifrat olduğunu deyib və bir az müzakirələrə ehtiyacın olduğunu qaldırıb. Yəni insanlara təlqin edirlər ki, bax, bu barədə də düşünürlər və başlanan kampaniya bir vaxt qurtaracaq. Mən kampaniyanı başlayan adamın niyyətinin təmiz olduğuna da inanıram, amma söhbət niyyətdən getmir, çünki bunlar “budağı” yox, “yarpaqları” qoparırlar.
–
Siz elita məsələsinə toxundunuz. Azərbaycanda proseslərin önünə çıxan elita varmı?
– Yoxdur. Amma ayrı-ayrı adamlar var ki, onları elita saymaq olar. Söhbət elitanın qurum, təsisat kimi birləşib-birləşməməyindən, söz demək imkanının olub-olmadığından gedir. Mən özümü elita sayıram, o cümlədən, mənim kimi insanlar da var, amma səsimiz eşidilirmi? Yox! Çünki Azərbaycanda meydan yoxdur. Vəziyyət dəyişən kimi elitanın olduğunu görəcəksiniz.
–
Bəlkə elita özü vəziyyəti dəyişməli və özünə meydan yaratmalıdır?
– Meydanı necə yaratsın ki, son vaxtlar normal insanları həbs edirlər?! Normal insanlar da qəhrəman olmaq istəmir, əslində, normal insan qəhrəman da olmamalıdır. O cümlədən, qəhrəmanlara ehtiyacı olan ölkə normal ölkə deyil. Normal ölkələrdə insanlar qəhrəman olmur.
–
O zaman yaxın 5 ildə gedişat nəyi göstərir?
– Mən futuroloq olmadığımdan 1, yaxud 5 ildən sonra nələrin olacağını deyə bilmərəm. Fəlakət olacaq, bunu deyə bilərəm, amma nə zaman olacaq, bunu deyə bimərəm.