5 yaşlı Fidan hər dəfə mağazadan qayıdandan sonra ağlayır. Çünki istədiklərini atası ala bilmir. Nə saqqızı, nə konfeti, nə də başqa şirniyyatları. Xanlar Abdullayev deyir, qızının istədiklərini hər dəfə ala bilməyəndə utanır. Qazanc üçün getdiyi yerlərdən də əliboş qayıdır. İxtisası mühafizəçilik olsa da, fəhlə kimi işləməyə də hazırdır, amma iş tapa bilmir.
Evləri bir otaqdan ibarətdi. Bura həm qonaq, həm yataq, həm də uşaqların oyun yeridir. Bir nəfərin sığışdığı mətbəxdə isə yemək hazırlamağa ərzaq yoxdur.
Ailənin iki övladı var: 5 yaşında Fidan, 3 yaşında Aydan. Fidanı bağçaya qoymağa imkanları yoxdur. Uşaqlara sonuncu dəfə nə vaxt geyim aldıqlarını da unudublar. Ailə vəziyyətdən çıxmaq üçün dövlət idarələrinə də üz tutub. Xanlar Abdullayev müraciət etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ünvanlı sosial yardım ala bilməyib. Məşğulluq İdarəsindən də ona qanedici cavab verilməyib.
Bu ilin fevralına olan statistikaya görə Azərbaycanda 38 min nəfər işsiz var. Ekspertlər bu rəqəmi real hesab etmirlər. Onlar ölkədə baş verən iki devalvasiyadan sonra insanların daha sürətlə yoxsullaşdığını bildirirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirir ki, Xanlar Abdullayev ünvanlı sosial yardım üçün müraciət etməyib. Ona təklif olunub ki, elektron qaydada yardım üçün müraciət edə bilər.
Anası Fidanı sakitləşdirir. İnandırır ki, atası iş tapıb, ona istədiklərini ala biləcək. Amma bu nə vaxt baş verəcək heç İlhamə Abdullayeva da bilmir.