14 oktaybrda səhər saat 8 radələrində Bakı olimpiya stadionunun tikintisində iştirak edən fəhlələr etiraz aksiyası keçiriblər. Onlar maaşlarının gecikdirilməsi səbəbi ilə işi 4 saat dayandırıblar. Stadionda təhlükəsizlik, daxili nizam-intizama nəzarət edən “Tekfen” şirkətinin nümayəndələri işçilərlə qapalı görüş keçirmək istəsələr də fəhlələr razılaşmayıblar. Onlar stadionun həyətində şirkətin nümayəndələrinə etirazlarını bildiriblər.
Bakı olimpiya stadionu layihəsində idarə işləri rəhbəri çalışan Mehmet Şenol bildirib ki, burada 4000 işçi çalışır, onlardan yalnız 30 nəfər etiraz edib. O, əlavə edib ki, işçilərin maaşı gecikdirilməyib. Amma Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib ki, stadionun tikintisində çalışan fəhlələrin maaşı bir neçə dəfədir gecikdirilir. O, Əmək Müfəttişliyinin bu hadisə barədə ciddi ölçü götürməsini və əmək müqavilələrinə nəzər yetirilməsini istəyib.
Xanım Qəhrəmanlı bildirib ki, şirkət işçilərə 15 oktyabrda maaşları ödəyəcəyinə söz verib.