Fədayə Laçının vəkilləri: Hepatit xəstəliyindən əziyyət çəkir

Vəkili müğənninin şərti məhkum edilməsini istəyir

Source:
Fədayə Laçın
Fədayə Laçın


Vəkili müğənninin şərti məhkum edilməsini istəyir

2017-ci il oktyabrın 22-də Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya qaytarılarkən qatarda xüsusi vaqondan iki dustağın – “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə həbs olunan 13 nəfərin məhkəməsində vəkillərin çıxışları mərhələsidir. Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərdən müğənni Fədayə Laçının vəkilləri Nurəngiz Qarayeva və Türkel Süleymanlı çıxış ediblər.

Ötən məhkəmə iclasında prokuror F.Laçının 6 il azadlıqdan məhrum edilməsini istəmişdi. Vəkilləri isə onun səhhətində problemlər olmasını, əməlindən peşman olduğunu vurğulayaraq, ona yüngül cəza verilməsini xahiş ediblər.

Müğənninin vəkili Nurəngiz Qarayeva bildirib ki, CM-in 304.2.1 (azadlıqdan məhrumetmə və ya yerindən, mühafizə altından qaçma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə təqsirləndirilir. Lakin o, özünü qismən təqsirli bilir. Çünki “Qoca” onun bacısının vaqon bələdçisi işlədiyini bilib, açarı istəyəndə qaçmağı planlaşdırdığını deməyib. Bildirib ki, yaxın bir dostuna qəfəsi açmaq üçün lazımdır.

Vəkilin sözlərinə görə, F.Laçın açarı E.Məmmədova qorxudan verib. Müdafiəçi bildirir ki, müvəkkili E.Məmmədov və Ə.Ağaminin qatardan qaçdığını olaydan bir neçə gün sonra eşidib. Çünki həmin ərəfədə xəstə olub, toy şənlikləri üçün onu narahat eləməsinlər deyə telefonunu söndürüb.

N.Qarayeva bildirib ki, F.Laçın həbs olunmamışdan əvvəl üç dəfə istintaqa çağrılıb dindirilib: “Əgər açarı verməklə onların qaçmasına yardım etdiyini düşünsəydi, istintaqdan yayınardı. Lakin o, bütün çağırışlara vaxtında gedib. Xahiş edirəm, Fədayə Məmmədovanın bu hərəkətləri fiziki və ya psixi təsir, asılılıq vəziyyətində etməsini, ilk dəfə cinayət törətməsini, Laçın rayonundan məcburi köçkün, qadın olmasını, təkbaşına övlad böyüdüb tərbiyə etməsini, xroniki Hepatit xəstəliyindən əziyyət çəkməsini və buna görə xroniki müalicəyə ehtiyacı olmasını nəzərə alasınız. Fədayə Məmmədova mədəniyyət və incəsənət sahəsində tanınmış sənətkardır. Onun şəxsiyyətini, cəmiyyət üçün təhlükəli olmadığını nəzərə alıb, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edəsiniz”.

Vəkil Türkel Süleymanlı da bildirib ki, bir qrup xalq artisti prezidentə və vitse-prezidentə F.Laşının buraxılması xahişilə müraciət edib.

Məhkəmə noyabrın 14-nə qədər təxirə salınıb.

Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, “Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Daha bir nəfər axtarışdadır.

Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. Polkovnik B.Abdullayevə mənimsəmə ittihamı da elan olunub.

Ana səhifəXəbərlərFədayə Laçının vəkilləri: Hepatit xəstəliyindən əziyyət çəkir