Dustaqların qaçmasına görə müğənni də daxil, 13 nəfər avqustun 3-də hakim qarşısına çıxacaq
Ötən il oktyabrın 22-dən 23-nə keçən gecə Lənkərandan Bakıya gətirilərkən dustaqlar Əli Ağami və “Qoca” ləqəbli Etibar Məmmədovun qatardan qaçmasıyla bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunanlar məhkəmə qarşısına çıxarılır. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə baxılacaq.
Bu iş üzrə məhkəmənin hazırlıq iclası avqustun 3-nə təyin olunub. Həmin gün hakim önünə çıxarılacaq 13 nəfər arasında Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, müğənni Fədayə Laçın da var. Qalan təqsirləndirilən 11 nəfər isə bunlardır – Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, onun qarovul müavinləri Fuad Hacıyev, Tural Poladxanov, qatardan qaçmış dustaq Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalov.
Penitensiar Xidmətin polkovniki B.Abdullayevə dustaqların qaçmasıyla yanaşı, həm də vəzifə cinayətlərilə bağlı ittiham verilib. O, CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə) maddələrilə də ittiham olunur.
Dustaqların qaçmasına görə isə təqsirləndirilən şəxslərə CM-nin 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Bu cinayət işi üzrə daha bir nəfər axtarışdadır.
Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar. 29 yaşlı Əli Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıldı. Etibar Məmmədov isə on gün sonra əməliyyat nəticəsində öldürüldü.
Noyabrın 14-də Əli Ağami iki nəfərin ölümündə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edildi.