Fədayə Laçının bacısı dustaqların qaçması barədə istintaqa nə deyib?

”Ağlıma gəlməzdi ki, o açardan dustaqların qaçması üçün istifadə olunar…”

Source:
Fədayə Laçın
Fədayə Laçın



Ağlıma gəlməzdi ki, o açardan dustaqların qaçması üçün istifadə olunar…”

2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə qatardakı xüsusi vaqondan iki dustağın qaçmasıyla bağlı cinayət işində həmin olaya görə həbs olunmuş müğənni Fədayə Laçının bacısı Telli Ağayevanın da adı keçir. O, bu cinayət işi üzrə istintaq dövründə şahid qismində dindirilib. Çünki qaçan dustaqlardan “Qoca” ləqəbli Etibar Məmmədovun qatarın pəncərəsini açmaq üçün istifadə elədiyi açar T.Ağayeva vasitəsilə əldə olunub.

T.Ağayeva istintaqa ifadəsində bildirib ki, ondan açarın hansı məqsədlə istənildiyini bilməyib.

T.Ağayeva ilə F.Laçın ögey bacıdılar, amma münasibətləri yaxşı olub. Müğənninin bacısı ifadəsində belə deyib.

2016-cı ildən Bakı-Tbilisi-Bakı istiqamətində hərəkət edən qatarda vaqon rəisi işlədiyini deyən T.Ağayevanın sözlərinə görə, 2017-ci il oktyabrın əvvəllərində Fədayə ona “WhatsApp” vasitəsilə mesaj yazaraq, vaqon açarı lazım olduğunu deyib. Nə üçün istədiyini soruşanda isə cavab verib ki, tanışının həyətində qəfəs var, onu açmaq üçün lazımdır. Həmin açar da “üçkünc” adlanırmış və onunla qatarda hər şeyi açmaq mümkün imiş: “Fədayəyə dedim ki, tanışlardan soruşaram. Bu söhbətdən sonra həmkarım Ədalət Zeynalovdan açarı tapmağa kömək istədim. Bir neçə gün sonra Ədalət perronda məni görəndə açarı uzatdı. Həmin gün Tbilisiyə gedəcəkdim, ona görə dedim ki, Fədayə gəlib götürəcək. Ədalətin telefon nömrəsini də Fədayəyə verdim. Mən qatarla gedəndə Fədayə mesaj yazıb açarı götürdüyünü dedi. Bakıya qayıdandan sonra Ədalət dedi ki, açarı Fədayə yox, narkomana oxşayan bir adam gəlib apardı. Hətta qorxdu ki, başı ağrıya bilər. Dedim ki, yox, bacım mənə ziyan vuran iş görməz”.

T.Ağayeva qeyd edib ki, həmin açarı xeyli əvvəl Ukraynada Xarkov dəmiryolçularından pulla alıb. Deyir, Fədayə üçün vaqon açarı tapanda ağlına da gəlməzdi ki, kimsə ondan istifadə edib dustaqların qaçmasını təşkil edər.

Ötən il oktyabrın 22-dən 23-nə keçən gecə dustaqlar Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə məhkəmə gedir. Bu işə görə 13 nəfər təqsirləndirilən var. Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, müğənni Fədayə Laçın, qaçan dustaqlardan Əli Ağami də onların sırasındadır. Digər təqsirləndirilən 10 nəfər isə Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev, Tural Poladxanov, E.Məmmədovla münasibəti olmuş Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

Penitensiar Xidmətin polkovniki B.Abdullayevə dustaqların qaçmasından əlavə, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə ittihamı verilib.

Bu hadisəyə görə daha bir nəfər axtarışdadır.

İttiham aktına əsasən, 7 nəfər (Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov) zərərçəkmiş şəxs qismində tanınır. Onlar polislərdir və qaçan dustaqlardan biri Etibar Məmmədovun yeri müəyyənləşdirilib onun tutulması üçün keçirilən əməliyyatda iştirak ediblər.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar. 29 yaşlı Əli Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıldı. Rəsmi məlumatda deyilir ki, E.Məmmədov onun tutulması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün öldürülüb.

Ana səhifəXəbərlərFədayə Laçının bacısı dustaqların qaçması barədə istintaqa nə deyib?