Fədayə Laçına 6 il azadlıqdan məhrumetmə cəzası istənildi

Fədayə Laçın

Fədayə Laçın

Qalan 12 nəfərə isə 7 ildən 10 ilədək həbs cəzası tələb olunub

Dustaqların qaçmasına yardım etməkdə ittiham olunan müğənni Fədayə Laçına prokuror 6 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Onunla birlikdə mühakimə olunan qalan 12 nəfərə isə 7 ildən 10 ilə qədər həbs cəzası tələb olunub.

2017-ci ilin oktyabrında Lənkərandan Bakıya qaytarılarkən Biləcəri stansiyasında “Qoca” ləqəbilə tanınan Etibar Məmmədov və Əli Ağami adlı iki dustağın qatardan qaçmasına görə həbs olunan 13 nəfərin məhkəməsində prokuror çıxış edib.

Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Bəhruz Abdullayev, Ceyhun Səmədov, Əli Ağami və Aqil Nəcəfovun hər birinin 10 il, Tural Poladxanov və Fuad Hacıyevin 8 il 6 ay, Məhəmməd Hacıyev, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov və Anar Əsgərovun 8 il, Günay Atakişiyevanın 7 il, Fədayə Laçının isə 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Bu şəxslərdən B.Abdullayev Penitensiar Xidmətinin konvoy taborunun komandiri olub. O, dustaqların qaçmasından sonra vəzifəsindən azad edilib. Polkovnik B.Abdullayev qatardan qaçma olayından başqa, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, tabeliyində olan işçilərin ezamiyyət və dövlət tərəfindən verilən müalicə pulunun bir hissəsini mənimsəməkdə ittiham edilir. İddiaya görə dustaqlardan yığılan pullar da ona çatdırılıb.

C.Səmədov qaçan dustaqların aparılıb-gətirildiyi qatarda qarovul rəisi, T.Poladxanov və F.Hacıyev onun müavinləri olub.

Ə.Ağami qaçan dustaqlardan biridir. O, “Qoca” və daha üç nəfərlə birlikdə qəsdən adam öldürməkdə təqsirləndirilirdi. Qaçma olayından əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror ona və “Qoca”ya 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Hadisədən sonra məhkəmə ona elə bu qədər də cəza vermişdi. Bu gün prokuror çıxışında bildirib ki, onun həmin cəzas ilə qaçmasına görə təyin ediləcək cəza birləşdirilsin və ümumilikdə 20 il azadlıqdan məhrumetmə cəzası verilsin.

İttihama əsasən, “Qoca” vaqonun pəncərəsini açdığı açarı münasibətdə olduğu Fədayə Laçın vasitəsilə əldə edib. Müğənni açarı “Qoca”ya onun dostu Aqil Nəcəfov vasitəsilə çatdırıb. A.Nəcəfov, F.Laçın və “Qoca”nın tanışı olan başqa bir qadın Günay Atakişiyeva onunla təcridxanada, polis idarələrinin müvəqqəti saxlama yerlərində dəfələrlə görüşüblər, hətta Lənkərana qatarda aparılıb-gətirilərkən dəfələrlə onunla birlikdə gedib-gəliblər.

“Qoca” hadisədən sonra qaçıb ölkədən çıxmaq istəyərkən də, G.Atakişiyeva onunla birlikdə olub.

Təqsirləndirilən M.Hacıyev isə həmin vaxt onları Sumqayıtdan Qazaxa aparan taksi sürücüsüdür.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3vqv8z

Ən çox baxılan