Fədayə Laçın məhkəməsinə gələnlər üçün mahnı oxudu

“Kimlər gəldi, kimlər getdi bu dünyadan…”

Source:
Fədayə Laçın
Fədayə Laçın


“Kimlər gəldi, kimlər getdi bu dünyadan…”

Dustaqların qaçmasına görə həbs olunmuş müğənni Fədayə Laçın, Penitensiar Xidmətin konvoy taborunun komandiri Bəhruz Abdullayev və daha 11 nəfərin məhkəməsi sentyabrın 24-də davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlamamışdan öncə F.Laçın salındığı şüşə qəfəsdən məhkəmə zalında olanlar üçün “Kimlər gəldi, kimlər getdi bu dünyadan…” mahnısını ifa edib.

Daha sonra məhkəmə zalına hakimlər daxil olub və proses başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əli Dadaşov ifadə verib. Qaçan dustaqlar – “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin Bakıdan Lənkərana məhkəməyə aparıldığı qatarda başqa dustaqlar da olub. Onlardan biri də Ə.Dadaşovdur. O bildirib ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır. Onu qatara mindirəndən az sonra yatıb, bir də çatanda oyanıb. Ona görə də heç nədən xəbəri yoxdur: “Bir uşağımın canı üçün, mən heç nə görməmişəm, eşitməmişəm”.

Şahidin istintaqa ifadəsi fərqli olduğuna görə onu məhkəmədə elan ediblər. Orada yazılıb ki, qatarda dustaqlar sərbəst hərəkət edirdilər. İki nəfərlik kupelər dustaqlara pulla satılırdı. “Qoca” da Bakıdan Lənkəran Ağır Cinayətlər Məhkəməsinə həmin pullu kupelərdə gedib-gəlirdi.

Ə.Dadaşov belə ifadə vermədiyini bildirib. Ona görə də vəkillər müstəntiqin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar. Vəsatət təmin olunmayıb. Hakim bildirib ki, əsas şahidlər dindiriləndən sonra bu məsələyə baxıla bilər.

Həmin vaxt qatarda olmuş daha bir dustaq Cəlil Əliyev də istintaqdakı ifadəni təsdiqləməyib. O ifadədə yazılıb ki, E.Məmmədov qatarda rahat gəzirdi, Penitensiar Xidmətin işçiləri ilə münasibətləri də yaxşı idi. İfadəyə əsasən, “Qoca” qatarda dəhlizdə rahat gəzir, kameralara baxırdı.

Vəkillər bildirib ki, şahidlər istintaqdakı ifadələri təkzib edirlər. Ona görə də həmin ifadələr sübutlar siyahısından çıxarılmalıdır.

Bu vəsatət də baxılmamış saxlanılıb.

Dustaqların qaçmasıyla bağlı məhkəmə prosesi sentyabrın 26-da davam edəcək.

Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, “Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Daha bir nəfər axtarışdadır.

Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. Polkovnik B.Abdullayevə mənimsəmə ittihamı da elan olunub.

Ana səhifəXəbərlərFədayə Laçın məhkəməsinə gələnlər üçün mahnı oxudu