Fədayə Laçın məhkəmədə ifadə verdi

”Qoca” demişdi ki, ölərəm, onların əlinə keçmərəm”

Source:


”Qoca” demişdi ki, ölərəm, onların əlinə keçmərəm”


2017-ci ilin oktyabrında dustaqların qaçmasına görə həbs olunan müğənni Fədayə Laçın avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

O, qaçan dustaqlardan biri – “Qoca” ləqəbli Etibar Məmmədovla tanışlığı barədə danışarkən bildirib ki, əvvəlcə onun qardaşının toyunda, daha sonra özünün ad günündə müğənni kimi iştirak edib. Münasibətləri də ondan yaranıb. F.Laçın deyir ki, Etibar şair idi, şeirlər, qəzəllər yazıb ona göndərirdi. “Qoca” həbsdə olanda da onun yanına gedib-gəldiyini deyən təqsirləndirilən müğənni dustaqların qaçarkən vaqonun pəncərəsini açmaq üçün istifadə etdiyi açarın Etibara necə çatması haqda bunları deyib:

“Etibarın yanına gedəndə məndən açar istədi. Açarın nəyə lazım olduğunu soruşanda dedi ki, həbsxanada “qiymətli qəfəs var, ora girmək istəyirəm”. Mən əvvəl ona bacımın dəmiryolunda işlədiyini demişdim. Buna görə də məndən açar istədi. Heç bilməzdim ki, Etibar qatardan qaçar. Əvvəl açara görə bir neçə gün telefonumu söndürdüm. Sonra Aqil açara görə zəng elədi. Mən də bacıma zəng etdim. Açarı başqa adamdan Aqil götürdü. Sonra da məlum hadisə baş verdi. Hadisədən sonra məni prokurorluğa çağırdılar, özüm ora getdim”.

“Qoca” məhkəməyə görə Lənkərana etap edilən zaman da F.Laçın orada onunla görüşüb:

“Etibar mənə zəng etmişdi. Mən də həmin gün Lənkəranda toyda idim. Sonra onunla görüşdüm. Sonuncu dəfə Etibarla Bakıda vağzalında görüşdüm. Bizim görüşümüzə orada qarovul rəisi Ceyhun Səmədov icazə verdi. O, çantamı alıb üstümə baxış keçirdi. Qatarda telefonumda olan mahnılara Etibar qulaq asdı. O, Ceyhundan icazə istəmişdi. Ceyhun da ona icazə verdi. Etibarın qaçmağına inanmırdım”.

F.Laçın sözügedən açarı şəxsən görmədiyini söyləyib:

“Etibarın qatardan qaçma xəbərlərini saytlardan oxudum. O, qaçandan sonra mənimlə əlaqə saxlamadı. Mən Etibarla qatarda görüşəndə nə Ceyhun Səmədova, nə də digərlərinə pul vermişəm. Çünki mənə hörmət edirdilər. Həttə yol polisləri məni yolda saxlayanda hörmət edib buraxıblar. Məni müğənni kimi tanıyırdılar. Etibarla Bakıda qatarda görüşümüzdə Ceyhun Səmədovdan xəbərsiz onunla şəkil çəkdirdim. Hətta orada Əli Ağaminin də Etibarla şəklini çəkdim”.

Müğənni Bakı İstintaq Təcridxanasında E.Məmmədovla üç dəfə görüşdüyünü bildirib:

“Lənkəranda isə icazə ilə onunla görüşdüm. Bizə şəraiti polislər yaratmışdı, çay da verdilər. Bir neçə dəqiqə Etibarla söhbət etmişəm”.

Məhkəmədə məlum olub ki, “Qoca” həbsdə olan zaman F.Laçın onunla 32 dəfə telefonla danışıb. Danışıqların ən uzun çəkəni 4 min 30 saniyə (67 dəqiqə) olub:

“Bəli, ona mən də zəng edirdim, özü də zəng edirdi”.

Təqsirləndirilən Məhəmməd Hacıyev də məhkəmədə ifadə verib. O, Sumqayıtda taksi fəaliyyəti ilə məşğul olub və “Qoca”nı Ağstafaya aparıb: “Günay xanım zəng etdi, onların evinə gedəndə qapı döyüldü, Etibar gəldi. Əvvəl qapıda Etibarla söhbət etdik, dedi ki, “artıq-əskik olmasın, hara lazımdır ora da sür”. Mən onunla pul söhbəti aparmamışam. Əvvəl Sumqayıtdan Qaradağa apardım. Postda geri qayıtdıq, Günay nömrə aldı. Sonra getdik və Ağstafada həbs edildik”.

M.Hacıyev qeyd edib ki, “Qoca” onu təhdid edib: “Mən də qorxduğum üçün onları apardım”.

Digər təqsirləndirilən Tərlan Zeynalov ifadəsində deyib ki, “Qoca” qaçandan sonra onunla görüşüb:

“Görüşümüz ayaqüstü olub. 2000 manat pul var idi, onu gətirib Etibara verdim. Pul mənim dayımoğlumda idi. Pulu da “Qoca”nın yoldaşı göndərmişdi. Əvvəl maşınla gəlib məni götürüb Hökməliyə getdik. Maşında bildim ki, Etibar qaçıb. Hökməlidə onun dustaq yoldaşının evinə getdik. Axşam tərəfi pulu gətirib verib, oradan getdim”.

Təqsirləndirilən Şahmar Bəyəlizadə də ifadə verib. O, dostu İlqarın ona zəng edib qonağı olduğunu bildirdiyini söyləyib: “Mən də evdə tək idim. Bunlar gəldi, mağazaya getdim. Qayıdanda dedilər ki, Fədayə Laçın həbs edilib. Yenidən mağazaya gedib qayıdanda Etibargil getmişdi. Sonra onlarla birgə gedəndə polis bizi mühasirəyə aldı. Həmin zaman Anar yaralanmışdı. Polis bizi tutanda Etibar yaralı idi…”

Hakim bildirib ki, təqsirləndirilən şəxs istintaqa ifadəsində “Qoca”nın özünü vurduğunu deyib: “O, bıçağı çıxarıb özünü vurmuşdu. Deyirdi: “Ölərəm, amma onların əlinə keçmərəm””.

Təqsirləndirilən Anar Əsgərov da dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib, taksi sürücüsü olduğunu söyləyib: “Gecə idi, qəsəbədən tanıdığım İlqar rayona getmək lazım olduğunu bildirdi. Maşında gedən zaman baqajdan bir nəfər çıxdı. Sonra bildim ki, bu “Qoca”dır. Onu heç tanımırdım. Yolda polis bizi mühasirəyə aldı. Hadisə zamanı yaralanmışam. Xəstəxanada yaddaşım pozulub. Çox şey yadımda deyil”.

Məhkəmədə təqsirləndirilən qarovul rəisinin müavini Tural Poladxanov ifadə verib. O, Fədayə Laçınla Günay Atakişiyevanı hadisədən əvvəl bir dəfə gördüyünü bildirib:

“Qatarda 9 kamera var idi. Pəncərə yalnız bələdçinin otağında idi. Təlimatda dustaq bələdçinin qatarında gedə bilməz”.

T.Poladxanov dindirilən zaman hadisə barədə danışıb:

“Bakıda dustaqları kameralara yerləşdirəndən sonra “Qoca” rəis Ceyhun Səmədovun yanına getmək istədi. Çünki onun həmişə problemi olurdu. Soruşanda “sənlik deyil, rəisin yanına apar”,- dedi. Deyəsən, onu rəisin yanına mən apardım. Etibarı rəisin otağına qandalsız apardım. O, rəisin yanında qaldı. Ağamini isə rəisin otağına mən aparmamışam, bilmirəm. Gecə saatlarında yatdım, onu bələdçinin otağına aparmışdılar. Yuxudan qalxanda Günay Atakişiyevanı həmin bələdçinin otağında tək gördüm”.

T.Poladxanov növbəti iclasda ifadəsini davam etdirəcək.

2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə Lənkərandan Bakı istintaq təcridxanasına qaytarılan iki məhbus qatardan qaçıb. Onlardan biri – Əli Ağami sonradan həbs olunsa da, “Qoca” ləqəbli Etibar Məmmədov saxlanılarkən öldürülüb.

Ana səhifəReportajFədayə Laçın məhkəmədə ifadə verdi