Fədayə Laçın ev dustaqlığına buraxılmadı

Vəkil: “Yaxın günlərdə prezidentə müraciət edəcəyik”

Source:
Fədayə Laçın
Fədayə Laçın


Vəkil: “Yaxın günlərdə prezidentə müraciət edəcəyik”

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının apelyasiya şikayətinə baxlıb.

Dekabrın 21-də Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb. İclasdan sonra F. Laçının vəkili Türkel Süleymanlı jurnalistlərə bildirib ki, məhkəmə şikayəti təmin etməyib:

“Hesab edirik ki, qərar antihumanistdir. Bizim dediyimiz arqumentlər təkzib edilmədi. Lakin heç bir münasibət bildirilmədi. Fədayə Laçın üçüncü dəfə ifadə verməyə gələndə həbs edilib. Fədayə xanım istintaqa heç bir təsir etməyib. Səhhətində problem var və müalicə olunmalıdır. İclasda özü də iştirak edirdi və bildirdi ki, səhhətində problem var. Dedi ki, məhkəmə olmadan və təqsiri sübuta yetirilmədən cəza çəkir. Müəssisə əməkdaşları və kamera yoldaşlarından şikayəti olmadığını bildirdi. Dedi ki, aldadılıb”.

Vəkil deyib ki, həmin qərardan şikayət vermək nəzərdə tutulmayıb: “Yaxın günlərdə yenidən prezidentə müraciət edəcəyik”.

Bir müddət əvvəl Nəsimi rayon Məhkəməsində F. Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.

Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda vəsatət təmin edilməyib.

Bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E.Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən üç nəfər saxlanılıb. Onlardan biri müğənni Fədayə Laçındır.

Onunla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

Ana səhifəXəbərlərFədayə Laçın ev dustaqlığına buraxılmadı