”Fəaliyyəti bu il üçün nəzərdə tutulan komitənin bu qədər borcu necə yaranıb?”

Qubad İbadoğlu: “Güman ki, burada yüz milyonlardan söhbət gedir”

Source:


Qubad İbadoğlu: “Güman ki, burada yüz milyonlardan söhbət gedir”

Azərbaycan Vergilər Nazirliyi 2017-ci il yanvarın 1-i tarixinə faiz və maliyyə sanksiyaları üzrə mövcud olan borcları qeyd-şərtsiz olaraq silinmiş vergi ödəyicilərinin siyahısını dərc edib.

Həmin siyahıda 18932 hüquqi şəxsə amnistiya təqdim edilib.

Amnistiya tətbiq edilən fiziki şəxslər siyahısında isə 50163 nəfərin adı var.

Hüquqi şəxslərin siyahısında “Atabank” (46 402 manat), ləğvetmə prosesində olan “Atrabank” (852 manat), “Birlik Bank” (91 224 manat), “Bank Standard” (16 574 manat), “Debüt Bank” (27 283 manat), “Texnika Bank” (522 292 manat), “United Credit Bank” (8 117 manat), “Eurobank” (29 manat), “Azərsu” (13 692 458 manat), Əmlak Məsələri Dövlət Komitəsi (14 145 409 manat), “AZAL” (14 475,1 manat) və s. var.

Vergi amnistiyasından kimlər nə qədər bəhrələnib?

İqtisadçı Qubad İbadoğlu deyir ki, bu siyahıya Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinın (AİHOƏK) başçılıq etməsi maraq doğurur:

“Yenicə işə başlayan, fəaliyyəti əsasən bu il üçün nəzərdə tutulan komitənin bu qədər borcu necə yaranıb? Nəzərə alaq ki, bu mənbədən borc əsas borcun 0,1 faizi miqdarında birinci il ərzində hesablanır. Belə olan halda AİHOƏK-in əsas borcunun hansı məbləğdə olmasını təsəvvür etmək o qədər də asan deyil. Güman ki, burada yüz milyonlardan söhbət gedir”.

İqtisadçını təəssüfləndirən daha bir məqam isə vergi intizamını pozanların sırasında Əmlak Məsələləri Dövlət Komitəsi, “Azərsu” Açiq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyinin olmasıdır.

İqtisadçı Samir Əliyev isə vergi amnistiyası addımını müsbət qiymətləndirir. Deyir, amnistiyalar müxtəlif olur, vergi, kapital və s. Bu, daha çox gizlədilmiş qeyri-rəsmi dövriyyənin rəsmiləşdirilməsi üçün tətbiq edilən kampaniyadır vəyrı-ayrı ölkələrdə də keçirilir:

“Bizdəki proses isə vergi amnistiyasından çox verginin faiz borclarının güzəştidir. Burada söhbət dövriyyənin gizlədilməsindən getmir. Sadəcə, kimsə vergisini vaxtında ödəməyib, üstünə cərimə faizləri gəlib. Həmin cərimələr şişib və nəticədə böyük faiz borcları yaranıb. Hesab edirəm ki, bu vergi amnistiyasından çox, vergi borclarının qaytarılmasına edilən güzəştlərdir. İstənilən halda müsbət addımdır”.

Samir Əliyev deyir ki, gözləndiyi kimi bundan daha çox dövlət qurumları yararlandı:

“Hüquqi şəxslərə baxdım. Yüksək borcu olanların 90 faizi dövlət şirkətləri idi. Qalan 10 faizi sadə insanlardı. Təsadüfi şəxslərdə çox borc yaranmayıb, daha çoxu dövlət şirkətlərinin borcudur. Diqqəti cəlb edən də bu oldu. Düşünürəm ki, aksiyadan sonra müəyyən qədər vəsait yığılacaq. Bunun da dövlət büdcəsinə müəyyən yararları olacaq”.

İqtisadçı deyir ki, əslində iri şirkətlər bu borcun yaranmamasına çalışmalı idi:

“Necə olub ki, bugünə qədər belə yüksək məbləğdə cərimə, faiz borcları yaranıb? Adi vətəndaş vergi borcunu 1-2 gün gecikdirən kimi ona gün ərzində dəfələrlə zəng edib bildirirlər. Ancaq siyahıda şirkətlər var ki, iri məbləğdə borcları yaranıb. Bunu onlara deyən olmayıbmı? Mənim diqqətimi siyahıda bir hərbi hissənin faiz borcu da çəkdi. Hərbi hissənin borcu necə yarana bilər? Baxanda belə suallar da yaranır”.

Ana səhifəXəbərlər”Fəaliyyəti bu il üçün nəzərdə tutulan komitənin bu qədər borcu necə yaranıb?”