“Vaksin COVİD-ə yoluxmadan daha az təhlükəlidir”
ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının (FDA) peyvənd məsləhət heyəti 5-11 yaş arası uşaqlara “Pfizer/Biontech” vaksini vurulmasını tövsiyə edib.
“The Week” saytı yazır ki, bu qərar yaxın zamanlarda təsdiq edilə bilər və buna əsasən ailələr uyğun zamanda uşaqlarını peyvənd etdirməlidir.
Bildirilir ki, uşaqların ölüm və ya ağır xəstəlik keçirmə ehtimalı yaşlılara nisbətən az olsa da, vaksinasiya COVID-ə yoluxma ilə müqayisədə daha az təhlükəlidir.
“Uşaqlarda qalıcı qoxu və dad itkisi, xroniki yorğunluq, beyində durğunluq yaranır”
“Pfizer” heyətinin uşaq peyvəndi üzərində apardığı tədqiqatlar göstərir ki, vaksindən sonrakı əsas risk ürəkdə kiçik iltihablanma ehtimalı olsa da, bu, qısa müddət çəkə bilər və ölümlə nəticələnmir. Eyni zamanda, tədqiqatlar göstərir ki, COVID infeksiyası əhəmiyyətli dərəcədə daha təhlükəlidir və əslində ürək xəstəliyi yoluxma zamanı da yaşana bilər.
Sentyabr ayında virus 1-4 yaşlı uşaqların ölüm səbəbləri arasında 7-ci, 5-14 yaşlı uşaqlar arasında 6-cı, 15-24 yaşlı uşaqlar arasında 4-cü yeri tutub.
Məlumata görə, bu, ciddi bir göstəricidir. Qeyd olunur ki, COVİD uşaqlarda qalıcı qoxu və dad itkisi, xroniki yorğunluq, beyində durğunluq və ya hazırda araşdırılan digər problemləri üzə çıxarır.
“İngiltərə laqeyd yanaşdığı üçün ağır nəticələrlə üzləşib”
“Financial Times” qəzetində dərc olunan araşdırmalarda deyilir ki, İngiltərə uşaqların peyvənd olunmasına laqeyd yanaşdığına görə ağır nəticələrlə üzləşib. Belə ki, Böyük Britanyada İspaniya və ya Portuqaliya ilə müqayisədə daha az yeniyetmə peyvənd olunub.
Nəticədə adıçəkilən ölkələrdə gənclər və böyüklər arasında COVID-ə yoluxma halları böyük ölçüdə azalsa da, Böyük Britaniyada yeniyetmələrdə yoluxma hallarının sayı kəskin şəkildə artıb.
Bildirilir ki, bu virus daha sonra yeni yetmələrdən yaşlı insanlara, o cümlədən immun çatışmazlığı olan insanlara ötürülüb.
“Bu o deməkdir ki, peyvənd olunmamış uşaqlar virusun yayılması hallarını artıracaq və Amerikanı Avropa ilə müqayisədə sürü toxunulmazlığından daha çox uzaqlaşdıracaq. Uşaqları peyvənd edin və bu pandemiya qarabasmasına son qoyun”, – deyə araşdırmada qeyd olunur.