İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımovun sağlamlığında ciddi problemlər yaranıb.
Qardaşı Nazim Qasımovun Meydan TV-yə verdiyi məlumata görə, hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Fazil Qasımov bəzən qan qusur.
“Fazil həbs olunmazdan əvvəl Türkiyədə mədəsindən əməliyyat olunmuşdu. Həbs olunduqdan sonra həbsinə etiraz olaraq uzun müddət aclıq aksiyası keçirdi. İki gün öncə onun yanına getdim. Bildirdi ki, yenidən mədəsində ağrılar yaranıb, qida qəbul edərkən çox əziyyət çəkir. Deyir ki, bir həftədən çoxdur səhərlər ağzından qan gəlir”.
2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov 2025-ci il martın 13-də 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.
Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir. O, həbsinə etiraz olaraq artıq iki dəfə aclıq edib.
Nazim Qasımov bildirib ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində alimin durumundan xəbərdardırlar:
“Müəssisənin həkimi bunu qeydə alıb və onun müəssisə daxilində tibbi şöbəyə köçürülməsi üçün müraciət edib, lakin hələ köçürülməyib. Normal müalicə almasa, həyatı təhlükə altında qalacaq. Azadlıqda olarkən mədə əməliyyatından sonra dərman qəbul edirdi. Həmin dərmanları Türkiyədən gətirmişik. Hələ ki, bu dərmanla keçinməyə çalışır. Amma uzun müddət belə davam edə bilməz, normal müalicə almasa, həyatı təhlükə altında qalacaq. Cəzaçəkmə müəssisəsinin rəhbərliyindən, əməkdaşlardan şikayəti yoxdur. Problem sağlamlığı ilə bağlıdır”.