Fazil Qasımovun istintaqı yekunlaşıb

Fazil Qasımov. Foto: Fazil Qasımovun “Facebook” səhifəsindən götürülüb

Vəkilləri 34 gündür aclıq edən alimin səhhətində ciddi problem yarandığını deyirlər

İstanbul Universitetinin doktorantı, 2023-cü ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən və professor Qubad İbadoğlu ilə birlikdə eyni cinayət işi üzrə təqsirləndirilən alim Fazil Qasımovun istintaqı yekunlaşıb. Onun işi bugünlərdə Qubad İbadoğlu ilə bağlı ümumi işdən ayrılıb və Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) və 204.3.1 (saxta pul hazırlama, əldə etmə – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələrilə yekun ittiham verilib.

Hazırda Fazil Qasımov və vəkilləri cinayət işinin materialları ilə tanış olur. Tanışlıq mərhələsi başa çatandan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Vəkillərin Meydan TV-yə verdiyi məlumata görə, Fazil Qasımov ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, bir ilə yaxındır ki, heç bir dəlil-sübut olmadan qanunsuz həbsdə saxlandığını hesab edir. Buna etiraz olaraq, iyunun 14-dən həbsdə aclıq aksiyası keçirir. 34 gün davam edən aclığın Fazil Qasımovun səhhətində ciddi problemlərə yol açdığını deyən vəkillər onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün müxtəlif qurumlara müraciət ediblər. Penitensiar Xidmətin rəhbərliyinə, Ombudsman Aparatına bu məsələ ilə bağlı edilən müraciətlər nəticəsiz qalıb – Fazil Qasımov hələ də Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Müdafiəçilər bildirir ki, uzun müddət davam edən aclığın onun həyatını təhlükə altında qoyduğuna Fazil Qasımovu inandırmağa çalışıblar, ondan aclığı dayandırmasını xahiş ediblər. Lakin cəhdləri nəticəsiz qalıb – gənc alim qanunsuz həbsinə son qoyulana qədər aclığı davam etdirməkdə israrlı olduğunu deyib.

Vəkillər Fazil Qasımovun ev dustaqlığına buraxılması üçün son aylarda bir neçə dəfə məhkəməyə müraciət etsələr də, vəsatətləri təmin olunmayıb.

Fazil Qasımov may ayında müxtəlif dövlət orqanlarına, o cümlədən Baş prokuror Kamran Əliyevə, Ombudsman Səbinə Əliyevaya, Türkiyə Böyük Millət Məclisinə ünvanladığı məktublarında dözülməz işgəncələrə, ağlasığmaz rəftara məruz qaldığını açıqlayıb.

Təqsirləndirilən alimin sözlərinə görə, Qubad İbadoğlunun əleyhinə ifadə almaq üçün Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“bandotdel”) saatlarla döyülməsi, bədəninə elektroşok verilməsindən tutmuş, başının unitaza salınmasına qədər müxtəlif formada  işgəncələrə məruz qalıb. O, psixoloji və fiziki təzyiqlər altında ifadə verdiyini vurğulayaraq, onlardan imtina etdiyini açıqlayıb.

12 il Türkiyədə yaşadığını və İstanbul Universitetinin doktorantı olduğunu xatırladan Fazil Qasımov heç bir cinayət törətmədiyi, əleyhinə sübut-dəlil olmadığı halda, saxlanılaraq Azərbaycana təhvil verilməsini də ədalətsizlik sayır.

Fazil Qasımovla eyni cinayət işi üzrə təqsirləndirilən professor Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, həmin gün ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.

Qubad İbadoğlunun həbsindən az sonra – avqustun 8-də Fazil Qasımov Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib. Ona da eyni maddə ilə ittiham verilib.

Avqustun 25-də Qubad İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Qubad İbadoğlu həm də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri idi. O, aprelin 22-də həbsdən buraxılıb. Təxminən 20 gün sonra – mayın 14-də partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəzlənib. Onunla bağlı cinayət işi üzrə istintaqın müddəti də avqustun 20-nə qədər artırılıb.

Ana səhifəSiyasətFazil Qasımovun istintaqı yekunlaşıb