“Gəlsin, görək…”
Milli Məclisin üzvü Fazil Musatafaya qarşı silahlı hücumla əlaqədar məhkəmə prosesi başlayıb. Deputata qarşı sui-qəddə ittiham olunan 5 nəfərin – Azər Səricanov, Səbuhi Şirinov, Rəşad Əhmədov, Emin Əliyarov və Elşad Əsgərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Deputatla bağlı cinayət işinin məhkəmə araşdırması Elnur Nuriyevin sədrliyilə, Kamran Muxtarov və Azər Tağıyevdən ibarət hakimlər kollegiyasına həvalə olunub.
Yanvarın 12-də məhkəmənin hazırlıq iclası keçirilib. Zərərçəkmiş qismində tanınan Fazil Mustafa məhkəmədə iştirak etməyib. Təqsirləndirilən şəxslər və müdafiəçiləri məhkəmədə onun da iştirakının təmin olunmasını istəyiblər.
“Onun özünün iştirakını tələb edirik. Gəlsin, görək…”, – təqsirləndirilən şəxslər bildirib.
Hakim bildirib ki, hazırlıq iclası zərərçəkmişin iştirakı olmadan keçirilə bilər. Məhkəmə baxışında zərərçəkmişin iştirakı təmin olunar.
Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah olunub.
Təqsirləndirilən şəxslərdən ikisi – Azər Səricanov və Səbuhi Şirinovun vəkilləri onların barəsində həbs qətimkan tədbirinin dəyişməsi, ev dustaqlığına buraxılmaları barədə vəsatət qaldırıb.
Prokuror buna etiraz edib. Dövlət ittihamçısı Orxan Kəngərli bildirib ki, onlar xüsusilə ağır cinayətdə ittiham olunurlar. Həbsdən buraxılsalar, məhkəmədən yayınmaq, prosesin gedişinə mane olmaq ehtimalı var.
Hakimlər də bu vəsatətləri təmin etməyib.
Deputata qarşı sui-qəsdlə bağlı məhkəmə baxışı yanvarın 22-nə təyin olunub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.
Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. Ona “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açıldığı bildirilir. Hadisə nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağı və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.