Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunaraq 20 il müddətinə həbs edilmiş məhbus Səbuhi Şirinov iyulun 16-dan aclıq aksiyasına başlayıb.
Həyat yoldaşı Xanım Şirinova Meydan TV-yə bildirib ki, Səbuhi Şirinov saxlanma şəraiti və səhhətindəki problemlərlə bağlı həkim müayinəsi və müalicə ilə təmin olunmadığı üçün aclıq aksiyası keçirir.

“Həyat yoldaşım hazırda Umbakı həbsxanasında saxlanılır. Fazil Mustafaya sui-qəsdlə əlaqədar saxlanıldığı gün işgəncələrə məruz qalıb və buna görə də başında müəyyən ağrılar yaranıb. Qapalı şəraitdə saxlanıldığı üçün ağrıları şiddətlənir. Eyni zamanda da dişi şişib”.
Hadisənin tarixçəsi:
2023-cü il martın 28-də Fazil Mustafaya yaşadığı evin qarşısında silahlı hücum edilib. O, bud və çiyin nahiyəsindən xəsarət alıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.
Məhkəmə qərarına əsasən, təqsirləndirilən Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov 4 il azadlıqdan məhrum edilib.
Xanım Şirinova deyir ki, dəfələrlə həbsxana rəhbərliyinə onun səhhəti ilə bağlı müraciət etsələr də, heç bir rekasiya verilməyib.
“Dəfələrlə həbsxanaya müraciət etmişik ki, səhhəti ilə bağlı həkim müayinəsindən keçsin və müalicə olunsun, amma buna heç bir reaksiya verilmir. Həbsxana rəhbərliyinə də müraciət etmişik ki, siz müalicə etmirsinizsə, özümüz edək. Buna da imkan vermirlər. Ombudsmandan bu gün gedib, cəzaçəkmə müəssisəsində baş çəkəcəklərini bildirdilər”.
Məsələ ilə əlaqədar Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.