Fazil Mustafanın vurulmasına görə ömürlük cəza verildi

Fazil Mustafa. Foto: Meydan TV

 Silahı saxlamaqda ittiham olunan bir nəfər isə 4 il azadlıqdan məhrum edilib

2005-ci ildən Milli Məclisin deputatı olan Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlar haqqında çıxarılmış hökm elan olunub.

Elnur Nuriyevin sədrliyilə, Kamran Muxtarov və Azər Tağıyevdən ibarət hakimlər kollegiyasının çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxslərdən Azər Səricanov ömürlük azadlıqdan məhrum edilib. Digər 4 təqsirləndiriləndən Fazil Mustafaya atəş açmaqda ittiham olunan Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov isə 18 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Səbuhi Şirinov cəzasının ilk 7 ilini, Rəşad Əhmədov və Elşad Əsgərov isə ilk 5 ilini həbsxana rejimində çəkməlidir.

Daha bir təqsirləndirilən – cinayətdə istifadə olunmuş silahı saxlamaqda ittiham olunan Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib.

Polkovnik Əliyarov hökmdən əvvəl son sözündə yaşı, səhhətindəki problemlərin nəzərə alınmasını, ona yüngül cəza verilməsini xahiş edib.

Təqsirləndirilən şəxslər hökmdən apelyasiya məhkəməsinə şikayət verəcək.

Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. O, bud və çiyin nahiyəsindən xəsarət alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.

İttihama əsasən, deputata qarşı sui-qəsd planı İranda müzakirə olunub. Daha sonra bu planın icrası üçün Bakıya 30 min dollar pul göndərilib. Həmin vəsaiti təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov gətirib Azər Səricanova verib. Hadisədən sonra bu puldan da Səbuhi Şirinova verilib.

Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, Fazil Mustafanı dini mövzuda səsləndirdiyi fikirə görə cəzalandırmaq qərarına gəliblər. Lakin onu öldürmək istəməyiblər. Bu səbəbdən də atəş onun həyati əhəmiyyətli orqanlarına yox, çiyin və bud nahiyəsinə açılıb.

Ana səhifəSiyasətFazil Mustafanın vurulmasına görə ömürlük cəza verildi